Bu gün

Azərbaycan ÇXR üçün Avropaya açılan körpü rolunu oynayır - ŞƏRH

Azərbaycanla Çin Xalq Respublikası (ÇXR) arasında münasibətlər son illərdə strateji məzmun və miqyas baxımından əhəmiyyətli dərəcədə genişlənib. Beynəlxalq iqtisadi sistemin yeni ticarət və nəqliyyat marşrutları üzərində yenidən formalaşdığı hazırkı mərhələdə Bakı ilə Pekin arasında qurulan strateji tərəfdaşlıq modeli hər iki tərəfin uzunmüddətli maraqlarına cavab verir.

Prezident İlham Əliyevin ÇXR Sədri Si Cinpinə ünvanladığı məktubda qeyd olunduğu kimi, ölkələrimiz arasında möhkəm təməllər üzərində qurulmuş hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Məktubda siyasi dialoqun intensivliyi və qarşılıqlı anlaşmanın əlaqələrin sürətli inkişafına zəmin yaratdığı vurğulanır. Son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlərin artması, hökumətlərarası komissiyaların fəallığı və imzalanan sənədlərin çoxluğu münasibətlərin strateji xarakter aldığını göstərir.

Çin hazırda təkcə iqtisadi nəhəng deyil, həm də qlobal təhlükəsizlik və beynəlxalq idarəetmə mexanizmlərində mühüm aktordur. Pekinin irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsü və Qlobal Təhlükəsizlik Təşəbbüsü inkişaf etməkdə olan ölkələr üçün alternativ əməkdaşlıq platformaları təqdim edir.

Çinin aparıcı analitik mərkəzlərindən olan Çin Müasir Beynəlxalq Münasibətlər İnstitutunun hesabatlarında Cənubi Qafqazın Avrasiya nəqliyyat sistemində artan rolu xüsusi vurğulanır. Ekspertlər qeyd edirlər ki, Orta Dəhliz marşrutu geosiyasi risklərin artdığı şəraitdə Çin üçün daha balanslı və şaxələndirilmiş çıxış imkanları yaradır. Bu kontekstdə Azərbaycan regionun etibarlı tranzit qovşağı kimi təqdim olunur. Bakı ilə strateji tərəfdaşlıq Pekinin Avropa bazarlarına çıxış strategiyasında mühüm halqa hesab edilir.

Prezident İlham Əliyevin 2025-ci ilin aprelində Çinə rəsmi səfəri ikitərəfli münasibətlərdə keyfiyyətcə yeni mərhələ açıb. Səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” əməkdaşlığın institusional əsaslarını möhkəmləndirib. ÇXR Sədri Si Cinpin bu səfəri iki ölkə münasibətlərinin tarixində mühüm hadisə kimi dəyərləndirib. Birgə Bəyanat münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini təsdiqləyib.

Enerji sahəsi iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Çin dünyanın ən böyük enerji istehlakçılarından biri kimi təchizat marşrutlarının şaxələndirilməsinə xüsusi önəm verir. Azərbaycan isə Xəzər hövzəsində etibarlı enerji ixracatçısı kimi tanınır. Neft və qaz sahəsində əməkdaşlıqla yanaşı, tərəflər “yaşıl enerji” istiqamətində də əlaqələri genişləndirmək niyyətindədir. Günəş və külək enerjisi layihələrinə Çin investisiyalarının cəlb olunması, enerji saxlama texnologiyalarının tətbiqi və “ağıllı şəbəkə” sistemlərinin qurulması perspektiv əməkdaşlıq istiqamətlərindəndir. Çin şirkətlərinin bərpa olunan enerji sahəsindəki təcrübəsi Azərbaycanın enerji keçidi strategiyası ilə uzlaşır.

2015 və 2019-cu illərdə Pekində keçirilmiş “Bir kəmər, bir yol” forumlarında Prezident İlham Əliyevin iştirakı Bakı–Pekin nəqliyyat əməkdaşlığının siyasi dəstək aldığını göstərib. Təşəbbüs çərçivəsində Azərbaycan Avropa ilə Çin arasında alternativ və təhlükəsiz marşrut təqdim edir. Bakı–Tbilisi–Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Orta Dəhlizin əsas infrastruktur dayaqları kimi Çindən Avropaya yük daşınma müddətini azaldır və logistika xərclərini optimallaşdırır.

İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıq, xüsusilə Zəngəzur dəhlizinin açılması perspektivi tarixi İpək Yolunun coğrafiyasını genişləndirə bilər. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq Çin–Avropa ticarətində alternativ xətt kimi formalaşır. Pekinin təşəbbüsü ilə reallaşan Çin–Qırğızıstan–Özbəkistan dəmiryolu layihəsi gələcəkdə Mərkəzi Asiya ilə Xəzər hövzəsi arasında yük axınını artıracaq ki, bu da Azərbaycanın tranzit gəlirlərinin və regional əhəmiyyətinin yüksəlməsinə töhfə verəcək.

Siyasi müstəvidə qarşılıqlı etimad münasibətlərin sabitliyini təmin edir. Çin Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləyir. Rəsmi Bakı isə Tayvan, Tibet və “Şərqi Türküstan” məsələlərində Pekinin mövqeyini müdafiə edir. BMT Təhlükəsizlik Şurasında veto hüququna malik bir dövlətlə strateji tərəfdaşlıq Azərbaycanın beynəlxalq manevr imkanlarını genişləndirir.

İkitərəfli hərbi əməkdaşlıq da yeni mərhələyə qədəm qoyub. 2023-cü ildən etibarən müdafiə sənayesi və təhlükəsizlik sahəsində imzalanmış sənədlər uzunmüddətli əməkdaşlıq niyyətini göstərir. Hərbi təhsil, kadr hazırlığı və texniki bilik mübadiləsi sahəsində əlaqələr genişlənir. Çin müdafiə sənayesinin texnoloji imkanları Azərbaycanın Ordusunun modernləşmə strategiyası ilə uzlaşır.

Texnologiya və rəqəmsal transformasiya sahəsində də perspektivlər genişdir. 5G infrastrukturu, süni intellekt tətbiqləri, “ağıllı şəhər” və elektron hökumət sistemləri üzrə əməkdaşlıq potensialı böyükdür. Çin şirkətlərinin qlobal rəqəmsal bazarlardakı rolu Azərbaycanın rəqəmsal inkişaf strategiyası ilə üst-üstə düşür. Eyni zamanda sənaye parklarında birgə istehsal və logistika mərkəzlərinin yaradılması gündəmdədir.

Bütün bunlar göstərir ki, Azərbaycan–Çin münasibətləri çoxşaxəli və strateji xarakter daşıyır. Enerji, nəqliyyat, təhlükəsizlik və texnologiya sahələrində əməkdaşlıq qarşılıqlı maraqlar üzərində qurulub. Çin analitik mərkəzlərinin də vurğuladığı kimi, Cənubi Qafqazda sabitlik və açıq nəqliyyat marşrutları Pekinin uzunmüddətli Avrasiya strategiyası üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan isə bu prosesdə etibarlı tərəfdaş və regionun aparıcı logistik mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir.

MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?