12 fevral

Azərbaycanın müdafiə sənayesi məhsulları Afrikada da böyük maraq doğurur - MƏQALƏ

Afrika qitəsi tarixin bir çox dönəmində olduğu kimi bu gün də təhlükəsizlik baxımından dünyanın ən mürəkkəb regionlarından biridir. Bu geniş coğrafiyada bir sıra ölkələr hələ də siyasi qeyri-sabitlik, daxili silahlı münaqişələr, terrorizm, sərhəd problemləri və transmilli cinayətkarlıqdan əziyyət çəkir. Təbii ki, bu qəbildən olan hallar qitədə ölkələrin müdafiə qabiliyyətini gücləndirməsini zəruri edir. Bu səbəbdən Afrikada hərbi məhsullara ehtiyac həm kəmiyyət, həm də keyfiyyət baxımından aktuallaığını qoruyur.

Sözügedən regionda hərbi cəhətdən də bir sıra güclü dövlətlər, məsələn, Cənubi Afrika, Misir, Nigeriya, Əlcəzair və digərləri müdafiə sferasına yüksək xərclər ayırır. Lakin qitənin çox hissəsi hələ də modern silah sistemləri və müasir hərbi texnologiyalara çıxış məsələsində çətinliklərlə üzləşir. Belə bir mühit həm təhlükəsizlik təhdidlərinə qarşı çevik cavab vermə, həm də geosiyasi balansı qorumaq baxımından xarici hərbi məsləhət və texniki təminata yüksək tələb yaradır. Bununla yanaşı, qitədə terror qruplarının fəaliyyəti, sərhəd təhlükəsizliyi problemləri, dəniz quldurluğu və etnik zorakılıqlar kimi təhdidlər də mövcuddur. Müdafiə büdcələri baxımından isə bir çox Afrika ölkəsində qeyri-sabit iqtisadiyyat və xərclərin məhdudluğu səbəbindən qeyd edilən istiqamətə böyük vəsait ayırmaq mümkün olmur. Nəticədə qitədə ümumi hərbi xərclər dünyanın bir çox ölkələri ilə müqayisədə aşağıdır və çox ölkələr müasir hərbi avadanlıqları almaqda çətinlik çəkir. Bunların nəticəsində Afrika dövlətləri xarici silah bazarına, texniki dəstəyə və hərbi təlim imkanlarına ciddi şəkildə bağlı qalır. SIPRI kimi beynəlxalq tədqiqat institutlarının məlumatına görə, qitəyə ən çox silah tədarük edən ölkələr arasında ABŞ, Avropa, Rusiya, Çin yer alır.

