Prezident İlham Əliyevin cavabı: Bakı nəyə görə yalnız diplomatiyanı seçdi? - TƏHLİL

Builki Münxen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, müasir beynəlxalq münasibətlərdə əsas müzakirə mövzusu artıq təkcə müharibələr deyil, həm də müharibə şəraitində davranış qaydalarıdır. “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” panelində Azərbaycan Prezidenti İlham Əliyevə verilən sual da məhz bu çərçivədə idi: Ukraynada Azərbaycan şirkətlərinə məxsus enerji obyektlərinin və diplomatik nümayəndəliyin hücuma məruz qalması Bakı üçün hansı siqnaldır?
Prezidentin cavabı emosional ittiham deyil, siyasi mesaj idi. O, faktları ardıcıllıqla sadalayaraq göstərdi ki, Azərbaycan hadisəni dərhal geosiyasi qarşıdurmaya çevirməyib. Əksinə, ilk hücumdan sonra koordinatlar təqdim edilib, məsələ texniki səhv kimi qiymətləndirilib. Lakin hücumların təkrarlanması artıq hadisəni təsadüf kateqoriyasından çıxarıb və diplomatik qəsd kimi dəyərləndirilib. Burada əsas məqam Bakının nəticəyə necə gəlməsi deyil, nəticəni necə elan etməsidir. Azərbaycan ittiham ritorikası seçməyib, hüquqi mövqeyə əsaslanıb.
Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırılması, nota verilməsi – bunlar klassik diplomatik prosedur kimi görünə bilər. Amma əslində bu addımlar Azərbaycanın müharibə dövrü siyasətinin əsas modelini göstərir, yəni, tərəf olmadan maraqları qorumaq. Bakı hərbi ritorika seçsəydi, faktiki olaraq müharibə tərəflərindən birinə yaxınlaşmış olacaqdı. Sərt ittihamlar isə regional balansı poza bilərdi. Buna görə Azərbaycan ən çətin yolu seçdi, emosional cəhətdən zəif görünən, lakin siyasi baxımdan güclü olan hüquqi-diplomatik yolu. Bu yanaşma bir o məntiqə əsaslanır ki, neytral dövlət öz təhlükəsizliyini qəzəblə yox, legitimliklə qorumalıdır. Bakı bunun da öhdəsindən uğurla gəldi.
Dövlət başçısının bəyanatında “əlbəttə ki, bu hərəkətlər Azərbaycana qarşı dostyana hərəkət hesab edilmir” ifadəsi xüsusi diqqət çəkir. Bu, açıq ittiham deyil, amma siyasi xəbərdarlıqdır. Belə formulasiya bir neçə auditoriyaya eyni anda hesablanmışdı. Birincisi, hadisə ilə bağlı məsuliyyət daşıyan tərəfə göstərildi ki, strateji münasibətlər toxunulmazlıq demək deyil. İkincisi, Qərbə nümayiş etdirildi ki, Azərbaycan emosional reaksiyalarla deyil, beynəlxalq hüquqla hərəkət edir.
Üçüncüsü, region ölkələrinə mesaj verildi ki, müharibə dövründə sabitlik yalnız hərbi güc deyil, davranış mədəniyyəti tələb edir.
Sualın məhz nəqliyyat və enerji dəhlizlərinin müzakirə edildiyi bir tədbirdə verilməsi də təsadüfi deyildi. Çünki müasir müharibələrdə hədəf artıq yalnız ərazi deyil, həm də marşrutlardır. Enerji infrastrukturu isə artıq yeni strateji silaha çevrilib. Nəzərə alaq ki, Azərbaycan Avropaya alternativ enerji və logistika xətti təqdim edən ölkədir. Bu səbəbdən Ukraynadakı Azərbaycan obyektlərinə zərbə təkcə lokal hadisə kimi yox, geniş geosiyasi kontekstdə qəbul olunur. Başqa sözlə, məsələ bir səfirliyin və ya bir şirkətin təhlükəsizliyi deyil, yeni iqtisadi marşrutların təhlükəsizliyidir. Ona görə də Rusiyanın Ukrayanya hücumlarında ən çox enerji hədəflərini seçməsi göstərir ki, enerji infrastrukturu artıq siyasi təsir alətidir və müharibə coğrafiyası yalnız cəbhə xətti ilə məhdudlaşmır. Azərbaycanın reaksiyası isə başqa bir nəticəni ortaya qoydu ki, müasir beynəlxalq münasibətlərdə kiçik və orta dövlətlər təhlükəsizliklərini güc nümayişi ilə deyil, davranış modelini sabit saxlayaraq qoruyurlar.
MTM Analitik Qrupu