Azərbaycanın qlobal nüfuzunun strateji təntənəsi - TƏHLİL

2026-cı ilin fevralında keçirilən Münhen Təhlükəsizlik Konfransı Azərbaycanın xarici siyasətində mühüm mərhələ kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin konfrans çərçivəsində səsləndirdiyi mövqelər və keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın regional aktordan qlobal gündəliyin formalaşmasında iştirak edən tərəfdaşa çevrildiyini bir daha nümayiş etdirdi. Bu səfər göstərdi ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazın lider ölkəsi deyil, həm də enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və iqlim siyasəti kimi qlobal məsələlərin həllində mühüm rol oynayan dövlət kimi qəbul olunur.
Azərbaycan uzun illərdir Şərq–Qərb nəqliyyat dəhlizinin strateji əhəmiyyətini beynəlxalq platformalarda önə çəkir. Münhen 2026-da isə bu məsələ daha geniş geosiyasi kontekstdə təqdim edildi. Bakı özünü sadəcə tranzit ölkə kimi deyil, beynəlxalq təchizat zəncirinin etibarlı və dayanıqlı həlqəsi kimi mövqeləndirdi. “Orta Dəhliz” üzrə daşımaların 100 min vahidi keçməsi layihənin artıq nəzəri təşəbbüs deyil, praktik və rəqabətqabiliyyətli iqtisadi marşrut olduğunu göstərir. Bununla yanaşı, Xəzərin dibi ilə çəkilən fiber-optik kabel layihəsi Azərbaycanı Avropa ilə Asiya arasında rəqəmsal məlumat axınının mühüm qovşaqlarından birinə çevirir. Bu, ölkənin logistik imkanlarının rəqəmsal infrastrukturla tamamlanaraq strateji üstünlüyə çevrildiyini nümayiş etdirir.
Konfrans çərçivəsində Prezident İlham Əliyevin sülh prosesi ilə bağlı səsləndirdiyi fikirlər praqmatik və hüquqi əsaslara söykənirdi. Azərbaycan artıq özünü “münaqişə tərəfi” kimi deyil, regionda yeni təhlükəsizlik arxitekturasının formalaşmasında iştirak edən dövlət kimi təqdim edir. Sərhəddə faktiki sabitliyin təmin olunması ilə bağlı vurğulanan mövqe bölgədə yaranmış yeni reallıqların qəbul edilməsinə çağırış idi. Rəsmi Bakı sülh müqaviləsinin beynəlxalq hüququn prinsipləri əsasında imzalanmasının vacibliyini bir daha bəyan etməklə prosesdə suveren və balanslı mövqe tutduğunu göstərdi.
Münhen platformasında keçirilən yüksək səviyyəli işgüzar görüşlər də Azərbaycanın iqtisadi və texnoloji gündəliyinin diqqət mərkəzində olduğunu ortaya qoydu. “Oracle” və “The Goldman Sachs Group” kimi qlobal şirkətlərin rəhbərləri ilə aparılan müzakirələr ölkənin texnoloji modernləşmə, rəqəmsal idarəetmə və maliyyə sabitliyi istiqamətində atdığı addımların beynəlxalq investorlar tərəfindən maraqla qarşılandığını göstərir. Bu yanaşma iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi strategiyasının davamlılığını təsdiqləyir.
COP29-a uğurlu ev sahibliyindən sonra Münhen platformasında iqlim gündəliyinin aktiv şəkildə təqdim olunması Azərbaycanın beynəlxalq imicinin yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Ölkə ənənəvi enerji ixracatçısı olmaqla yanaşı, yaşıl enerji dəhlizlərinin təşəbbüskarı və alternativ enerji layihələrinin iştirakçısı kimi çıxış edir. Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri ilə keçirilən görüşlər Azərbaycanın həm Qərb, həm də digər tərəfdaşlarla balanslı və çoxtərəfli əməkdaşlıq modelini davam etdirdiyini göstərdi.
Nəticə etibarilə, Münhen 2026 Azərbaycan üçün beynəlxalq platformada strateji mövqeyin təqdimatı və möhkəmləndirilməsi baxımından əhəmiyyətli mərhələ oldu. Bakı regional proseslərin iştirakçısı olmaqla yanaşı, qlobal təhlükəsizlik, enerji və iqlim gündəliyində söz sahibi olan dövlət kimi mövqeyini daha da gücləndirdi.
Hikmət Həsənov