Bu gün

Bakı ilə Əbu-Dabi arasında yeni güc mərkəzi yaranır - TƏHLİL

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında diplomatik münasibətlərin əsası 1992-ci ilin sentyabrında qoyulub. BƏƏ Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələr quran ilk ölkələrdən biridir. Zaman keçdikcə bu münasibətlər ortaq dini və mədəni irsə əsaslanan, qarşılıqlı hörmət və etimada söykənən tərəfdaşlığa çevrilib. Təsadüfi deyil ki, hər iki dövlət beynəlxalq arenada bir-birinin suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyib.

Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl xarici siyasət və BƏƏ rəhbərliyinin Cənubi Qafqaz regionuna artan strateji marağı nəticəsində 2024-cü ildə münasibətlər “Strateji Tərəfdaşlıq” səviyyəsinə yüksəldilib. Hazırda Bakı ilə Əbu-Dabi arasında siyasi dialoq iqtisadi əməkdaşlığın bütün istiqamətləri üçün möhkəm və şəffaf platforma rolunu oynayır.

İqtisadi əməkdaşlıqda mühüm mərhələ 2025-ci ilin iyul ayında qüvvəyə minmiş Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) olub. Bu saziş iki ölkə arasında ticarətin liberallaşdırılmasını nəzərdə tutur və qeyri-neft sektoru üzrə məhsulların 90 faizindən çoxuna tətbiq edilən gömrük rüsumlarının ləğvini təmin edir. Analitik baxımdan CEPA yalnız ticarət sənədi deyil, həm də Azərbaycanın kənd təsərrüfatı və sənaye məhsullarının Körfəz regionuna çıxışı üçün strateji imkan yaradan mexanizmdir. Proqnozlara görə, sazişin tətbiqi nəticəsində 2031-ci ilə qədər Azərbaycan iqtisadiyyatına yüz milyonlarla dollar əlavə gəlir daxil ola bilər və qeyri-neft ixracında BƏƏ-nin payı əhəmiyyətli dərəcədə artacaq.

Enerji sektoru tərəfdaşlığın ən dinamik və perspektivli istiqamətlərindən biridir. Azərbaycanın ənənəvi enerji resursları ilə BƏƏ-nin maliyyə imkanları və innovativ texnologiyaları arasında sinerji formalaşıb. BƏƏ-nin “Masdar” şirkəti tərəfindən inşa edilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası bərpaolunan enerji sahəsində mühüm layihədir. Bununla yanaşı, BƏƏ-nin milli neft şirkəti ADNOC-un “Abşeron” qaz yatağına və “Cənub Qaz Dəhlizi” layihəsinə qoşulması əməkdaşlığın yalnız “yaşıl enerji” ilə məhdudlaşmadığını göstərir. Bu tərəfdaşlıq Azərbaycanın regionda bərpaolunan enerji mərkəzinə çevrilməsinə töhfə verir, BƏƏ üçün isə Avropa enerji bazarında mövqelərini gücləndirmək imkanı yaradır.

Kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq son dövrdə prioritet istiqamətlərdən birinə çevrilib. Bakıda keçirilən nazirlər səviyyəsində görüşlər BƏƏ-nin Azərbaycanı uzunmüddətli qida təhlükəsizliyi strategiyasında mühüm tərəfdaş kimi gördüyünü göstərir. Burada yalnız kənd təsərrüfatı məhsullarının ixracı deyil, həm də “ağıllı kənd təsərrüfatı” texnologiyalarının tətbiqi müzakirə olunur. Rəqəmsal suvarma sistemləri, süni intellekt əsaslı məhsuldarlıq təhlili və iqlimə davamlı toxumçuluq sahəsində əməkdaşlıq Azərbaycanın aqrar sektorunda məhsuldarlığın artmasına xidmət edə bilər. Birgə investisiya fondlarının yaradılması və işçi qruplarının fəaliyyəti “Made in Azerbaijan” məhsullarının BƏƏ bazarı vasitəsilə Yaxın Şərq və Afrika regionlarına çıxışı üçün əlavə imkanlar yaradır.

Nəticə etibarilə, Azərbaycan və BƏƏ arasındakı münasibətlər iki ölkə çərçivəsini aşaraq daha geniş regional və qlobal əməkdaşlıq modelinə çevrilir. Şimal–Cənub və Şərq–Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanla qlobal maliyyə imkanlarına malik BƏƏ-nin tərəfdaşlığı yeni iqtisadi cazibə mərkəzi formalaşdırır. Logistika, şəhərsalma o cümlədən Bakıdakı “Modon Holding” layihəsi və rəqəmsal iqtisadiyyat sahəsində atılan addımlar əməkdaşlığın çoxşaxəli xarakterini təsdiqləyir.

Azərbaycanın strateji coğrafi mövqeyi ilə BƏƏ-nin maliyyə və investisiya gücü birləşərək hər iki dövlətin post-neft dövrünə hazırlığını sürətləndirən və regionun iqtisadi xəritəsini yenidən formalaşdıran dayanıqlı tərəfdaşlıq modeli ortaya qoyur.

Hikmət Həsənov 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?