Bakı və Roma arasında strateji körpü - Parlament diplomatiyasından qlobal tərəfdaşlığa - ŞƏRH

Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Cənubi Qafqazda sülh və əməkdaşlıq mühiti formalaşıb. 1990-cı illərdə başlayan münaqişə uzun illər davam etdiyi üçün regionun nəqliyyat və iqtisadi potensialı adətən buxovlanmışdı. Lakin 2020-ci ildə başlayan və 44 gün davam edən müharibə və 2023-cü ildə ildırım sürətli lokal antiterror tədbirləri ilə regionda status-kvo dəyişdi. Müharibənin qalib tərəfi olan Azərbaycan sülh müqaviləsini imzalamaq, sərhədləri delimitasiya etmək, münasibətləri normallaşdırmaq üçün Ermənistana beş əsas prinsip təklif etdi. Bununla da regionda davamlı sülhün tərəfdarı olduğunu nümayiş etdirdi. Bu geosiyasi sabitlik Avropanın aparıcı dövlətləri, xüsusilə İtaliya üçün regiona baxış bucağını kökündən dəyişdi. Uzun illər Azərbaycanla iqtisadi əməkdaşlıq edən İtaliya bu dəyişiklikdən sonra bunu dərinləşdirmək qərarına gəlib.
Dövlətlərarası münasibətlərin dərinləşməsində parlamentlər də mühüm rol oynayır. Azərbaycan və İtaliya parlamentləri arasında da 1997-ci ildən işçi qrupu yaradılıb. . İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri senator Marko Skurriyanın son bəyanatları da xüsusi əhəmiyyət kəsb edir. Senatorun Azərbaycan parament nümayəndə heyətinin Romaya səfərini gözləməsi sadəcə adi protocol deyil. Bu, iki ölkənin qanunverici orqanları arasında əlaqələrin yüksək səviyyəyə çatdığını göstərir. Senatorun qeyd etdiyi kimi, Bakıya edilən səfərlər və qarşılıqlı dəvətlər iki ölkənin qanunvericilik bazalarının uyğunlaşdırılması və siyasi həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
İtaliya uzun illərdir ki, Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 11,8 milyard ABŞ dollarına çatmışdır ki, bu da əvvəlki illə müqayisədə təxminən 4% artım deməkdir. Azərbaycanın İtaliyaya ixracı 11,3 milyard dollar təşkil etməklə yanaşı, bunun böyük hissəsini TAP layihəsi vasitəsilə nəql edilən təbii qaz və xam neft tutur. Lakin əlaqələr yalnız enerji ilə məhdudlaşmır; 2026-cı ilin yanvarında Bakıda keçirilən Hökumətlərarası Komissiyanın 6-cı iclasında qəbul edilən "2026-2027-ci illər üzrə Birgə Fəaliyyət Planı" kənd təsərrüfatı, kosmik sənaye və səhiyyə kimi 18 fərqli sahəni əhatə edir.
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni tərəfindən irəli sürülən "yeni əməkdaşlıq modeli" Azərbaycanı sadəcə bir ölkə kimi deyil, nəhəng bir coğrafiyanın giriş qapısı kimi nəzərdən keçirir. Roma administrasiyası Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarını vahid iqtisadi zonada birləşdirmək, Orta Dəhliz layihəsinə dəstək verməklə özünün Avrasiyadakı strateji varlığını gücləndirir. Bu model həm də İtaliyanın Rusiya və Çindən asılılığı azaltmaq strategiyasının tərkib hissəsidir.
Azərbaycanın geosiyasi koordinatları bu gün beynəlxalq münasibətlər sistemində, xüsusən də Avropanın enerji və logistika təhlükəsizliyi arxitekturasında həlledici elementə çevrilib. Senator Marko Skurriyanın vurğuladığı kimi, Azərbaycanın strateji mövqeyi, yəni bir tərəfdən İranla həmsərhəd olması, digər tərəfdən isə Ukraynadakı münaqişə zonasına yaxınlığı rəsmi Romanın xarici siyasətində Bakını "vazkeçilməz tərəfdaş" statusuna yüksəldir.
Ukraynadakı müharibə fonunda ənənəvi şimal nəqliyyat marşrutlarının məhdudlaşması Azərbaycanın üzərindən keçən Orta Dəhlizin əhəmiyyətini həndəsi silsilə ilə artırıb. İtaliya üçün bu, təkcə yüklərin daşınması deyil, həm də Mərkəzi Asiya resurslarına çıxış deməkdir. Eyni zamanda, İranla qonşuluq faktoru Azərbaycanı regional sabitliyin qarantı kimi çıxış etməyə sövq edir. Azərbaycanın hər iki istiqamətdə nümayiş etdirdiyi balanslaşdırılmış və praqmatik xarici siyasət İtaliya kimi böyük iqtisadiyyatlar üçün proqnozlaşdırıla bilən bir mühit yaradır. Bu yaxınlıq, İtaliyanın Cənubi Qafqaz vasitəsilə həm Yaxın Şərq, həm də Şərqi Avropa proseslərinə dolayısı ilə təsir imkanlarını genişləndirir.
Senatorun "Rusiya və Ukrayna arasında sülh əldə olunarsa, yeni perspektivlər açılar" fikri, Azərbaycanın müharibədən sonrakı dövrdə oynayacağı iqtisadi qovşaq roluna işarə edir. Sülh dövründə dağılmış infrastrukturun bərpası və qitələrarası ticarətin yenidən canlanması üçün ən təhlükəsiz və qısa yol məhz Azərbaycan üzərindən keçəcəkdir. İtaliya şirkətləri artıq indidən bu gələcək konfiqurasiyada yer almağa çalışırlar. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsindəki mövqeyi, onu sülh dövrünün "logistik mərkəzinə" çevirir ki, bu da İtaliya kapitalının regiona daha böyük həcmdə axınına zəmin yaradır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur) İtaliya şirkətlərinin "ağıllı şəhər" və enerji infrastrukturundakı fəal iştirakı bu strateji baxışın praktiki təzahürüdür.
Bu genişmiqyaslı analizin yekunu olaraq belə qənaətə gəlmək olar ki, Azərbaycan və İtaliya arasındakı münasibətlər artıq sadəcə "enerji təhlükəsizliyi" çərçivəsindən çıxaraq, Avrasiyanın yeni geosiyasi xəritəsini formalaşdıran strateji oxa çevrilib. Senator Marko Skurriyanın vurğuladığı parlament diplomatiyası və iqtisadi-siyasi inteqrasiya, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqların Avropanın aparıcı dövlətləri tərəfindən tam qəbul edildiyini və dəstəkləndiyini göstərir.
Hikmət Həsənov