Ermənistanda “Toxunulmazlar” dövrünün sonu: kilsə-dövlət qarşıdurması yeni fazada - ŞƏRH

Ermənistanda uzun müddətdir kilsə ilə hakimiyyət arasında yaşanan gərginlik yeni fazaya qədəm qoyub. Seçkilərə yaxınlaşdıqca, bu iki qüvvə arasında qarşıdurma hər gün yenidən vüsət alır, müxtəlif formalarda özünü biruzə verir. Erməni apostol kilsəsi və rəhbərliyi anlayır ki, bu seçkilərdə də hakim partiyanın qələbəsi Ermənistanda revanşizmin konkret məğlubiyyəti və kilsənin xalq üzərindəki nüfuzunun və hakimiyyətinin sonu ola bilər. “Vətəndaş müqaviləsi” partiyasının elitası da bilir ki, kilsəni və onun qidalandığı müəyyən qüvvələri zəiflətdiyi təqdirdə seçkilərdə qələbə qazana bilər. Bu isə həm Paşinyanın, həm də digər rəsmilərin sülh və Cənubi Qafqaz regionunda stabilliyin əldə olunması üçün səsləndirdikləri fikirlərlə üst-üstə düşür. Məsələn, son olaraq, parlamentin spikeri Alen Simonyan bəyan edib ki, Cənubi Qafqazda sülh məsələsi Ermənistanda keçiriləcək qarşıdan gələn parlament seçkilərində həll olunacaq. O qeyd edib ki, ölkədəki siyasi qüvvələr iki qrupa bölünür: sülh partiyası və "qlobal moderatorlardan" asılılığı müdafiə edən müharibə partiyası. Spiker əlavə edib ki, Ermənistan Azərbaycanla münaqişəyə 2026-cı il seçkiləri, yekun sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi ilə son qoymalıdır.
Paşinyanın və Simonyanın, hakim partiyanın digər nümayəndələrinin son dövrlər sülh və əməkdaşlıqla bağlı tez-tez açıqlama vermələri də əbəs deyil. Azərbaycanın tranzit qadağasını ləğv etməsi, Ermənistana benzin və digər yanacaqlar ixrac etməsi, qarşıdakı dövrdə ticarətin daha da genişləndirilməsi ilə bağlı verilən açıqlamalar sübut edir ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalaması erməni dövlətinin özünütəcrid siyasətinin sonu, iqtisadi inkişafının başlanğıcı ola bilər. Bu səbəbdən də Paşinyan hökuməti haqlı olaraq, sülhə qarşı çıxan, revanişzmlə bəslənən istənilən qüvvəyə qarşı çıxır, onu susdurmağa çalışır.
Elə bu səbəbdən də fevralın 14-ü katalikos II Qareginin ölkədən çıxışına rəsmən qadağa qoyulmasına da bu səpkidən baxa bilərik. Qareginin ölkədən çıxışına rəsmi qadağa qoyulması və onun Avstriyanın Sankt-Pölten şəhərində keçirilməli olan mühüm dini toplantıya buraxılmaması, kilsə ilə dövlət arasındakı illərdir davam edən soyuq müharibənin artıq açıq qarşıdurma fazasına keçdiyini göstərir. Bu qadağaya eyni zamanda kilsənin siyasi toxunulmazlıq qalxanının parçalanması kimi də baxmaq olar.
Məsələnin siyasi tərəfi hüquqi tərəfindən daha dərindir. Katalikosun Avstriya səfərinin qarşısının alınması, kilsənin beynəlxalq məkanda, xüsusən də Vatikan və digər Avropa dini mərkəzləri vasitəsilə dəstək axtarışını iflic etmək məqsədi daşıyır. Eçmiədzin üçün bu, "tarixi rüsvayçılıq"dır və getdikcə daha çox güc itirməsi deməkdir. Hökumət tərəfdarları üçün isə bu, sekulyar dövlət modelinin qələbəsi və kilsənin siyasi ambisiyalarının cilovlanmasıdır. Kilsənin isə cəmiyyət qarşısında getdikcə nüfuzu zəifləyir və toxunulmazlıqların ləğvi artıq real görünür. Eyni zamanda, bu qadağa diasporu da iki yerə parçalayır. Artıq bəzi diaspor nümayəndələri, xüsusən də Qərbdə fəaliyyət göstərən erməni diasporları bunu ruhanilərə qarşı hücum və erməni kimliyinin məhvi kimi qəbul edirlər. Amma diasporla da haqq-hesab çürütməyi qarşısına məqsəd qoyan Paşinyan üçün onların etirazı və fikirləri elə də ciddi əhəmiyyət kəsb etmir.
Nəticə etibarilə, Ermənistanda artıq "toxunulmazlar" kastı yoxdur. Paşinyan hakimiyyəti seçkilərdə ölkəni xaosa və qarşıdurmaya sürükləyə biləcək əsas güclərdən birinə qarşı kifayət qədər radikal addım atıb. Bundan sonrakı mərhələdə çox güman ki, Qaregin və digər ruhanilərin həbsi gündəmə gələ bilər.
Hikmət Həsənov