10 fevral

2027-ci il Yer kürəsi üçün ən isti il ola bilər

Sakit okeanın səthində baş verən dəyişikliklər Yer kürəsinin temperatur göstəricilərini yenidən “oynada” bilər. İqlim alimlərinin diqqət mərkəzində olan “El-Ninyo” tendensiyası növbəti illər üçün narahatedici ssenarilər yaradır. Əgər bu proses formalaşarsa, 2027-ci il qlobal istilik tarixində ən isti il kimi qeydə alına bilər.

Təhlil.az xəbər verir ki, Milli Okean və Atmosfer Administrasiyası (NOAA) və Avstraliyanın Meteorologiya Bürosunun (BOM) açıqladığı məlumata əsasən,  bəzi iqlim modelləri artıq bu ilin sonuna doğru “El-Ninyo” ehtimalının artdığını göstərir.

Lakin hər iki qurum proqnozların hələlik tam dəqiqləşmədiyini və qeyri-müəyyənliyin qalmaqda olduğunu vurğulayır.

Məsələ ondadır ki, “El-Ninyo” Sakit okeanın şərq hissəsində dəniz səthinin normadan artıq istiləşməsi ilə müşayiət olunur. Bu isə sadəcə okean hadisəsi deyil, qlobal istiliyin artmasına birbaşa təsir edən iqlim mexanizmidir.

Tarixi müşahidələr göstərir ki, “El-Ninyo” dövrlərində dünya üzrə temperatur göstəriciləri sıçrayış edir, ekstremal hava hadisələri daha tez-tez baş verir.

Avstraliya üçün bu proses adətən daha isti və daha quraq hava şəraiti deməkdir. Digər regionlarda isə sel, quraqlıq və istilik dalğaları kimi risklər arta bilər.

Alimlərin hesablamalarına görə, iyun–avqust aylarında “El-Ninyo”nun yaranması ilə neytral iqlim vəziyyəti arasında ehtimal demək olar ki, 50/50 nisbətindədir. Yəni proses hələ “kilidlənməyib”, amma risk açıq şəkildə ortadadır.

Mütəxəssislər xüsusilə vurğulayırlar ki, əgər 2026-cı ilin sonuna doğru yeni “El-Ninyo” dalğası formalaşarsa, onun əsas təsirləri 2027-ci ildə özünü göstərəcək. Bu da qlobal temperaturun rekord hədləri aşması ehtimalını ciddi şəkildə artırır.

Bir sözlə, okeandakı bu “səssiz istiləşmə” yaxın illərdə planetin iqlim balansını yenidən sınağa çəkə bilər və 2027-ci il bu sınağın ən sərt mərhələsi ola bilər.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?