10 fevral

Pensiyaçılara yeni artım dalğası – kim nə qədər alacaq?

Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” yeni Sərəncam 1,1 milyon pensiyaçının gəlirlərinin artırılmasını təmin edir.

Təhlil.az xəbər verir ki, bunu Sərəncama əsasən pensiyaların indeksləşdirilməsi ilə bağlı keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bildirib.

Nazir müavini qeyd edib ki, Sərəncama əsasən bütün növ pensiyalar 2025-ci il üzrə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq 9,3 faiz indeksləşdirilib və bu artım 2025-ci il yanvarın 1-dən qüvvəyə minib. Pensiya artımı pensiyaçıların müraciəti olmadan, tam avtomatik şəkildə elektron sistem üzərindən həyata keçirilir.

R.Mustafayevin sözlərinə görə, yeni indeksasiya üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb. O vurğulayıb ki, bu artım inflyasiya səviyyəsini üstələyir.

Açıqlamaya əsasən:

  • Orta aylıq pensiya 543 manatdan 593 manata,
  • Yaşa görə orta aylıq pensiya isə 578 manatdan 632 manata yüksəlib.

Bu, 2018-ci illə müqayisədə orta aylıq pensiyanın 2,8 dəfə, yaşa görə pensiyanın isə 2,7 dəfə artması deməkdir.

Nazir müavini bildirib ki, son illərdə həyata keçirilən 5 sosial islahat paketi nəticəsində minimum pensiya da 110 manatdan 320 manata çatdırılıb. 2025-ci ildə pensiyaların maliyyələşdirilməsi üçün 7 milyard 993 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2018-ci illə müqayisədə 2,3 dəfə artım deməkdir.

R.Mustafayev əlavə edib ki, yeni Sərəncama əsasən sığortaolunanların fərdi hesablarında toplanmış pensiya kapitalları da 5,6 faiz artırılıb və bu proses də avtomatik şəkildə həyata keçirilir.

Onun sözlərinə görə, bu mexanizm əmək müqaviləsi ilə çalışan şəxslər üçün stimullaşdırıcı amil rolunu oynayır.

Nazir müavini qeyri-formal məşğulluqda çalışan vətəndaşları da əmək fəaliyyətlərini rəsmiləşdirməyə çağırıb ki, gələcəkdə dövlət tərəfindən pensiya kapitallarının indeksləşdirilməsi imkanlarından yararlana bilsinlər.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?