Vaşinqtondan Bakıya uzanan yeni xətt: Cənubi Qafqazın güc mərkəzi dəyişir

8 avqust 2025-ci il tarixli Vaşinqton bəyannaməsi Amerika Birləşmiş Ştatlarının Cənubi Qafqaz strategiyasında sadəcə taktiki korrektə deyil, tektonik xarakterli bir yanaşma dəyişikliyinin başlanğıc nöqtəsi kimi tarixə düşdü. Bu sənəd vasitəsilə rəsmi Vaşinqton ilk dəfə olaraq regionu “münaqişə sonrası idarəetmə zonası” kimi deyil, qlobal enerji, logistika və təhlükəsizlik zəncirinin ayrılmaz hissəsi kimi konseptuallaşdırdı. Bu yeni baxışın mərkəzində isə Azərbaycan dayanır. Vaşinqton bəyannaməsi açıq şəkildə göstərdi ki, ABŞ artıq Azərbaycanı Cənubi Qafqazın sadəcə iştirakçısı yox, hərbi-siyasi reallıqları müəyyən edən əsas aktor, etibarlı enerji tərəfdaşı və Avrasiya-Avropa xəttində qlobal logistik qovşaq kimi qəbul edir. Bu sənəd faktiki olaraq Azərbaycanın son onillikdə formalaşdırdığı suverenlik, hərbi güc və iqtisadi dayanıqlıq modelinin beynəlxalq səviyyədə rəsmən tanınması anlamına gəlir.
Məhz bu yeni strateji çərçivə daxilində ABŞ-nin vitse-prezidenti Cey Di Vensin İrəvan və Bakı səfərləri sıradan diplomatik tur yox, yeni regional konfiqurasiyanın praktik icrasına start verən siyasi missiya kimi dəyərləndirilməlidir. Vensin səfərlərinin ideoloji və iqtisadi onurğasında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”, yəni TRİPP layihəsi dayanır. Vaşinqton bu marşrutu regionun iqtisadi skeleti, Azərbaycanın liderliyi ilə formalaşan yeni nizamın isə əsas dayağı kimi görür.
Vensin İrəvanda verdiyi açıqlamalar sülh prosesinə ABŞ-nin artıq prosedur xarakterli vasitəçilik prizmasından yanaşmadığını açıq şəkildə nümayiş etdirdi. O, 2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri tərəfindən paraflanmış çərçivə bəyannaməsinin tammiqyaslı sülh müqaviləsinə çevrilməsi üçün vaxtın yetişdiyini vurğuladı və tərəfləri konkret, qətiyyətli addımlar atmağa çağırdı. Bu mesajlar onu göstərir ki, Vaşinqton artıq passiv müşahidəçi deyil; ABŞ özünü bu prosesin zəmanətçisi və icra mexanizmlərinin təminatçısı kimi təqdim edir. Bu isə Azərbaycan tərəfinin illərdir müdafiə etdiyi fundamental prinsipin, yəni sülhün yalnız kağız üzərində deyil, real hərbi-siyasi balans əsasında mümkün olması tezisinin beynəlxalq səviyyədə tam qəbul edilməsi deməkdir.
Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, ABŞ administrasiyası Ermənistan rəhbərliyinə sülhü artıq bir siyasi seçim kimi yox, regional inkişafdan kənarda qalmamaq üçün yeganə rasional yol kimi təqdim edir. Bu yanaşma İrəvan üçün aydın mesajdır: yeni regional arxitektura Azərbaycanın suverenliyi və liderliyi üzərində qurulur və bu reallıqla hesablaşmamaq Ermənistanı uzunmüddətli iqtisadi və siyasi izolyasiyaya sürükləyə bilər.
Vensin Bakı səfəri isə ABŞ-Azərbaycan münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlandığını göstərir. Vitse-prezidentin Ermənistandakı açıqlamalarında Azərbaycanın bir neçə dəfə “vazkeçilməz regional tərəfdaş” kimi xarakterizə olunması təsadüfi deyildi. Bu ifadə Vaşinqtonun regiondakı hərbi və təhlükəsizlik balansına artıq realist və praqmatik yanaşdığının göstəricisidir. Bu kontekstdə Azərbaycanın suverenliyinə açıq siyasi dəstək və ölkənin hərbi-texnoloji potensialının gücləndirilməsi ABŞ-nin Cənubi Qafqaz üzrə təhlükəsizlik arxitekturasının ayrılmaz elementi kimi formalaşır. Azərbaycanın uzun illərdir həyata keçirdiyi hərbi diversifikasiya siyasəti ABŞ-nin regional maraqları ilə üst-üstə düşür və bu, tərəfdaşlığı qısamüddətli siyasi konjonkturalardan çıxararaq strateji dayanıqlılıq müstəvisinə daşıyır.
Bu əməkdaşlıq modeli təkcə ikitərəfli münasibətlər deyil, eyni zamanda, regionda yeni güc balansının qorunması baxımından da əhəmiyyətlidir. Vaşinqton açıq şəkildə qəbul edir ki, Cənubi Qafqazda sabitlik yalnız güclü, suveren və iqtisadi cəhətdən müstəqil Azərbaycanın mövcudluğu ilə mümkündür. Bu yeni sülh memarlığının iqtisadi sütununu isə TRİPP layihəsi təşkil edir. Zəngəzur dəhlizinin beynəlxalq ticarət və logistika sisteminə tam inteqrasiyasını nəzərdə tutan bu təşəbbüs sadəcə nəqliyyat marşrutu deyil; TRİPP Azərbaycanın əsas ərazisini Naxçıvanla, dolayısı ilə Türkiyə və Avropa bazarları ilə birləşdirən çoxlaylı strateji arteriyadır.
Bu marşrut çərçivəsində enerji xətləri, fiber-optik rabitə sistemləri, rəqəmsal və logistika infrastrukturu vahid ekosistem kimi formalaşdırılır. Vensin açıqlamalarında bu layihənin maliyyələşdirilməsi üçün qlobal kapitalın artıq hazır olduğu və ABŞ-nin təşəbbüsü ilə irəli sürülən “Kritik Minerallar Bloku” çərçivəsində Azərbaycanın Orta Asiya resurslarının Qərbə çatdırılmasında əsas tranzit qovşağına çevriləcəyi xüsusi vurğulandı. Vaşinqton bu iqtisadi inteqrasiyanı regionda sülhün ən güclü təminat mexanizmi kimi qiymətləndirir. Çünki TRİPP təkcə Azərbaycanın yox, Ermənistanın da alternativ enerji və nəqliyyat layihələrinə çıxışını təmin etməklə onu Rusiyadan asılılıqdan mərhələli şəkildə uzaqlaşdırmaq potensialına malikdir. Bu isə regionda Azərbaycanın dominant rolu üzərində qurulan uzunmüddətli və sabit sülh erasının əsasını qoyur.
Beləliklə, Vensin səfəri və Vaşinqton bəyannaməsi Cənubi Qafqazda geri dönüşü olmayan yeni bir mərhələnin başladığını göstərir. Bu mərhələnin mərkəzində isə Azərbaycanın suverenliyi, hərbi gücü və iqtisadi liderliyi dayanır. ABŞ artıq regiona köhnə “münaqişə tərəfləri” prizmasından baxmır; yeni konfiqurasiya Azərbaycanın müəyyənedici rolu üzərində formalaşır. Bu reallıqla hesablaşanlar regional rifahın bir hissəsinə çevriləcək, müqavimət göstərənlər isə tarixdən kənarda qalacaqlar.
Hikmət Həsənov