Vaşinqton dilemma qarşısında: zərbə, yoxsa siyasi təzyiq? - TƏHLİL

Amerika Birləşmiş Ştatlarının 2003-cü ildə İraqa müdaxiləsindən sonra Yaxın Şərqdə ən iri aviasiya qüvvələrini cəmləşdirməsi barədə beynəlxalq mətbuatın yaydığı məlumatlar regionda yeni və təhlükəli mərhələnin başlaya biləcəyinə işarədir. Məlumata görə, Amerika bölgəyə F-22 Raptor və F-35 Lightning qırıcılarını, əlavə olaraq ikinci təyyarədaşıyan gəmini və havada komanda-idarəetmə funksiyası daşıyan təyyarələri göndərir. Bu isə adi rotasiya və ya “profilaktik mövqe gücləndirməsi” deyil, potensial hücum üçün operativ platformanın qurulmasıdır.
Vaşinqtonun son addımları iki amillə əlaqələndirilə bilər. Birincisi, bu, klassik hədə strategiyasıdır. Vaşinqton İrana siqnal göndərərək onu nüvə proqramı və regional fəaliyyətlər məsələsində geri çəkilməyə məcbur etməyə çalışır. İkincisi amil isə real əməliyyat hazırlığına əsaslanır ki, bu, bir neçə həftə içində genişmiqyaslı zərbə endirmək qabiliyyətinin yaradılmasına hesablanıb. Burada əsas məqam texniki üstünlükdür. F-22 və F-35 kimi beşinci nəsil qırıcıların bölgəyə göndərilməsi İranın hava hücumundan müdafiə sistemlərini neytrallaşdırmaq və dərinlikdə yerləşən obyektlərə zərbə endirmək planının mümkünlüyünü göstərir. Təyyarədaşıyan gəminin iştirakı isə əməliyyatın davamlılığını təmin edir, həm hava zərbələri, həm də kəşfiyyat və elektron müharibə imkanları genişlənir. Ancaq görünür, Prezident Donald Tramp hələ yekun qərar verməyib. Bu isə göstərir ki, hərbi mexanizm hazır vəziyyətə gətirilsə də, siyasi qərar mexanizmi hələ balans axtarışındadır.
Paralel olaraq, İsrail də ABŞ-la sıx koordinasiyada geniş hazırlıq tədbirləri görür. İsrail mediası yazır ki, rəsmi Təl-Əviv istər ABŞ-ın birbaşa hücumunda iştirak etsin, istər etməsin, İranın mümkün cavab zərbəsini real ssenari kimi qəbul edir. Baş nazir Binyamin Netanyahu ilə qapalı görüşlərdə İranın raket hücumu ehtimalının müzakirə olunması iki mühüm məqamı üzə çıxarır. Birincisi, İsrail hücumun regionda məhdud qalmayacağını anlayır, ikinicisi, İranın proksi qüvvələri vasitəsilə çoxcəhətli cavab ehtimalı nəzərdən keçirilir. Bu baxımdan arxa cəbhə komandanlığının tövsiyələri hələ sərtləşdirməməsi isə iki cür yozula bilər: ya təhlükə hələ operativ deyil, ya da onlar ictimai təşvişin qarşısı almaq istəyirlər.
Amerika mediası onu da xəbər verir ki, ABŞ administrasiyası həftəsonu zərbə imkanını nəzərdən keçirir, lakin eskalasiya risklərini qiymətləndirir. Bu risklər əsasən İranın İsrailə və ya ABŞ bazalarına cavab zərbəsi endirməsindən, Hörmüz boğazında yaranacaq gərginliyin enerji bazarlarına şok təsir göstərməsindən, Livan, Suriya, İraq və Yəməndəki proksi qüvvələrin aktivləşməsindən və ABŞ ictimai rəyindəki çalxantılardan ibarətdir. Tramp administrasiyası üçün əsas sual ondan ibarətdir ki, görəsən, məhdud hava zərbəsi İranın nüvə proqramını dayandıracaqmı, yoxsa əksinə, Tehranı daha radikal addımlara sövq edəcək? Əgər hərbi eskolasiya baş verərsə İranın cavabı birbaşa və ya dolayı ola bilər. Bu ssenariyə bir qədər Amerikanın narahat olduğu risklər daxildir. Lakin Tehran narahatdır ki, ABŞ-ın hava üstünlüyü İranın hərbi infrastrukturuna ciddi zərər vura bilər.
2003-cü ildə İraqa müdaxilə ABŞ üçün qısa müddətli hərbi qələbə, lakin uzunmüddətli strateji çətinliklər gətirdi. İndi isə Vaşinqton daha ehtiyatlı davranmağa çalışır. Hərbi üstünlük açıqdır, lakin siyasi nəticələrin idarə olunması sual altındadır. Əgər zərbə endirilərsə, bu, yalnız İran-ABŞ qarşıdurması olmayacaq. Bu, Yaxın Şərqin yeni təhlükəsizlik arxitekturasını formalaşdıracaq və qlobal enerji, maliyyə və diplomatik balanslara təsir göstərəcək. Hazırkı mərhələ müharibə qərarı mərhələsi deyil, müharibəyə hazır olma mərhələsidir. ABŞ hərbi alətləri masaya qoyub, İsrail müdafiə mövqeyini gücləndirib, İran isə cavab variantlarını hesablayır. Yaxın günlərdə veriləcək qərar təkcə regionun deyil, qlobal nizamın da istiqamətini müəyyən edə bilər.
MTM Analitik Qrupu