Güclü ordu, dəyişməz sülh: Azərbaycanın müdafiə sənayesində yeni era - MƏQALƏ

Azərbaycanın müdafiə strategiyası son illərdə təkcə regional deyil, eyni zamanda qlobal miqyasda da ciddi transformasiya mərhələsindən keçir. Global Firepower portalının 2026-cı il üçün açıqladığı yenilənmiş hərbi güc hesabatında Azərbaycanın Cənubi Qafqazın şəksiz lideri kimi dünyada 60-cı pillədə qərarlaşması ölkəmizin modern hərbi quruculuq yolunda atdığı addımların beynəlxalq səviyyədə tanındığını göstərir.
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən "World Defense Show" sərgisi çərçivəsində Azərbaycan ilə Slovakiya arasında imzalanan 210 milyon avroluq iri həcmli müqavilə isə bu güc faktorunun yalnız kəmiyyət deyil, eyni zamanda strateji keyfiyyət göstəricisi olduğunu nümayiş etdirir. Sövdələşmə Azərbaycanın dövlət maraqlarını qorumaq üçün hərbi potensialını ən müasir texnologiyalarla gücləndirməkdə qətiyyətli olduğunu bir daha təsdiqləyir.
Bu müqavilənin əsas cəhətlərindən biri Azərbaycanın hərbi tədarük zəncirində apardığı strateji diversifikasiya siyasətidir. Uzun illər Türkiyə və İsrail kimi hərbi-sənaye nəhəngləri ilə dərin əməkdaşlıq quran Bakı indi də Avropa İttifaqı və NATO üzvü olan Slovakiya ilə genişmiqyaslı tərəfdaşlığa start verir. Bu yanaşma təkcə silahların çeşidləndirilməsi deyil, həm də Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirərək istənilən mənbədən asılılığı minimuma endirmək iradəsinin göstəricisidir.
210 milyon avroluq çərçivə sazişi Slovakiyanın dövlətə məxsus müdafiə sənayesi üçün tarixindəki ən iri müqavilələrdən biri olmaqla yanaşı, Azərbaycanın qitə Avropasında etibarlı və strateji tərəfdaş mövqeyini də möhkəmləndirir.
Texnoloji baxımdan müqavilənin əsas predmetini təşkil edən "CAM-120" avtomatik minaatan sistemləri Azərbaycan Ordusunun “vur-qaç” taktikasına əsaslanan mobil artilleriya potensialını yeni mərhələyə yüksəldir. İlkin mərhələdə tədarükü nəzərdə tutulan 96 ədəd minaatan yüksək atəş sürəti və rəqəmsal atəş-idarəetmə sistemləri hesabına döyüş meydanında mühüm üstünlük yaradacaq. Bu sistemlər ordunun manevr imkanlarını artıraraq düşmənin əks-batareya atəşinə məruz qalmadan tapşırıqların dəqiqliklə icrasına şərait yaradır. Beləliklə, Azərbaycan Ordusu yalnız insan resursları ilə deyil, saniyələrin həlledici rol oynadığı yüksək texnoloji həllərlə də güclənir.
Müqavilənin analitik dəyərini artıran digər mühüm məqam tərəflər arasında texnologiya transferi və birgə istehsal perspektivlərinin nəzərdə tutulmasıdır. Slovakiyanın müdafiə naziri "Robert Kalinak"ın “iki əsas inkişaf istiqaməti” kimi təqdim etdiyi yanaşma gələcəkdə bu sistemlərin lokallaşdırılmasının mümkünlüyündən xəbər verir. Bu isə Azərbaycanın təkcə silah idxal edən deyil, eyni zamanda daxili istehsal imkanlarına malik hərbi-sənaye mərkəzinə çevrilməsi hədəfinə xidmət edir. Birgə müəssisələrin yaradılması və texniki xidmətin ölkə daxilində təşkili ordunun logistik müstəqilliyini gücləndirməklə yanaşı, yeni iş yerlərinin açılması və yerli mühəndis kadrlarının formalaşması deməkdir.
Bütün bu hərbi-texniki inkişafın mərkəzində Azərbaycanın sülhpərvər, lakin qətiyyətli dövlət fəlsəfəsi dayanır. Azərbaycan dövləti müdafiə qabiliyyətinin gücləndirilməsini hər zaman xarici siyasətinin əsas prioritetlərindən biri hesab edib. Çünki güclü ordu sülhün ən etibarlı təminatçısıdır. Azərbaycanın hərbi gücü heç bir ölkəyə qarşı təcavüz məqsədi daşımır, əksinə, beynəlxalq hüququn prinsiplərini və regionda ədalətli sülhü qorumağa yönəlib. Slovakiya ilə imzalanan bu saziş də məhz “sülh naminə güclənmək” strategiyasının bariz nümunəsi kimi çıxış edir.
Hikmət Həsənov