11 fevral

Praqmatizm Bakını daha çox axtarılan tərəfdaşa çevirir - TƏHLİL

Hazırda Azərbaycan beynəlxalq münasibətlər sistemində heç vaxt olmadığı qədər artan strateji çəkisi və çoxşaxəli tərəfdaşlıq imkanları ilə diqqət mərkəzindədir. Mürəkkəb geosiyasi şəraitdə ölkəmiz regional və qlobal aktorlar tərəfindən mühüm və etibarlı tərəfdaş kimi qəbul olunur. Bu, ilk növbədə, uzun illər ərzində formalaşdırılmış müstəqil xarici siyasət kursunun, praqmatik enerji diplomatiyasının və milli maraqlara əsaslanan strateji qərarların məntiqi nəticəsidir.

Rəsmi Bakının balanslaşdırılmış və çoxvektorlu xarici siyasəti Azərbaycanın Qərb ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Ölkəmiz heç bir güc mərkəzindən asılı siyasət yürütməyib, qarşıdurma xəttinin iştirakçısına çevrilməkdən qəti şəkildə yayınıb. Milli maraqları əsas götürərək əməkdaşlığa açıq, öhdəliklərinə sadiq və proqnozlaşdırılan tərəfdaş imici formalaşdırıb. Avropa İttifaqı və NATO üzvü dövlətlərlə münasibətlərdə bu yanaşma aydın şəkildə özünü göstərir. Son illərdə bir sıra Qərb ölkələrinin Azərbaycanla siyasi dialoqu intensivləşdirməsi, iqtisadi və enerji sahələrində əməkdaşlığı genişləndirməsi də məhz bu etibarlı tərəfdaşlıq modelindən qaynaqlanır.

Azərbaycanın əlverişli geosiyasi mövqeyi onun beynəlxalq əhəmiyyətini artıran əsas amillərdəndir. Avrasiyanın mühüm nəqliyyat-kommunikasiya qovşağında yerləşən ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji körpü rolunu oynayır. Son illərdə ardıcıl şəkildə reallaşdırılan nəqliyyat və logistika layihələri Azərbaycanın yalnız enerji sahəsində deyil, həm də yükdaşımalar baxımından alternativsiz marşrutlardan birinə çevrildiyini göstərir. Bu kontekstdə Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz, Zəngəzur dəhlizi (TRIPP) və digər beynəlxalq layihələr regionun və daha geniş coğrafiyanın iqtisadi xəritəsini dəyişdirən təşəbbüslər kimi qiymətləndirilir.

Azərbaycanın Qərb üçün strateji əhəmiyyətini artıran əsas amillərdən biri qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrdir. Son otuz ildə həyata keçirilmiş irimiqyaslı neft-qaz layihələri ölkəmizi qlobal enerji bazarının mühüm iştirakçısına çevirib. Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Ərzurum, Cənub Qaz Dəhlizi və digər layihələr Avropanın enerji təchizatının şaxələndirilməsində həlledici rol oynayır. Enerji resurslarından geosiyasi təzyiq aləti kimi istifadə meyillərinin gücləndiyi bir dövrdə Azərbaycan etibarlı təchizatçı kimi seçilir. Bazar qaydalarına hörmət və qiymət manipulyasiyalarından uzaq siyasət ölkəmizə olan etimadı daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirlər də bu reallığı təsdiqləyir. Dövlət başçısının vurğuladığı kimi, hazırda Azərbaycan heç vaxt olmadığı qədər mühüm strateji tərəfdaşa çevrilib. Bunun əyani göstəricisi kimi, Azərbaycanın hazırda Avropa İttifaqının 10, NATO-nun isə 11 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalaması qeyd oluna bilər. Eyni zamanda, ölkəmizin Mərkəzi Asiya, Yaxın Şərq və digər mühüm regionlarda da strateji tərəfdaşları mövcuddur.

Ölkədə formalaşmış əlverişli investisiya mühiti də xüsusi vurğulanmalıdır. Son iki onillikdə ölkəyə cəlb edilmiş 350 milyard dollar həcmində sərmayə Azərbaycanın iqtisadi siyasətinə olan yüksək etimadın göstəricisidir. Beynəlxalq şirkətlərin uzun illərdir ölkədə uğurla fəaliyyət göstərməsi, imzalanmış sazişlərin dəyişməzliyi və hüquqi sabitlik Azərbaycanın biznes mühitinin əsas üstünlükləri sırasındadır.

Bu strateji kursun məntiqi davamı kimi, Bakıda fevralın 10-da imzalanmış “Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası” ikitərəfli münasibətlərin yeni mərhələyə keçdiyini rəsmiləşdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Sözügedən Xartiya tərəflər arasında əməkdaşlığın konkret mexanizmlərini, institusional çərçivəsini və prioritet istiqamətlərini müəyyən edən sistemli yol xəritəsidir. Sənəd siyasi dialoq, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, müdafiə və təhlükəsizlik, iqtisadiyyat, investisiyalar, innovasiyalar və yaşıl enerji kimi əsas sahələr üzrə qarşılıqlı fəaliyyət prinsiplərini təsbit edir.

Xartiyanın əsas üstünlüklərindən biri əməkdaşlığın davamlı və strateji xarakter daşımasını təmin etməsidir. Bu sənəd ABŞ-nin Azərbaycanın regional liderliyini və artan qlobal rolunu rəsmi şəkildə qəbul etdiyini, Bakının isə Vaşinqtonla münasibətləri qarşılıqlı hörmət və bərabər tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirməyə hazır olduğunu nümayiş etdirir.

Postmünaqişə dövründə Azərbaycanın Ermənistana münasibətdə nümayiş etdirdiyi konstruktiv mövqe də ölkəmizin regional liderlik mövqeyini gücləndirir. Tranzit yüklərə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması, neft məhsullarının tədarükünə başlanması rəsmi Bakının əməkdaşlığa və iqtisadi inteqrasiyaya açıq olduğunu göstərir. Bu addımlar eyni zamanda Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik üçün real zəmin yaradır. Azərbaycanın təşəbbüsləri regionu qarşıdurma zonasından əməkdaşlıq məkanına çevirməyə yönəlmiş strateji baxışın tərkib hissəsidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, etimad illərlə formalaşır və Azərbaycan bu etimadı sarsıdan addımlardan daim uzaq durub. Ölkəmiz əməkdaşlıq, qarşılıqlı fayda və sabitlik üzərində qurulan siyasəti ilə beynəlxalq sistemdə strateji əhəmiyyətini ildən-ilə artırmaqdadır.

MTM Analitik Qrupu 

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?