Vaşinqton-Tehran xəttində yeni faza: Cenevrə görüşü ümid, yoxsa taktiki gedişdir? - TƏHLİL

ABŞ-də Donald Trampın hakimiyyətə qayıdışı ilə Vaşinqton–Tehran xəttində illərdir davam edən soyuq qarşıdurma ən gərgin və həlledici mərhələsinə qədəm qoyub.
Tramp administrasiyasının “maksimum təzyiq” siyasətini yenidən canlandırması və İrana qarşı iqtisadi-hərbi ritorikanı sərtləşdirməsi tərəflər arasındakı uçurumu daha da dərinləşdirib. Bu gərginliyin mərkəzində dayanan nüvə məsələsi artıq sadəcə diplomatik mübahisə deyil, hər an regional münaqişəyə çevrilə biləcək “barıt çəlləyi” təsiri bağışlayır.
Bu həlledici məqamda İranın ali lideri Ayətullah Əli Xameneinin verdiyi kəskin bəyanat beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurdu. Xamenei ABŞ-nin bölgədəki hərbi güc nümayişinə cavab olaraq, Amerikanın ən güclü ordusunun belə “ayağa qalxa bilməyəcəyi zərbə” ala biləcəyini bildirib və ABŞ hərbi gəmilərini dənizin dibinə göndərə biləcək silahlara malik olduqlarını bəyan edib. Bu açıqlama bir tərəfdən İranın geri addım atmaq niyyətində olmadığını göstərir, digər tərəfdən isə Cenevrədəki diplomatik masanın üzərində psixoloji təzyiqi maksimum həddə çatdırır.
Bu sərt ritorikanın fonunda Cenevrədə Omanın vasitəçiliyi ilə baş tutan dolayı danışıqlar mövcud gərginliyin idarə olunması və mümkün toqquşmanın qarşısının alınması üçün mühüm addım kimi qiymətləndirilir. Təxminən dörd saat davam edən və diplomatik kanallar vasitəsilə aparılan müzakirələrin əsas nəticəsi tərəflərin gələcək sazişin strukturunu müəyyən edəcək “rəhbər prinsiplər” toplusu üzərində ilkin razılığa gəlməsi olub.
Görüşdə yalnız siyasi bəyanatlar deyil, həm də uranın zənginləşdirilməsi limitləri, mərkəzdənqaçma qurğularının sayı və beynəlxalq müfəttişlərin monitorinq imkanları kimi mürəkkəb texniki məsələlər müzakirə edilib. İran tərəfi sanksiyaların mərhələli deyil, dərhal aradan qaldırılması müqabilində nüvə fəaliyyətini müvəqqəti dondura biləcəyinə dair təkliflər paketi təqdim edib. Hərçənd sanksiyaların ardıcıllığı və zəmanətlər məsələsində tərəflər arasında fundamental fikir ayrılıqları qalmaqdadır, bu raundun mətn üzərində iş mərhələsinə keçid üçün zəmin yaratması diplomatik prosesin tam iflasa uğramadığını göstərir.
Xüsusilə, hər iki nümayəndə heyətinin qarşıdakı iki həftə ərzində daha detallı “yol xəritəsi” layihələri ilə yenidən görüşmək qərarı hərbi ritorikaya baxmayaraq pərdəarxası danışıqların intensivləşdiyini göstərir.
Görüşdən sonra verilən rəsmi və qeyri-rəsmi açıqlamalar isə diplomatik ehtiyatlılıqla yanaşı, davam edən güc nümayişinin bir hissəsi kimi qiymətləndirilə bilər. İranın xarici işlər naziri Abbas Əraqçi danışıqların atmosferini konstruktiv adlandırsa da, Tehranın “qırmızı xətlərini” xatırladaraq ballistik raket proqramı və regional təsir imkanlarının nüvə sazişinin tərkib hissəsi olmayacağını vurğulayıb. Bu yanaşma həm danışıqları davam etdirmək, həm də daxili auditoriyaya geri çəkilmədikləri mesajını vermək məqsədi daşıyır.
Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp “İranın sazişə ehtiyacı olduğunu” və iqtisadi təzyiqin Tehranın mövqeyini zəiflətdiyini iddia edərək Vaşinqtonun danışıqlarda üstün mövqedə olduğunu nümayiş etdirməyə çalışır. Vitse-prezident Cey Di Vens və Dövlət katibi Marko Rubionun açıqlamaları isə göstərir ki, ABŞ İranın hərbi ambisiyalarını məhdudlaşdırmaq üçün həm diplomatik rıçaqlardan, həm də hərbi variantın gündəmdə qalmasından istifadə edir.
Beləliklə, Cenevrə görüşü bir tərəfdən ümidverici irəliləyiş kimi görünür, digər tərəfdən isə tərəflərin ziddiyyətli bəyanatları göstərir ki, bu mürəkkəb geosiyasi düyün hələ uzun müddət beynəlxalq gündəmin əsas gərginlik mövzularından biri olaraq qalacaq.
Hikmət Həsənov