Rubinyanın mesajlarında sülhün anatomiyası - ŞƏRH

2020-ci il müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi mənzərə uzun müddətdən sonra Ermənistan rəhbərliyi tərəfindən reallıq kimi qəbul edilməyə başlayıb. Bunu son dövrlər erməni rəsmilərin verdiyi açıqlamalar da sübut edir. Artıq hakim komanda uzun illər ərzində formalaşmış stereotiplərdən uzaqlaşaraq daha praqmatik və rasional yanaşma sərgiləməyə başlayıb. İrəvan üçün yaranmış yeni reallıq əvvəlki status-kvonun geri dönməz şəkildə aradan qalxması deməkdir. Paşinyan başda olmaqla, hakimiyyətin böyük əksəriyyəti dərk edir ki, əvvəlki revanşist və maksimalist yanaşma regionun gələcəyini təhdid edir, təhlükəsizlik və iqtisadi inkişafın qarşısını alır. Azərbaycanın irəli sürdüyü ədalətli sülh və əməkdaşlıq prinsipləri məhz regionun təhlükəsizlik və inkişafının arxitekturasını təşkil edir. Bu səbəbdən də Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyanın açıqlamaları rəsmi İrəvanın regional təcrid vəziyyətindən çıxmaq üçün sistemli şəkildə yeni siyasi xətt formalaşdırdığını göstərir. Bu bəyanat göstərir ki, iki dövlət arasındakı münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası, kommunikasiya xətlərinin açılması kimi fundamental prinsiplər ümumi Cənubi Qafqazda sülh və stabilliyə xidmət edir. Bu reallıq artıq Ermənistanda da dərk edilib.
Rubinyanın iki ölkə arasındakı prosesi müsbət dinamika kimi qiymətləndirməsi bir sıra mətləblərdən xəbər verir. Bu həm də o deməkdir ki, Ermənistan Bakının irəli sürdüyü beş baza prinsipinə mərhələli şəkildə uyğunlaşır. Amma hələ də Ermənistanın Konstitusiyasına edilməli olan dəyişiklik hələ də gündəmdədir və bu, sülhə gedən yolda ən böyük əngəllərdən biridir.
Eyni zamanda, sülh müqaviləsi mətninin razılaşdırılması istiqamətində əldə olunan irəliləyişlər göstərir ki, Ermənistan üçün üçüncü tərəflərin qeyri-müəyyən vədlərindən daha çox birbaşa Bakı ilə əldə olunacaq hüquqi razılaşma prioritetə çevrilib. Bu, Ermənistanın təhlükəsizlik konsepsiyasında transformasiya əlamətidir. Rubenyanın nikbin tonlu açıqlamaları isə onu göstərir ki, İrəvan bu prosesi artıq yalnız diplomatik kompromis kimi deyil, dövlətçiliyin uzunmüddətli təminatı üçün strateji sığorta mexanizmi kimi görür.
Rubinyan eyni zamanda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesində də birbaşa iştirak edir və rəsmi İrəvan bu xətti Azərbaycanla sülh danışıqlarından ayrı təqdim etməyə çalışsa da, rəsmi Ankara dəfələrlə belə bir şeyin mümkün olmadığını bildirib. Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ankara-İrəvan münasibətləri Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalaması və münasibətləri normallaşdırmasından birbaşa asılıdır və əlaqəlidir. Türkiyə açıq şəkildə bəyan edib ki, Azərbaycanla davamlı sülh əldə olunmadan Ermənistanla tam normallaşma mümkün deyil. Bu mövqe regional koordinasiyanın mövcudluğunu təsdiqləyir. Rubenyanın “Ermənistan-Türkiyə normallaşması sülh prosesinə impuls verir” tezisi isə əslində bu reallığın diplomatik ifadə formasıdır. Çünki erməni hakimiyyəti anlayır ki, Türkiyə ilə sərhədlərin açılması təkcə qarşılıqlı ticarət və iqtisadi dividentlər demək deyil. Bu eyni zamanda regionun ən böyük iqtisadi və hərbi gücü ilə birbaşa münasibətlər qurmaqla yanaşı, tranzit və logistika layihələrində iştirak etmək də deməkdir. Bu yolla Ermənistan geosiyasi blokadadan çıxa bilər. Hava məkanının açılması, xüsusi nümayəndələrin görüşləri və sərhəd infrastrukturunun texniki müzakirələri Ermənistanın regional inteqrasiya modelinə keçmək niyyətinin praktiki addımlarıdır. Bu addımlar İrəvanın özünü qapalı və təcrid olunmuş aktor deyil, regional iqtisadi zəncirin funksional halqası kimi görmək istədiyini göstərir.
Ermənistan artıq dərk edir ki, mövcud problemlərin yeganə həlli yolu qonşularla xoş münasibətlər qurmaq, regional əməkdaşlıq platformalarına inteqrasiyadan keçir. Bunun üçün isə ən əsas məsələ Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq, mehriban qonşuluq prinsipinə əməl etmək, saxta və revanşist iddialardan birdəfəlik əl çəkmək lazımdır. Ermənistan anlayır ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən bu coğrafiyada tranzit imkanlarından kənarda qalmaq strateji itki deməkdir.
Kommunikasiyaların açılması isə Ermənistan üçün uzun illər davam edən özünütəcrid və qapalılıq dövrünün başa çatması deməkdir. Bu isə öz növbəsində iqtisadi aktivliyin artmasına, investisiya axınına və sosial sabitliyin möhkəmlənməsinə səbəb ola bilər. Məhz bu səbəbdən də daxildə siyasi gərginlik və seçki perspektivləri fonunda kommunikasiyaların açılması və sülh müqaviləsi ilə bağlı müsbət ritorikanın güclənməsi həm daxili, həm də xarici auditoriyaya yönəlmiş strateji kommunikasiya elementidir. Hakimiyyət üçün əsas məsələ ictimaiyyətə təhlükəsizlik və rifah perspektivi təqdim etməkdir. Rubinyanın kommunikasiyalarla bağlı “müsbət hal” vurğusu yalnız diplomatik optimizm deyil, həm də daxili legitimlik strategiyasının tərkib hissəsidir. Bu baxımdan verilən bəyanatlar həm siyasi dividendlər qazanmağa, həm də regionda formalaşmış yeni güc balansını qəbul edən praqmatik xəttin davamlı olduğunu göstərməyə xidmət edir.
Beləliklə, Ermənistan üçün seçim artıq geosiyasi ambisiyalar ilə regional reallıq arasında deyil, təcrid və inteqrasiya arasındadır. Mövcud şərait göstərir ki, davamlı sülh, açıq kommunikasiyalar və qarşılıqlı suverenliyin tanınması regionun sabit və proqnozlaşdırıla bilən gələcəyi üçün yeganə rasional istiqamətdir. Bu baxımdan, praqmatik yanaşma yalnız diplomatik taktika deyil, Cənubi Qafqazın yeni siyasi arxitekturasında mövqe tutmaq üçün strateji zərurətdir.
Hikmət Həsənov