Cənubi Qafqazın yeni geosiyasi arxitekturası: TRIPP layihəsi və Avropanın strateji seçimi - ŞƏRH

Cənubi Qafqazın nəqliyyat və logistika xəritəsi yenidən cızılır. Bu prosesin müasir siyasi təməlləri 8 Avqust Vaşinqton Bəyannaməsi ilə atıldı. Həmin sənəd regionda kommunikasiyaların açılmasını sadəcə iqtisadi zərurət deyil, həm də sülhün geri dönməzliyini təmin edən əsas təhlükəsizlik elementi kimi təsbit etdi. Bu kontekstdə, Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kosun Münhen Təhlükəsizlik Konfransındakı bəyanatı Avropanın bu prosesdəki "oyunçu" statusunu rəsmiləşdirir. TRIPP layihəsi artıq lokal bir təşəbbüs deyil, Vaşinqtonun dəstəklədiyi və Avropanın strateji maraqları ilə üst-üstə düşən qlobal bir dəhlizə çevrilməkdədir. Aİ üçün bu layihə, Rusiyadan asılılığı minimuma endirən və Orta Asiya resurslarına birbaşa çıxış imkanı yaradan ən etibarlı "orta xətt" rolunu oynayır.
Marta Kosun vurğuladığı "layihənin yalnız bir hissəsini həyata keçirməyin mənası yoxdur" tezisi, Avropanın logistikaya baxış bucağının köklü dəyişdiyini göstərir. Keçmişdə tətbiq edilən fraqmentar yanaşma, yəni ayrı-ayrı seqmentlərin müstəqil inşası artıq effektiv sayılmır; indi tələb olunan tammetrajlı multimodal inteqrasiyadır. Bu o deməkdir ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana, oradan isə Türkiyə vasitəsilə Avropaya uzanan dəmir yolu xətti vahid bir hüquqi, texniki və tarif sisteminə malik olmalıdır. Avropa bu məsələdə beynəlxalq maliyyə institutlarını, xüsusilə Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankını prosesə cəlb etməklə, layihənin iqtisadi dayanıqlılığını sığortalamaq niyyətindədir. Genişmiqyaslı yanaşma həm də o deməkdir ki, bu yol sadəcə yük qatarlarının keçdiyi xətt deyil, həm də fiber-optik kabellərin, rəqəmsal infrastrukturun və "yaşıl enerji" ixracının əsas magistralı kimi dizayn edilir.
Layihənin ən həssas və strateji nöqtəsi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolu bağlantısıdır. Kosun Aİ-nin bu hissənin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasında iştirakını xüsusi qeyd etməsi Avropanın birbaşa "sahəyə enməsi" kimi qiymətləndirilməlidir. İqtisadi baxımdan bu bağlantı Orta Dəhlizin ötürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə artırmağa qadirdir. Siyasi müstəvidə isə Aİ-nin bu layihədə ekspert və donor kimi iştirakı, Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılması prosesinə beynəlxalq legitimlik qazandırır. Bu addım həm də regiondakı digər güclərin rəqib layihələri qarşısında Qərbin alternativ və daha müasir texnoloji təklifi kimi çıxış edir.
TRIPP layihəsinin uğuru, eyni zamanda Ankara ilə sıx koordinasiyadan asılıdır. Kosun "Türkiyə ilə dialoq" vurğusu, Brüsselin Türkiyəni artıq sadəcə namizəd ölkə deyil, həm də qlobal logistik hab kimi qəbul etdiyinin etirafıdır. Türkiyənin dəmir yolu şəbəkəsinin, xüsusilə Bakı-Tbilisi-Qars və perspektivdə Naxçıvan-İğdır-Qars xəttinin Avropa şəbəkələrinə tam inteqrasiyası Avrasiya ticarətində inqilabi dəyişiklik vəd edir. Bu dialoq həm də Aİ-Türkiyə münasibətlərindəki mövcud siyasi gərginliyi iqtisadi praqmatizm müstəvisinə keçirmək üçün unikal fürsətdir. Türkiyə bu nəhəng zəncirin həm fiziki, həm də siyasi dayaq nöqtəsi hesab olunur.
Yekun etibarilə demək olar ki, TRIPP layihəsi Azərbaycan üçün təkcə Naxçıvanla birbaşa quru əlaqəsi deyil, həm də ölkənin qlobal tranzit mərkəzi statusunun beynəlxalq səviyyədə təsdiqlənməsidir. Marta Kosun bu bəyanatları göstərir ki, Qərb artıq Cənubi Qafqaza münasibətdə "izləyici" mövqeyindən "aktiv iştirakçı" və "maliyyələşdirən" tərəfə çevrilir. Əgər layihə qeyd olunan bütöv konsepsiya çərçivəsində həyata keçirilərsə, bu, regionda hərbi ritorikanı real iqtisadi inteqrasiya və qarşılıqlı mənfəət strategiyası ilə əvəz edəcək.
Hikmət Həsənov