Bu gün

Sülh Şurasında diplomatik təmas - Bakının birbaşa dialoq strategiyası qalib gəlir - MƏQALƏ

Azərbaycan Prezidenti İlham Əliyevin Sülh Şurasında iştirakı ölkəmizin qlobal siyasi nizamda artan nüfuzunun və strateji çəkisinin bariz göstəricisidir. Bu iştirak təkcə regional məsələlərdə deyil, həm də dünya miqyasında qərar qəbuletmə proseslərində Azərbaycanın söz sahibi olduğunu bir daha təsdiqləyir. Bakının beynəlxalq platformalarda sərgilədiyi qətiyyətli mövqe Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə həm hərbi, həm də diplomatik güc mərkəzi kimi qəbul edildiyini nümayiş etdirir.

Sülh Şurası kimi mötəbər tədbirlərdə Prezident İlham Əliyevlə Nikol Paşinyanın bir araya gəlməsi, rəsmi masa arxasındakı protokollardan kənar, iki ölkə arasında "buzların əriməsi" ehtimalını yenidən gündəmə gətirir. Belə beynəlxalq platformalar tərəflərin bir-birinə vasitəçisiz, birbaşa mesaj verməsi üçün unikal və əlverişli mühit yaradır. Bu cür təmaslar rəsmi danışıqların texniki çərçivəsindən çıxaraq, tərəflər arasında daha səmimi və nəticəyə yönəlmiş dialoqun qurulmasına xidmət edir.

Görüşün detalları tam rəsmi şəkildə açıqlanmasa da, müzakirələrin mərkəzində dayanan fundamental mövzuları təxmin etmək çətin deyil. İlk növbədə, sülh müqaviləsinin mətnində qalan son bəndlərin razılaşdırılması prioritet təşkil edir. Bununla yanaşı, artıq müəyyən irəliləyişlərin əldə olunduğu sərhədlərin delimitasiyası prosesinin detalları və regionun iqtisadi gələcəyi üçün həyati əhəmiyyət kəsb edən kommunikasiyaların, xüsusilə nəqliyyat yollarının açılması məsələsinin müzakirə edildiyini ehtimal etmək olar.

Eyni zamanda bu görüşü sülh müqaviləsinə doğru atılan mühüm bir "psixoloji addım" kimi qiymətləndmək olar. Vasitəçilərin, istər Aİ, istərsə də ABŞ və Rusiyanın iştirakı olmadan liderlərin birbaşa söhbət etməsi tərəflər arasında müəyyən bir etimad mühitinin yarandığından xəbər verir. Bu, həm də Azərbaycanın uzun müddətdir təklif etdiyi "birbaşa dialoq" formatının effektivliyini sübut edir. Belə bir yanaşma kənar qüvvələrin regiona süni müdaxiləsini və təsirini minimuma endirmək baxımından strateji əhəmiyyətə malikdir.

Nəticə etibarilə, bu söhbət regionun gələcəyi üçün real bir "sülhün anonsu" kimi dəyərləndirilə bilər. Uzun illər davam edən münaqişədən sonra iki ölkə rəhbərinin üçüncü tərəflərin diktəsi olmadan dil tapması Cənubi Qafqazda yeni bir dövrün başlandığına işarədir.

Bu diplomatik təmas sübut etdi ki, regionun taleyi artıq uzaq paytaxtlarda deyil, məhz Bakı və İrəvan arasında qurulan birbaşa körpülər vasitəsilə həll olunma mərhələsinə qədəm qoyub. Azərbaycanın diktə etdiyi "vasitəçisiz sülh" modeli işləkdir və bu, yaxın gələcəkdə regionda davamlı sabitliyin bərqərar olması üçün ən qısa yoldur.

Hikmət Həsənov

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?