12 fevral

Süni intellekt erası: Azərbaycanın strateji seçimi - TƏHLİL

Texnoloji inqilabın dövlətlərin gələcək taleyini müəyyən etdiyi yeni mərhələdə müstəqil Azərbaycan öz inkişaf strategiyasını zamanın çağırışlarına uyğun şəkildə formalaşdırır. Rəqəmsallaşma və süni intellekt artıq təkcə texnoloji yenilik deyil, milli təhlükəsizlikdən iqtisadi inkişafa, dövlət idarəçiliyindən vətəndaş məmnunluğuna qədər geniş spektri əhatə edən strateji amilə çevrilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən və Azərbaycanın yeni rəqəmsal arxitekturasına həsr olunmuş müşavirədə səsləndirilən fikirlər bu sahədə praktik yol xəritəsi kimi qiymətləndirilə bilər. Dövlət başçısı çıxışı zamanı mövcud vəziyyətin konseptual təhlilini aparmaqla yanaşı, gələcək onilliklər üçün dövlət idarəçiliyinin prioritet hədəflərinin müəyyənləşdirilməsini mühüm vəzifə kimi ortaya qoyub.

Qlobal proseslər göstərir ki, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsallaşma sahəsində aparılan islahatlar ölkələrin rəqabət qabiliyyətini müəyyən edən əsas meyarlardan birinə çevrilir. Müşavirədə qeyd edildiyi kimi, 2030-cu ilə qədər süni intellektin dünya iqtisadiyyatına təxminən 16 trilyon ABŞ dolları həcmində əlavə dəyər qazandıracağı proqnozlaşdırılır. Bu göstərici süni intellektin milli inkişaf strategiyalarında prioritet istiqamətə çevrildiyini aydın şəkildə göstərir.

Azərbaycan son 15 ildə “elektron hökumət” quruculuğu istiqamətində mühüm nəticələr əldə edib. Prezidentin 23 may 2011-ci il tarixli “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanı bu istiqamətdə institusional əsasların formalaşdırılmasına xidmət edib. Elektron xidmətlərin tətbiqi dövlət orqanlarının fəaliyyətində çevikliyi və şəffaflığı artırmaqla yanaşı, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldib. Məsələn, 2007-ci ildən vergi bəyannamələrinin elektron formada təqdim edilməsi biznes mühitinin liberallaşdırılmasına və sahibkarlığın inkişafına mühüm töhfə verib. Bu gün elektron xidmətlər Azərbaycanın davamlı inkişaf modelinin ayrılmaz tərkib hissəsidir.

Ümumilikdə, rəqəmsallaşma müasir dünyada şəffaflığın, operativliyin və hesabatlılığın təminatlarından biri kimi çıxış edir. Məmur-vətəndaş təmasının minimuma endirilməsi və dövlət xidmətlərinin onlayn təqdimatı yeni texnoloji həllər sayəsində mümkün olur. Bu isə korrupsiya və bürokratik halların qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Vətəndaşın vahid mərkəzdən xidmət alması və məmnunluğunun təmin olunması dövlət idarəçiliyində yeni keyfiyyət mərhələsini ifadə edir.

Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, dövlət xidmətlərinin “my.gov” platforması üzərindən vahid mərkəzdə təqdim edilməsi həm vətəndaşlar, həm də dövlət qurumları üçün daha aydın və səmərəli mexanizmin formalaşmasına imkan yaradır. Bu yanaşma müxtəlif platformalar mərhələsinin arxada qaldığını və əldə olunmuş təcrübənin vahid sistemdə cəmləşdirilməsinin zəruriliyini göstərir.

Rəqəmsal transformasiyanın mühüm istiqamətlərindən biri idarəçilikdə innovativ həllərin tətbiqidir. 2023-cü ildən istifadəyə verilən “SİMA” biometrik imzanın qısa müddətdə 4 milyona yaxın istifadəçini əhatə etməsi atılan addımların cəmiyyət tərəfindən müsbət qarşılandığını göstərir. Bu sistem dövlət xidmətlərinə çıxışı asanlaşdırmaqla yanaşı, özəl sektorun, xüsusilə bank-maliyyə sahəsinin fəaliyyətində çevikliyi artırır.

Son müşavirə süni intellektin dövlət idarəçiliyində geniş tətbiqinin artıq konkret vəzifə kimi müəyyənləşdirildiyini göstərir. Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixində təsdiq etdiyi “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” bu baxımdan mühüm sənəddir. Strategiyada süni intellektin dövlət idarəçiliyi, iqtisadiyyat, sosial sahə, təhsil, səhiyyə, müdafiə və təhlükəsizlik kimi istiqamətlərdə dərin dəyişikliklərə səbəb olacağı vurğulanır. Eyni zamanda, mümkün çağırış və təhdidlər nəzərə alınaraq, bu sahədə milli koordinasiyanın gücləndirilməsi prioritet kimi müəyyən edilir.

Prezidentin təşəbbüsünə əsasən, hər bir dövlət qurumunda və nazirlikdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul olan ayrıca müavin müəyyənləşdirilməlidir. Bu funksiya üçün yeni ştat vahidinin yaradılması və ya mövcud müavinlərdən birinə həvalə olunması vahid koordinasiya sisteminin formalaşdırılmasına xidmət edəcək. Bu yanaşma dövlət qurumları arasında institusional əlaqələrin gücləndirilməsinə, qərar qəbuletmə prosesində analitik dəqiqliyin artırılmasına və resurslardan daha səmərəli istifadəyə imkan verəcək.

Rəqəmsal transformasiya kibertəhlükəsizlik məsələsini də ön plana çıxarır. Son illərdə Azərbaycanın məruz qaldığı aqressiv kiberhücumlar bu sahənin strateji əhəmiyyətini bir daha nümayiş etdirib. Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti rəqəmsal dövlətin təhlükəsizlik dayaqlarının möhkəmləndirilməsinə yönəlib.

Azərbaycanın süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıq olması strategiyanın qlobal inteqrasiya prinsipinə əsaslandığını göstərir. ABŞ və İsrail kimi qabaqcıl ölkələrlə əməkdaşlıq, imzalanan müqavilələr və texnologiya transferi bu sahədə potensialın daha da gücləndirilməsinə xidmət edir.

MTM Analitik Qrupu 

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?