Ermənistanın xarici siyasətində enerji manevrləri - ŞƏRH

Ermənistan hökuməti artıq bir neçə ildir nüvə enerjisi ilə bağlı qərarsızlıq nümayiş etdirir. Gah Rusiya ilə danışıqlar aparıb Metsamor AES-in yenilənməsi və müqavilənin müddətinin uzadılmasını müzakirə edir, gah da ABŞ və digər dövlətlərlə başqa layihələri müzakirə edir. Belə bir vəziyyət isə Ermənistanı böyük güclərin enerji savaşı sahəsinə çevirir. Bu səbəbdən də Ermənistanın nüvə energetikası ilə bağlı qərarları bu ölkənin daxili və xarici siyasəti ilə yanaşı, regiona da təsir edir.
İlk olaraq, qeyd edək ki, Metsamor Atom Elektrik Stansiyası ölkənin enerji sisteminin bel sütunu olmaqla yanaşı, uzun illərdir Rusiyanın texnoloji və institusional təsirinin əsas mexanizmidir. “Rosatom” şirkətinin stansiyaya nəzarəti yalnız enerji təminatı ilə bağlı deyil, bu, eyni zamanda, Ermənistanın xarici siyasətində Moskvanın nüfuzunu qoruyan bir rıçaqdır. Ona görə də Ermənistanın alternativ enerji texnologiyalarına yönəlməsi Rusiyanın strateji maraqlarına birbaşa toxunur. Eyni zamanda, ABŞ və Avropa tərəfdən gələn texnoloji əməkdaşlıq siqnalları İrəvan üçün seçim imkanlarını genişləndirsə də, bunlar hələ tam reallaşmış müqavilələr deyil. Kiçik modul reaktorları və digər müasir sistemlər maliyyə, texniki uyğunluq və təhlükəsizlik baxımından hələ sınaq mərhələsindədir.
Metsamor AES-in öz xüsusiyyətləri məsələni daha da mürəkkəbləşdirir. Stansiyanın yaşı və seysmik zonada yerləşməsi uzun illərdir regional narahatlıqlar yaradır. Azərbaycan bu təhlükəyə diqqət çəkən əsas tərəflərdən biridir, eyni zamanda, beynəlxalq təşkilatlar da stansiyanın monitorinqi və təhlükəsizlik standartlarının yüksəldilməsi ilə bağlı çağırışlar edir. Türkiyə də region təhlükəsizliyi perspektivindən Metsamora diqqət yetirir və potensial risklərin qarşısının alınmasının vacibliyini vurğulayır. Bu, həm siyasi, həm də ekoloji narahatlıqların həm regional, həm də beynəlxalq səviyyədə nəzərə alındığını göstərir.
Baş nazir Nikol Paşinyanın son illərdə apardığı siyasət Ermənistanın xarici siyasətində daha çoxşaxəli model axtarışını ortaya qoyur. Ölkə KTMT ilə münasibətlərdə gərginlik yaşayarkən, Avropa İttifaqı və ABŞ ilə təhlükəsizlik sahəsində təmasları genişləndirməkdədir. Enerji müstəqilliyi bu kontekstdə yalnız texnoloji seçim deyil. Bu, həm də İrəvanın danışıqlar masasında manevr imkanlarını artıran strateji alətə çevrilir. Lakin enerji sahəsində alternativin yaranması, əlbəttə ki, avtomatik şəkildə geosiyasi dönüş demək deyil. Nüvə layihələri onilliklərə hesablanır və yalnız siyasi iradə ilə deyil, maliyyə resursları, texniki uyğunluq və beynəlxalq zəmanətlərlə reallaşa bilər.
