Azərbaycan–İran əməkdaşlığının regiona təsiri - TƏHLİL

Fevralın 23-də Bakıda Azərbaycan–İran Hökumətlərarası Birgə Komissiyasının 17-ci iclası keçirilib. Bununla yanaşı, Prezident İlham Əliyev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu görüşlər iki ölkə münasibətlərində yeni mərhələnin – praqmatik və strateji realizm dövrünün başlanğıcı kimi qiymətləndirilə bilər. Müzakirə olunan mövzular Cənubi Qafqazın nəqliyyat, enerji və təhlükəsizlik arxitekturasını yenidən formalaşdırır və uzun illər gündəmdə olan layihələrin artıq icra mərhələsinə keçdiyini göstərir.
Azərbaycan–İran münasibətləri ortaq tarix, mədəniyyət və dini bağlar üzərində qurulub. Görüş zamanı bu amilin xüsusi vurğulanması tərəflərin ikitərəfli əlaqələri üçüncü tərəflərin təsirindən kənar saxlamaq niyyətini açıq şəkildə nümayiş etdirdiyini göstərir. Prezident İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırlatması isə Tehranın yeni siyasi rəhbərliyinin Bakı ilə dialoqu prioritet istiqamət kimi qəbul etdiyini göstərən mühüm siqnaldır. Bu kontekstdə son illərdə müşahidə olunan gərginliklərin arxa plana keçdiyi, qarşılıqlı etimadın bərpa olunduğu və tərəflərin bir-birini regional təhlükəsizliyin ayrılmaz elementi kimi qiymətləndirdiyi qənaətinə gəlmək mümkündür.
Görüşlərin əsas istiqamətlərindən biri regionun nəqliyyat arxitekturası olub. Məlum olub ki, Araz çayı üzərində inşa edilən Ağbənd–Kəlalə körpüsünün tikintisi başa çatdırılıb. Bu körpü Şərqi Zəngəzuru Naxçıvanla birləşdirən alternativ marşrutun praktik reallığa çevrilməsi deməkdir. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü logistika baxımından təmin edən işlək infrastruktur əldə edir. Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması prosesi gecikərsə, Bakı artıq alternativ və funksional nəqliyyat xəttinə malikdir. Bu isə Azərbaycanın regional danışıqlarda manevr imkanlarını əhəmiyyətli dərəcədə artırır.
Eyni zamanda, Fars körfəzi–Qara dəniz marşrutu layihəsinin gündəmə gətirilməsi əməkdaşlığın miqyasını Cənubi Qafqaz çərçivəsindən çıxararaq qlobal logistika sisteminə bağlayır. İranın cənub limanlarından çıxan yüklərin Azərbaycan üzərindən Gürcüstanın Qara dəniz limanlarına və oradan Avropaya daşınması alternativ beynəlxalq ticarət marşrutu formalaşdırır. Bu xətt Süveyş kanalı ilə rəqabət aparmaq potensialına malikdir və Azərbaycanın qlobal tranzit zəncirində mövqeyini daha da gücləndirir. Əgər Süveyş kanalı vasitəsilə yüklər 45–60 günə daşınırsa, yeni dəhlizlə bu müddətin təxminən 20–25 günə enməsi mümkündür. Qloballaşan və vaxtın strateji resursa çevrildiyi bir dövrdə bu üstünlük həm Avropa, həm də Rusiya istiqamətində daşınmalar üçün böyük əhəmiyyət daşıyır.
Şimal–Cənub nəqliyyat dəhlizinin əsas həlqələrindən olan Rəşt–Astara dəmir yolu xəttinin müzakirəsi isə uzunmüddətli iqtisadi və logistika potensialından xəbər verir. Bu xətt istifadəyə verildikdən sonra Hindistandan Rusiya istiqamətində yükdaşımaların həcminin artacağı gözlənilir. Azərbaycan həm Orta Dəhlizin, həm də Şimal–Cənub marşrutlarının kəsişmə nöqtəsində yerləşərək tranzit rüsumları və logistika xidmətləri hesabına ciddi gəlirlər əldə edə bilər. Bu, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması baxımından strateji əhəmiyyət daşıyır.
Enerji və su ehtiyatları sahəsində əməkdaşlıq da mühüm istiqamətlərdəndir. “Xudafərin”, “Qız Qalası” və “Ordubad–Marazad” su elektrik stansiyalarının icra vəziyyətinin müzakirəsi Araz çayının potensialının qarşıdurma mənbəyindən əməkdaşlıq platformasına çevrildiyini göstərir. Xüsusilə “Ordubad–Marazad” layihəsi Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji rol oynayır. Bu cür birgə layihələr sərhədyanı ərazilərin elektrik enerjisi və suvarma suyu ilə təminatında mühüm əhəmiyyət kəsb edir.
İmzalanan Anlaşma Memorandumu əməkdaşlığın yalnız iri infrastruktur layihələri ilə məhdudlaşmadığını nümayiş etdirir. Ticarət, sənaye, turizm və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi xalqlar arasında münasibətlərin istiləşməsinə zəmin yaradır. Birgə sənaye müəssisələrinin yaradılması, o cümlədən avtomobil yığımı və aqrar sənaye sahəsində əməkdaşlıq perspektivləri iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir.
Bütün bu proseslərin fonunda regional təhlükəsizlik məsələsi xüsusi əhəmiyyət kəsb edir. “Regional problemləri region ölkələri həll etməlidir” prinsipinin praktik tətbiqi kimi qiymətləndirilə bilən bu model, Cənubi Qafqazda kənar güclərin geosiyasi rəqabət meydanı yaratmaq cəhdlərinə qarşı iqtisadi inteqrasiya ilə cavab vermək strategiyasını əks etdirir. Bakı görüşü yalnız iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidi deyil, həm də regionun gələcək geosiyasi və iqtisadi xəritəsinin konturlarını müəyyənləşdirən mühüm hadisə kimi dəyərləndirilə bilər.
Hikmət Həsənov