TRIPP layihəsi regionda sabitliyə və təhlükəsizliyə əlavə təminatlar yaradır - TƏHLİL

Son aylarda Cənubi Qafqazda müşahidə olunan dinamik proseslər regionun gələcək inkişafı ilə bağlı nikbin mənzərə formalaşdırır. Münaqişə mərhələsinin tədricən sülh və əməkdaşlıqla əvəzlənməsi, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası qlobal güclərin regiona marağının artması ilə müşayiət olunur. ABŞ-nin vitse-prezidenti Cey Di Vensin regiona səfəri çərçivəsində İrəvanda Zəngəzur dəhlizi – TRIPP layihəsi (Beynəlxalq Sülh və Firavan Həyat naminə Tramp Marşrutu) ilə bağlı səsləndirdiyi fikirlər bu prosesin artıq siyasi bəyanatlar mərhələsindən real icra müstəvisinə keçdiyini göstərir.
Xatırladaq ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüş zamanı ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan bir sıra mühüm razılaşmalar sülh və etimad quruculuğu ilə yanaşı, Zəngəzur dəhlizinin – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun reallaşmasına ciddi təkan verib. Vaşinqton sammiti bu baxımdan Cənubi Qafqazda kommunikasiyaların və ticarət əlaqələrinin bərpası, qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün yeni siyasi və iqtisadi reallıqlar yaradıb.
İkinci Qarabağ müharibəsindən sonra layihənin reallaşmasına qarşı çıxan və onun əhəmiyyətini qəbul etməkdən yayınan Ermənistan rəhbərliyinin hazırda rəsmi Bakı ilə eyni mövqedən çıxış etməsi regional proseslərin məntiqi nəticəsi kimi qiymətləndirilir. Azərbaycanın maraqlarına tam cavab verən bu layihənin icrasında ABŞ-nin siyasi, təhlükəsizlik və maliyyə təminatı xüsusi əhəmiyyət daşıyır.
Son aylarda TRIPP-in icrası ilə bağlı ABŞ və Ermənistan nümayəndələri arasında aparılan müzakirələrin intensivləşməsi göstərir ki, layihənin qısa müddətdə reallaşdırılması bütün tərəflərin maraqlarına cavab verir. Cey Di Vensin İrəvanda dəhlizin əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər TRIPP-in ABŞ və Qərb üçün strateji əhəmiyyətini açıq şəkildə ortaya qoyur. ABŞ-nin vitse-prezidenti layihənin regionda ticarət, tranzit və enerji axınlarını gücləndirəcəyini, qarşılıqlı iqtisadi əlaqələr yaradacağını və bunun sülh üçün əsas təminat rolunu oynayacağını vurğulayıb.
Bu yanaşma ABŞ-nin Cənubi Qafqazda sülhyaratma mexanizmi kimi iqtisadi əməkdaşlığa üstünlük verdiyini göstərir. TRIPP-in əsas üstünlüyü region ölkələrini bir-birinə bağlayan, qarşılıqlı inam və etimad formalaşdıran yeni əməkdaşlıq modeli kimi çıxış etməsidir. Ticarət, enerji və logistika sahələrində yaranan qarşılıqlı asılılıq hərbi eskalasiya risklərini azaldır və siyasi dialoqu qaçılmaz edir. Bu baxımdan TRIPP təkcə iqtisadi layihə deyil, eyni zamanda faktiki olaraq hərbi-siyasi təhlükəsizlik aləti funksiyasını yerinə yetirir. ABŞ-nin “TRIPP Enterprise Fund” vasitəsilə layihəyə özəl kapital cəlb etməyi planlaşdırması marşrutun uzunmüddətli və institusional xarakter daşıdığını təsdiqləyir.
Azərbaycanın irəli sürdüyü bu layihənin beynəlxalq iqtisadi və siyasi əməkdaşlığın mühüm bağlantısına çevrilməsi ölkəmizin regional liderliyini daha da möhkəmləndirir. Zəngəzur dəhlizi – TRIPP İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın formalaşdırdığı yeni regional reallıqların məntiqi nəticəsi kimi siyasi gündəmə daxil olub. Layihə ölkəmizin regionda əsas tranzit və logistika mərkəzinə çevrilməsi strategiyasının ayrılmaz hissəsidir.
Əhəmiyyətli məqamlardan biri ondan ibarətdir ki, layihə Azərbaycanın milli maraqlarına uyğun şəkildə reallaşdırılır. Dəhliz çərçivəsində Azərbaycan vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərinin Ermənistan ərazisindən sərhəd və gömrük nəzarəti olmadan maneəsiz keçidi əsas prinsip kimi qəbul edilir. Bu, Azərbaycanın suveren hüquqlarının və təhlükəsizlik tələblərinin beynəlxalq səviyyədə tanınmasının bariz göstəricisidir.
ABŞ-nin layihəni məhz bu prinsiplər əsasında dəstəkləməsi Azərbaycanın regiondakı lider mövqeyinin qəbul edildiyini göstərir. Cey Di Vensin səfəri fonunda səsləndirilən mesajlar onu deməyə əsas verir ki, Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Ağ Ev TRIPP-in icrasının qarantı rolunda çıxış edəcək. Bu isə Zəngəzur dəhlizinin siyasi manipulyasiya alətindən çıxaraq konkret funksional marşruta çevrilməsi deməkdir.
TRIPP layihəsi Ermənistan üçün də yeni perspektivlər açır. Uzun illər regional layihələrdən kənarda qalan Ermənistan üçün bu marşrut iqtisadi və siyasi baxımdan alternativ inkişaf yoluna çevrilə bilər. Kommunikasiyaların açılması Ermənistanı tranzit ölkəyə çevirərək onu regional iqtisadi proseslərə inteqrasiya edə bilər ki, bu da ölkənin tədricən Rusiyanın təsir dairəsindən çıxmasına zəmin yaradır.
Layihə həm də daha geniş coğrafiyanı əhatə edən çoxşaxəli əməkdaşlıq imkanları yaradır. Zəngəzur dəhlizi – TRIPP marşrutu Cənubi Qafqazla Orta Asiya arasında strateji körpü rolunu oynayacaq. Azərbaycan üzərindən keçən nəqliyyat və enerji xətləri Xəzər hövzəsini, Orta Asiyanı və Avropa bazarlarını birləşdirərək regionu qlobal ticarət və enerji təhlükəsizliyi sisteminin vacib həlqəsinə çevirəcək.
ABŞ vitse-prezidentinin Ermənistanda TRIPP layihəsi ilə bağlı səsləndirdiyi fikirlər Cənubi Qafqazda yeni əməkdaşlıq mərhələsinin başlandığını göstərir. Bu mərhələ iqtisadi əməkdaşlıq üzərində qurulan təhlükəsizlik modelinə əsaslanır və TRIPP bu mənada regionun gələcək siyasi və təhlükəsizlik xəritəsini formalaşdıran əsas alətlərdən biri kimi çıxış edir.
MTM Analitik Qrupu