Türkmənistanlı ekspert: "Azərbaycanın C6-ya qoşulması region üçün yeni mərhələdir"

“Azərbaycanın Mərkəzi Asiya Liderlərinin Məşvərət Görüşlərinə qoşulması regional əməkdaşlıq tarixində yeni mərhələdir”.
Təhlil.az xəbər verir ki, bunu Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Şiri Şiriyev Bakıda "C6: Vahid region, ortaq gələcək – Srateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, C6 yanlız dialoq platforması deyil, həm də qlobal qeyri-sabitlik şəraitində ortaq həllər tapmağa, qarşılıqlı faydaya əsaslanan dayanıqlı iqtisadi əlaqələr qurmağa, eləcə də humanitar əməkdaşlıq və təcrübə mübadiləsi vasitəsilə etimadı gücləndirməyə imkan verən canlı mexanizmdir.
Mərkəz direktoru bildirib ki, qlobal gündəmin mürəkkəbliyi və geosiyasi qeyri-sabitlik şəraitində C6 qarşılıqlı hörmət prinsiplərinə əsaslanan strateji muxtariyyət modelinə çevrilə bilər.
“Nəhayət, institusionallaşma ehtiyacı xüsusi əhəmiyyət kəsb edir. Formal institutlar, ekspert şəbəkələri və koordinasiya mexanizmləri ilə bağlı məsələlər sadəcə nəzəri müzakirə mövzusu deyil, onların həlli regionun gələcəyinə birbaşa təsir göstərən real və praktik məsələlərdir.
Məhz analitiklər, tədqiqatçılar və beyin mərkəzlərinin nümayəndələri düşünülmüş qərarların qəbulu üçün intellektual zəmin formalaşdırırlar. Nüfuzlu ekspertlərin tövsiyələri ideyaların konkret əməkdaşlıq mexanizmlərinə çevrilməsinə kömək edir, riskləri qabaqcadan görməyə və yaranan imkanlardan istifadə etməyə şərait yaradır. Eyni zamanda, müxtəlif ölkələrin ekspertləri arasında fəal əməkdaşlıq bütün tərəflərin maraqlarını nəzərə alan vahid gündəliyin formalaşmasına töhfə verir”, - deyə Şiri Şiriyev qeyd edib.
Rasim Babayev