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İrəvan səfəri, əslində, Vaşinqtonun Ermənistanda uzun illərdir davam edən Rusiya nüvə hegemonluğunu kökündən dəyişmək istəməsinin ən bariz göstəricisidir. Vensin burada nüvə energetikası, xüsusilə də Ermənistanın köhnəlmiş Metsamor Atom Elektrik Stansiyasının Amerika texnologiyaları ilə əvəzlənməsi barədə verdiyi mesajlar sadəcə iqtisadi təklif deyil, Rusiyanın regiondakı ən güclü "enerji qandalını" qırmaq cəhdidir. Vensin bu addımı Ermənistanı Rusiyanın "Rosatom" asılığından xilas etmək və İrəvanın Qərbə doğru istiqamətinə dəstək təklifidir. Bu, Ermənistanın təkcə işığını deyil, həm də siyasi gələcəyini kimin idarə edəcəyi ilə bağlı bir mübarizədir. Amerika tərəfi kiçik modulyar reaktorlar (SMR) təklif etməklə Ermənistana "suveren enerji" vədi verir ki, bu da İrəvanın Moskvadan gələn hər hansı təzyiq qarşısında daha dik dayanmasına şərait yarada bilər.
Təbii ki, Kremlin bu mənzərəyə sakit tamaşa etməsi qeyri-mümkündür. Rusiyanın reaksiyası adətən olduğu kimi həm diplomatik xəbərdarlıqlar, həm də "təhlükəsizlik qayğıları" pərdəsi altında gizlənən hədələrlə müşayiət olunur. Rusiya üçün Ermənistanın nüvə sektoruna Amerikanın girişi "qırmızı xətt"in keçilməsidir. Moskva bunu təkcə iqtisadi itki kimi deyil, həm də özünün "arxa baxçası" hesab etdiyi bölgədə strateji infrastrukturun nəzarətdən çıxması kimi qiymətləndirir. Rus rəsmilərinin və mediasının reaksiyalarından süzülən əsas fikir budur ki, Qərb texnologiyaları regionun seysmik və təhlükəsizlik reallıqlarına uyğun deyil və bu, "ikinci Çernobıl" riski yaradır. Lakin bu arqumentin arxasında yatan əsl qorxu Ermənistanın enerji xətlərinin Moskvadan kəsilib Vaşinqtona bağlanmasıdır. Vensin İrəvandakı çıxışları Rusiyanın regiondakı hərbi mövcudluğundan sonra ən böyük rıçaqı olan enerji dominantlığına birbaşa meydan oxumaqdır. Nəticə etibarilə, bu proses Cənubi Qafqazda yeni bir "soyuq müharibə" elementini, "atom diplomatiyası"nı ön plana çıxarır və görünən odur ki, İrəvan indi iki nəhəng gücün nüvə poliqonuna çevrilmək riski ilə üz-üzədir.
Nikol Paşinyanın dünən məsələ ilə bağlı verdiyi açıqlama balans siyasətini enerji sektoruna da tətbiq etməyə çalışdığını göstərir. Baş nazirin Metsamor AES-in istismar müddətini 2046-cı ilə qədər uzatmaq planı ilə yanaşı, ABŞ ilə "123-cü Saziş" (nüvə əməkdaşlığı memorandumu) imzalaması, onun Moskvanı tamamilə qəzəbləndirmədən Qərbə qapı açmaq cəhdidir. Paşinyan bu addımı ilə Ermənistanı bir növ "tender mərkəzi" kimi təqdim edir; o, Rusiya, ABŞ, Fransa, Çin və Cənubi Koreya arasından "ən sərfəli marağı" seçəcəyini bəyan etməklə, həm daxili auditoriyaya suverenlik mesajı verir, həm də Vaşinqtonun 9 milyard dollarlıq potensial investisiya vədinə (5 milyard ixrac + 4 milyard xidmət) yaşıl işıq yandırır.
Əsas sual budur: Ermənistan balans siyasətini davam etdirərək həm Moskva, həm də Qərblə əməkdaşlığı paralel şəkildə saxlaya biləcəkmi? Yoxsa seçim məcburi və kəskin olacaq?
Hikmət Həsənov