Bu gün

Neftdən sonra yeni güc: Azərbaycan ixracı hansı bazarlarla böyüyür? - TƏHLİL

Azərbaycanın həyata keçirdiyi iqtisadi strategiyanın əsas istiqamətlərindən biri qeyri-neft/qaz sektorunun dinamik inkişafının təmin edilməsidir. Son illər bu sahədə mühüm nailiyyətlər əldə olunub və hazırda ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi məhz qeyri-neft/qaz sektoru hesab olunur. Sənaye, kənd təsərrüfatı, logistika, turizm, informasiya texnologiyaları, emal və digər sahələrin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərinə çevrilib.

Qeyri-neft sektorunun yüksəlişi daxili tələbatın daha çox yerli istehsal hesabına ödənilməsinə şərait yaratmaqla yanaşı, ixrac imkanlarını genişləndirir və ölkənin xarici ticarət balansının dayanıqlığını artırır.

Ötən il Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü illə müqayisədə 8,5 faiz artaraq 3,6 milyard dollar təşkil edib. 2025-ci ilin yanvar-dekabr aylarında yeyinti məhsullarının ixracı 18,4 faiz artaraq 1,2 milyard dollara çatıb. Aqrar məhsullar üzrə ixrac 26,7 faiz artaraq 1 milyard dollar, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon dollar olub. Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9 faiz artaraq 1,3 milyard dollara yüksəlib.

Son illərdə sənaye parklarının və aqroparkların yaradılması, ixracyönümlü müəssisələrin təşviqi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi qeyri-neft məhsullarının istehsal həcmini əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə kənd təsərrüfatı və qida sənayesi məhsulları, kimya və yüngül sənaye malları xarici bazarlarda mövqeyini gücləndirib. “Made in Azerbaijan” brendi çərçivəsində müxtəlif ölkələrdə sərgilər və biznes forumlar təşkil olunur ki, bu da ixracın coğrafiyasının genişlənməsinə və yeni bazarlara çıxışa imkan yaradır.

Qeyri-neft sektorunun inkişafında əsas prioritetlərdən biri perspektivli bazarların müəyyən edilməsidir. Bu baxımdan ərəb ölkələri xüsusi əhəmiyyət daşıyır. Yaxın Şərq və Körfəz regionu yüksək alıcılıq qabiliyyəti ilə seçilir və ərzaq təhlükəsizliyi baxımından idxaldan asılıdır. Azərbaycan isə kənd təsərrüfatı və qida məhsulları sahəsində rəqabətqabiliyyətli istehsal imkanlarına malikdir.

Bakıda keçirilən Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qida və kənd təsərrüfatı üzrə işgüzar dəyirmi masa da bu əməkdaşlığın genişlənməsi üçün mühüm platforma olub. BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdullah Al Dahak bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir və Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq sazişi münasibətlərin yeni mərhələsini açır. Onun sözlərinə görə, ötən il BƏƏ ilə Azərbaycanın qeyri-neft ticarət dövriyyəsi 43 faiz artaraq 2,4 milyard dollara çatıb. Qarşılıqlı investisiyaların ümumi həcmi isə 1 milyard dollar təşkil edir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev də qeyd edib ki, iki ölkə arasında xüsusilə qida sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Azərbaycan münbit torpaqları və əlverişli iqlim şəraiti ilə regionda kənd təsərrüfatı istehsalı üçün geniş imkanlara malikdir. BƏƏ isə təbii-iqlim xüsusiyyətlərinə görə ərzaq məhsullarının böyük hissəsini idxal edir. Bu səbəbdən BƏƏ hökuməti ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə xarici tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan bu baxımdan etibarlı və coğrafi baxımdan əlverişli tərəfdaş kimi çıxış edir.

Meyvə-tərəvəz ixracı iki ölkə arasında ticarətin genişlənməsində mühüm yer tutur. Azərbaycan məhsullarının təbii və keyfiyyətli olması Körfəz bazarında rəqabət üstünlüyü yaradır. Eyni zamanda, logistika imkanları məhsulların qısa müddətdə və keyfiyyət itirmədən çatdırılmasına şərait yaradır ki, bu da xüsusilə tez xarab olan məhsullar üçün mühüm əhəmiyyət kəsb edir.

Bundan əlavə, kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılması sahəsində əməkdaşlıq əlavə dəyər yaradır. Emal olunmuş və markalaşdırılmış məhsulların ixracı Azərbaycanın gəlirlərini artırmaqla yanaşı, milli brendin möhkəmlənməsinə də xidmət edir.

Ümumilikdə qeyri-neft sektorunun inkişafı və ərəb ölkələri ilə genişlənən iqtisadi əməkdaşlıq Azərbaycanın regional iqtisadi mövqeyini gücləndirir, ixracın şaxələndirilməsinə və qlobal iqtisadi sistemə inteqrasiyanın sürətlənməsinə töhfə verir.

 MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?