Bu gün

Cenevrə raundu: Vaşinqton-Tehran xəttində həlledici məqam - TƏHLİL

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və və Ağ Evə yaxın siyasi fiqur Cared Kuşner sabah Cenvrədə İran nümayəndələri ilə yenidən bir araya gələcək. Bu görüş faktiki olaraq, bir neçə həftədir pərdəarxası davam edən intensiv təmasların kulminasiya nöqtəsi kimi qiymətləndirilir və Vaşinqton-Tehran xəttində danışıqların yeni, daha həssas mərhələyə keçdiyini göstərir. Bu raundun əsas məqsədi ya 2015-ci il nüvə razılaşmasının müəyyən modifikasiyalarla bərpası, ya da tamamilə yeni parametrlər üzərində qurulacaq sazişin konturlarının razılaşdırılmasıdır.

Vaşinqtonun mövqeyi iki paralel xətt üzərində qurulub. Birincisi, ABŞ diplomatik kanalı açıq saxlayır, sanksiyaların mərhələli yumşaldılması müqabilində İranın nüvə proqramının məhdudlaşdırılmasına nail olamq istəyir. İkincisi də hərbi təzyiq ehtimalıdlr ki, Ağ Ev daha əvvəl preventiv zərbə ssenarisinin istisna olunmadığını açıq şəkildə müzakirəyə çıxarmışdı. Bu ikili strategiya klassik təzyiq və təşviq modelidir. Lakin risk ondadır ki, hərbi ritorika danışıqlar masasında etimadı zəiflədir və İran daxilində sərt xətt tərəfdarlarının arqumentlərini gücləndirir. Bu arada Ağ Evdən verilən açıqlamada danışıqlarda müəyyən irəliləyişlərin olduğu təsdiqlənsə də, tərəflərin mövqelərinin hələ də ciddi şəkildə fərqləndiyi vurğulanıb. Bu, texniki razılaşmaların mümkünlüyünə baxmayaraq, siyasi qərarın hələ formalaşmadığını göstərir.

İran Prezidenti Məsud Pezeşkian Cenevrədə dolayı təmaslar zamanı qarşılıqlı təklif mübadiləsinin aparıldığını və “həvəsləndirici siqnalların” olduğunu bildirib. Bu ifadə Tehran diplomatiyasının tipik praqmatik ritorikasıdır: qapılar bağlı deyil, lakin əsas şərtlər dəyişməz qalır. İranın əsas tələbləri təhlükəsizlik zəmanətləri, sanksiyaların real və ölçülə bilən ləğvi ilə bağlıdır. Tehran üçün əsas problem etimaddır. Çünki 2018-ci ildə Vaşinqtonun nüvə sazişindən çıxması İran siyasi elitasında “ABŞ ilə razılaşma uzunömürlü deyil” qənaətini möhkəmləndirib.

Donald Tramp administrasiyası üçün İran məsələsi həm təhlükəsizlik, həm də daxili siyasi kapital mövzusudur. Bu səbəbdən açıq hərbi müdaxilə olmadan regional təzyiq mexanizmlərinin saxlanılması, paralel olaraq diplomatik nəticəyə nail olmaqla bağlı ssenarilər real görünür. Əgər İran-ABŞ xəttində mümkün razılaşma əldə olunarsa bu, xeyli dərəcədə, xüsusilə İsrail-İran qarşıdurması kontekstində
Yaxın Şərqdə gərginliyi azalda, enerji bazarlarında sabitlik yarada, sanksiyaların yumşaldılması ilə İran neftinin bazara qayıdışı sürətlənə bilər. Lakin danışıqların ən çətin düyünü ABŞ administrasiyasının gələcək prezidentlər adından zəmanət verə bilməməsidir. ABŞ Konqresinin təsdiqi olmadan bağlanacaq saziş hər zaman siyasi risk daşıyır. İran isə məhz bu zəmanəti tələb edir. Beləliklə, tərəflər arasında əsas məsələ texniki deyil, siyasi etimad və institusional davamlılıq problemidir. Beləliklə, Cenevrə görüşü dönüş nöqtəsi ola bilər, lakin yekun nöqtə deyil. Mövcud siqnallar göstərir ki, tərəflər razılaşma istəyir, amma maksimalist mövqelər hələ tam yumşalmayıb. Əgər kompromis formulu tapılarsa, bu, yalnız nüvə proqramı üzrə razılaşma olmayacaq, eyni zamanda Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturasının başlanğıcı ola bilər. Əks halda, diplomatik pəncərə bağlanmasa belə, daralacaq və region daha təhlükəli mərhələyə daxil olacaq.

MTM Analitik Qrupu

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?