O da xüsusi qeyd edilməlidir ki, Afrika müdafiə sənayesi məhsullarına tələb baxımından getdikcə daha cəlbedici bazarlar təklif edir. Bu fonda digər ölkələrin, o cümlədən Azərbaycan və qardaş Türkiyənin diqqətini Afrika bazarına da yönəltməsi tamamilə təbii xarakterə malikdir. Sözügedən kontekstdə Müdafiə Sənayesi Nazirliyinin məlumatına əsasən, Somali, Sudan və Burundinin müdafiə nazirlikləri Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən “World Defence Show 2026” beynəlxalq sərgisi çərçivəsində Azərbaycanın müdafiə sənayesi barədə məlumatlandırılıb. Müdafiə sənayesi naziri Vüqar Mustafayev Somalinin müdafiə naziri Ahmed Moallim Fiqi, Sudanın müdafiə naziri Hassan Daoud Kabroun Kayan və Burundinin müdafiə nazirinin müavini general Marius Ngendabanka ilə görüşüb. Görüşlərdə tərəflər öz ölkələrində müdafiə sənayesinin mövcud vəziyyəti, istehsal potensialı və prioritet istiqamətləri barədə ətraflı məlumat veriblər. Müzakirələr zamanı birgə tədqiqat imkanları, kadr hazırlığı, təcrübə mübadiləsi və ixtisaslaşmış təlim mexanizmləri, həmçinin innovativ texnologiyaların tətbiqi, rəqəmsal həllər, silah və texnikanın modernizasiyası, eləcə də sərgi çərçivəsində təqdim olunan yeniliklər və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Hesab olunur ki, bu kimi görüşlər, eləcə də “World Defence Show 2026” kimi sərgilər dünyanın bir çox ölkələrində olduğu kimi Afrikada da Azərbaycan müdafiə sənayesinin məhsullarına marağın artmasına səbəb olur. O da faktdır ki, Azərbaycan son illərdə müdafiə sənayesini prioritet sahələrdən biri kimi intensiv inkişaf etdirir. Dövlət tərəfindən bu sahəyə xeyli investisiyalar ayrılıb və yerli istehsal gücü artırılıb. Prezident İlham Əliyev bildirir ki, Azərbaycan artıq yerli hərbi məhsul istehsalını genişləndirərək Silahlı Qüvvələrin tələbatını qarşılayır və eyni zamanda ixrac imkanlarını artırır. Dövlət başçısı cari ilin əvvəlində yerli televiziya kanallarına müsahibəsində qeyd olunan xüsusda vurğulayıb: “Biz keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac olunub. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir... Yeniliklərdən biri də odur ki, biz böyük, dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgə müəssisələr yaratmışıq. Burada həm pilotsuz uçuş aparatları, artilleriya qurğuları, digər vasitələr, silah-sursat istehsalı nəzərdə tutulur”. Prezident İlham Əliyev müdafiə sənayesi ixracını qısa müddətdə 1 milyard dollara çatdırmaq məqsədi qoyduğunu və bu hədəfə 3-4 il ərzində nail olmağın mümkün olduğunu da bildirib.

Hazırda Azərbaycanın müdafiə sənayesi geniş çeşidli məhsullar istehsal edir: pilotsuz uçuş aparatları, artilleriya qurğuları, digər döyüş və müşahidə sistemləri, silah-sursat, xüsusi hərbi texnikalar və sair. Belə vəziyyətdə Afrika ölkələri ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq getdikcə daha çox müzakirə mövzusuna çevrilir. Afrika ölkələri Azərbaycan məhsullarını almağa maraqlıdırlar. Bir çox Afrika ölkələri üçün ənənəvi yüksək qiymətli Avropa və Amerika silah sistemləri maliyyə baxımından əlçatan deyil. Azərbaycan məhsulları isə daha sərfəli qiymətlərlə təqdim oluna bilər və bu, kiçik dünya dövlətlərinin imkanlarına uyğun gəlir.

Azərbaycan hazırda öz müdafiə sənayesini strateji olaraq gücləndirir və artıq bir neçə ölkəyə hərbi məhsullar ixrac edir. Afrika bazarı isə Azərbaycan üçün geosiyasi və iqtisadi diversifikasiya üçün mühüm potensiala malikdir. O da xüsusi qeyd olunmalıdır ki, Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlər son illərdə daha çox diplomatik və iqtisadi müstəvidə inkişaf etsə də, hərbi və hərbi-texniki əməkdaşlıən da burada xüsusi çəkisinin artması gözlənilir. Qlobal təhlükəsizlik mühitinin dəyişməsi, Afrika qitəsində artan təhlükəsizlik çağırışları və Azərbaycanın müdafiə sənayesində əldə etdiyi təcrübə bu sahədə əməkdaşlıq üçün mühüm bazis formalaşdırır.

Daha bir mühüm nüans odur ki, Azərbaycan postmünaqişə dövründə genişmiqyaslı minatəmizləmə əməliyyatları həyata keçirir və bu sahədə mühüm texniki, institusional təcrübə toplayıb. Afrikada da mina problemi olan ölkələr mövcuddur və qitə dövlətləri bu istiqamətdə də Azərbaycanla əməkdaşlıqdan yararlana bilər.

MTM Analitik Qrupu 

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?