Yeni qlobal platforma: Bakı təsir dairəsini genişləndirir - ŞƏRH

Beynəlxalq Sülh Şurasının bu gün Vaşinqtonda keçiriləcək ilk iclası qlobal siyasətdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan bu qurum qısa müddətdə beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
ABŞ liderinin Şuranın gələcəkdə beynəlxalq təşkilata çevrilə biləcəyi barədə açıqlamaları isə təşəbbüsün müvəqqəti deyil, davamlı və institusional xarakter daşıyacağını göstərir. Bu yanaşma beynəlxalq münasibətlər sistemində struktur dəyişikliklərinin qaçılmaz olduğunu nümayiş etdirir.
İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq hüquq sistemi və təhlükəsizlik arxitekturası son onilliklərdə ciddi sınaqlarla üzləşib. Xüsusilə qlobal güc balansının dəyişməsi və regional münaqişələrin artması mövcud institutların effektivliyini sual altına alıb.
Birləşmiş Millətlər Təşkilatının yaradılmasından 80 ildən artıq vaxt keçməsinə baxmayaraq, qurumun qərarlarının icrası mexanizmləri müasir çağırışlara tam cavab vermir. Beynəlxalq ekspert dairələri çoxtərəfli institutların qərarlarının praktik icra imkanlarının zəiflədiyini və daha çevik platformalara ehtiyac yarandığını vurğulayırlar.
Şuranın ilk iclasında Qəzza ilə bağlı humanitar və bərpa məsələlərinin əsas müzakirə mövzusu olacağı bildirilir. Bununla yanaşı, təşəbbüs bəzi Avropa ölkələrində birmənalı qarşılanmayıb. Məsələn, İtaliyada hökumətin iclasa müşahidəçi qismində qatılmaq planı daxili siyasi müzakirələrə səbəb olub. Müxalif qüvvələr yeni qurumun mövcud qlobal institutlara alternativ kimi çıxış edə biləcəyindən narahat olduqlarını bildirirlər.
Bununla belə, beynəlxalq münasibətlər tarixində yeni formatlı təşkilatların ilkin mərhələdə mübahisələrlə qarşılanması adi haldır. Əsas məsələ təşəbbüsün praktik effektivliyini sübut edə bilməsidir.
Bugünkü reallıqda təhlükəsizlik anlayışı yalnız hərbi amillə məhdudlaşmır. İqtisadi davamlılıq, enerji marşrutlarının təhlükəsizliyi, humanitar əməkdaşlıq və rəqəmsal risklərin idarə olunması qlobal sabitliyin ayrılmaz komponentlərinə çevrilib.
Sülh Şurasının elan olunan məqsədləri – münaqişələrin qarşısının alınması, dialoqun təşviqi və humanitar əməkdaşlığın gücləndirilməsi – məhz bu çoxşaxəli təhlükəsizlik modelinə əsaslanır.
Azərbaycan təşəbbüsə ilk gündən dəstək verən və quruma üzvlüyü qəbul edən ölkələr sırasında yer alır. Prezident İlham Əliyevin Vaşinqtondakı ilk iclasa dəvət olunması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun göstəricisidir.
Rəsmi Bakı Şuranın beynəlxalq təşkilata çevrilməsi ideyasını qlobal idarəetmədə zəruri yenilənmə kimi qiymətləndirir. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, həm Qərb, həm də Şərq istiqamətli əməkdaşlıq platformalarında fəal iştirakı onun etibarlı tərəfdaş kimi qəbulunu gücləndirib.
Prezident İlham Əliyev uzun illərdir beynəlxalq tribunalarda qlobal idarəetmə sistemində islahatların vacibliyini vurğulayır. Bu baxımdan Sülh Şurasının təşəbbüsü həmin çağırışların praktik müstəvidə təzahürü kimi dəyərləndirilə bilər.
Sülh Şurasının ilk iclası yalnız təşkilati xarakter daşımır, həm də mühüm siyasi mesajlar verir. ABŞ Administrasiyası bununla mövcud qlobal sistemin modernləşdirilməsinə ehtiyac olduğunu diqqətə çatdırır.
Yeni dünya nizamının formalaşdığı mərhələdə Azərbaycan qlobal dəyişikliklərin fəal iştirakçısı kimi çıxış edir. Vaşinqtonun Azərbaycanın roluna verdiyi önəm isə ölkəmizin beynəlxalq miqyasda artan siyasi çəkisinin və diplomatik nüfuzunun göstəricisi kimi qiymətləndirilir.
MTM Analitik Qrupu