Cənubi Qafqazda de-fakto dayanıqlı sülh formalaşıb - TƏHLİL

Cənubi Qafqazda uzun illər davam edən münaqişə mərhələsi artıq geridə qalıb. Region yeni siyasi reallıq və normallaşma mərhələsinə qədəm qoyub. Hazırkı vəziyyət göstərir ki, sülh və etimad quruculuğu prosesi real nəticələr verir və yekun mərhələyə yaxınlaşır.
Prezident İlham Əliyevin Münxendə “France 24” telekanalına və Azərbaycan mediasına verdiyi müsahibələr zamanı səsləndirdiyi fikirlər regiondakı yeni geosiyasi reallığın mahiyyətini aydın şəkildə ortaya qoyur. Bir daha təsdiqlənir ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı sənədlər regionda dayanıqlı sülh və sabitlik üçün real zəmin yaradıb. Həmin sammit təkcə iki ölkə arasında münasibətlərin normallaşması baxımından deyil, bütövlükdə regionun inkişafı və gələcəyi baxımından dönüş nöqtəsi kimi qiymətləndirilir.
Vaşinqton sammitində əldə olunan nəticələr, sözsüz ki, son illərdə Azərbaycanın sülh və etimad quruculuğu istiqamətində atdığı praqmatik addımların nəticəsidir. Rəsmi Bakı hərbi-siyasi üstünlüyə malik olsa da, revanşist ritorikaya deyil, beynəlxalq hüquqa əsaslanan yanaşmaya üstünlük verərək sülhün 5 əsas meyarını müəyyənləşdirdi. Bu prinsirlər dövlətlərin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasını, sərhədlərin delimitasiya və demarkasiyasını, kommunikasiyaların açılmasını, tərəflərin bir-birinə qarşı ərazi iddialarından imtinasını ehtiva etdiyindən, həm beynəlxalq ictimaiyyət, həm də Ermənistan tərəfindən rasional yanaşma kimi qəbul olundu. Danışıqlar prosesi məhz bu prinsiplər əsasında davam etdirildi və nəticədə 2025-ci ilin mart ayında Yekun Sülh Sazişi layihəsində əksini tapan 17 müddəanın hamısı üzrə tam razılıq əldə edildi. Yəni Vaşinqton sammitinə qədər sülh üçün siyasi-hüquqi baza artıq formalaşdı.
2025-ci il avqustun 8-də Vaşinqtonda Yekun Sülh Sazişi layihəsinin paraflanması və Zəngəzur dəhlizinin Azərbaycan üçün maneəsiz keçid şərti ilə açılmasına dair razılaşmanın əldə olunması isə prosesi keyfiyyətcə yeni mərhələyə çıxardı. Sonrakı mərhələdə normallaşma istiqamətində ən mühüm addımı yenə də Azərbaycan atdı, ərazisindən Ermənistana dəmir yolu ilə yükdaşınmasına razılıq verdi. Bu, yalnız iki ölkə üçün deyil, ümumən Cənubi Qafqaz və daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyır. Azərbaycanın tranzit imkanları daha da genişlənir, Ermənistan uzun illər davam edən blokada vəziyyətindən çıxmaq imkanı əldə edir.
Son aylarda Azərbaycandan Ermənistana kommersiya prinsipləri əsasında neft məhsullarının ixracı da ikitərəfli ticarət əlaqələrinin bərpası və normallaşma baxımından mühüm addım oldu. Bu proses göstərir ki, Azərbaycan sülhü yalnız siyasi sənəd kimi deyil, real iqtisadi əməkdaşlıq müstəvisində görür. Qarşılıqlı asılılığın artması gələcək riskləri azaldır və sabitliyi möhkəmləndirir.
Hazırda Yekun Sülh Sazişinin imzalanmasına mane olan yeganə amil Ermənistan konstitusiyasında dəyişiklik məsələsinin həllini tapmamasıdır. Bu ölkənin mövcud konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddialarının qalması hüquqi baxımdan ciddi problem yaradır. Sülh müqaviləsi imzalandıqdan sonra belə iddiaların hüquqi mövcudluğu gələcəkdə gərginlik yarada bilər. Azərbaycan tərəfi məhz bu səbəbdən Konstitusiyaya dəyişiklik edilməsini prinsipial şərt kimi irəli sürür. Bu haqlı tələb, beynəlxalq hüququn və dövlətlərin suverenliyinin təminatı baxımından zəruri addımdır.
Hazırda Ermənistanda radikal-revanşist qüvvələr, xaricdəki bəzi diaspor qurumları prosesi tormozlamağa çalışır, regiondakı yeni reallıqları qəbul etmək istəmirlər. Lakin bu maneələrə rəğmən, Ermənistan rəhbərliyi yeni konstitusiya layihəsinin hazırlanması üçün siyasi iradə nümayiş etdirir. Yeni sənədin layihəsinin mart ayında başa çatdırılacağı gözlənilir. Eyni zamanda, yaxın perspektivdə referendumun keçirilməsi də müzakirə olunur. Bu, Ermənistanın sülhə doğru atmalı olduğu ən son hüquqi-siyasi addımdır.
Prezident İlham Əliyev Münxendə açıq şəkildə bildirib ki, Konstitusiyaya dəyişiklik ediləndən dərhal sonra Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır. Dövlət başçısı onu da vurğulayıb ki, faktiki olaraq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib. Bu fikir mövcud reallığı əks etdirir – sərhəddə sabitlik hökm sürür, kommunikasiyaların açılması istiqamətində razılıqlar mövcuddur. Yəni praktik müstəvidə normallaşma və sülh de-fakto təmin olunub.
Dövlət başçısının bu açıqlaması ölkəmizin sülhdə səmimi olduğunu bir daha təsdiqləyir. Bakı prosesi uzatmaqda qətiyyən maraqlı deyil. Əksinə, regionda davamlı sabitliyin təmin olunması Azərbaycanın milli maraqlarına tam uyğundur. Enerji və nəqliyyat layihələrinin təhlükəsizliyi, beynəlxalq investisiya mühitinin qorunması, regional əməkdaşlıq platformalarının inkişafı məhz sabitlikdən asılıdır. Azərbaycan qlobal enerji təhlükəsizliyində mühüm rol oynayan ölkə kimi Cənubi Qafqazda risklərin minimuma endirilməsində maraqlıdır.
Beynəlxalq ictimaiyyət də prosesin gedişini diqqətlə izləyir. Vaşinqton sammitindən sonrakı proseslər göstərir ki, aparıcı aktorlar regionda sülhün bərqərar olmasını dəstəkləyir. Mövcud mənzərə göstərir ki, sülhə aparan yolun böyük hissəsi artıq qət edilib. Hüquqi məsələlərin tamamlanması isə zaman məsələsidir. Hər iki tərəf prosesə inamla yanaşır və sona qədər aparmaq əzmindədir.
MTM Analitik Qrupu