Kilsədən Olimpiadaya uzanan revanşizm - TƏHLİL

XXV Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürmə cütlüyünün separatçı məzmun daşıyan “Arsax” adlı musiqidən istifadə cəhdi və bu təxribatın Azərbaycanın qətiyyətli etirazı nəticəsində qarşısının alınması baş verənlərin yalnız görünən tərəfidir. Əslində, bu hadisə Ermənistan daxilində dərin kök salmış, dövlət institutlarından kilsəyə qədər uzanan və regionda yeni müharibə risklərini qızışdıran revanşist düşüncə sisteminin növbəti təzahürüdür.
Ermənistanda sülh prosesinə qarşı ən radikal müqavimət mərkəzlərindən biri məhz Erməni Apostol Kilsəsidir. Son dövrlərdə kilsə xadimləri öz ruhani missiyalarından kənara çıxaraq açıq şəkildə siyasi proseslərə müdaxilə edir, cəmiyyəti Azərbaycana qarşı yeni qarşıdurmaya səsləyən çağırışlar edirlər. Kilsə rəhbərliyi Azərbaycanın suveren ərazilərinə dair iddiaları “mənəvi borc” kimi təqdim etməklə ictimai rəyin radikallaşmasına xidmət edir. Sərhədlərin delimitasiyası və normallaşma istiqamətində real addımlar atıldıqca, kilsə nümayəndələrinin küçə yürüşlərinə rəhbərlik etməsi və cəmiyyəti dövlətçilik maraqları əvəzinə xəyali “böyük Ermənistan” ideologiyası ətrafında səfərbər etməsi dini qurumun siyasi alətə çevrildiyini açıq şəkildə göstərir.
Müharibədə üzləşdiyi ağır məğlubiyyətə baxmayaraq, Ermənistan cəmiyyətinin müəyyən hissəsi hələ də revanşist ritorikanın təsiri altındadır. Daxili siyasi dairələr və diaspor strukturlarının nəzarətində olan media resursları ictimai rəyə yanlış təsəvvür aşılayaraq, güc toplanacağı təqdirdə Azərbaycanın ərazilərinə yenidən iddia irəli sürməyin mümkün olduğu fikrini yayır. Nəticədə “sülh” anlayışı cəmiyyətdə “təslimiyyət” kimi təqdim edilir ki, bu da normallaşma prosesinə qarşı müqaviməti gücləndirir. Sosial şəbəkələrdə və yerli mediada Azərbaycanın ərazi bütövlüyünü hədəfə alan xəritə və şüarların yayılması gənc nəslin ideoloji baxımdan radikallaşdırılmasına xidmət edir.
Nikita Raxmanin və Karina Akopova cütlüyünün “Arsax” musiqisindən istifadə cəhdi də məhz bu daxili siyasi-ideoloji atmosferin məhsuludur. Ermənistan tərəfi beynəlxalq idman platformalarını separatçı ideologiyasını legitimləşdirmək üçün alət kimi görür. Lakin Azərbaycanın Milli Olimpiya Komitəsinin operativ reaksiyası və Beynəlxalq Konkisürmə Birliyinin (ISU) bu təxribatın qarşısını alması göstərdi ki, separatizmin incəsənət və ya musiqi pərdəsi altında təbliği artıq beynəlxalq müstəvidə qəbul edilmir.
Mövcud faktlar onu göstərir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını ləngidən əsas tərəf məhz Ermənistanın özüdür. Rəsmi İrəvan beynəlxalq platformalarda sülh tərəfdarı görüntüsü yaratmağa çalışsa da, daxildə kilsə və revanşist dairələrin təzyiqi altında təxribatçı addımlardan geri çəkilmir. Ermənistan qanunvericiliyində Azərbaycanın ərazilərinə qarşı açıq və ya gizli iddiaların qalması sülh niyyətlərinin səmimiliyinə ciddi şübhələr yaradır.
Ermənistan cəmiyyəti və kilsə rəhbərliyi anlamalıdır ki, revanşizm və yeni işğal xəyalları ölkəni yalnız daha dərin siyasi və təhlükəsizlik böhranına sürükləyə bilər. Azərbaycan bu gün regionda real güc faktorudur və status-kvonun zorla dəyişdirilməsi cəhdlərinə istənilən müstəvidə — istər diplomatik, istər idman, istərsə də təhlükəsizlik sahəsində — qətiyyətlə cavab verəcək. Sülhə aparan yol təxribatçı ritorikadan və separatçı simvollardan deyil, real və səmimi siyasi iradədən keçir.
Azadxan Axundov