10 fevral

Enerjidən texnologiyaya: ABŞ şirkətlərinin Azərbaycana artan marağı - ŞƏRH

Qlobal iqtisadiyyatın dəyişən şərtləri fonunda Qərb, o cümlədən ABŞ şirkətlərinin xarici bazarlara yönəlməsi yeni imkanlar və strateji tərəfdaşlıqlar formalaşdırır. Bu kontekstdə Azərbaycan hər zaman Qərb biznes dairələrinin diqqətini cəlb edən mühüm regional mərkəzlərdən biri kimi çıxış edib və bu meyl son illərdə daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Ölkəmizin əlverişli geostrateji mövqeyi, zəngin enerji resursları, inkişaf edən qeyri-neft sektoru, siyasi sabitliyi və geniş tranzit imkanları ABŞ də daxil olmaqla Qərb şirkətlərinin Azərbaycana marağını şərtləndirən əsas amillər sırasında yer alır.

Məlumdur ki, ABŞ–Azərbaycan iqtisadi əməkdaşlığının təməli hələ 1990-cı illərdə enerji sektorunda qoyulub. “Əsrin müqaviləsi” çərçivəsində ABŞ-ın aparıcı enerji şirkətləri Xəzər hövzəsində həyata keçirilən neft-qaz layihələrində fəal iştirak ediblər. Bu əməkdaşlıq təkcə iqtisadi deyil, eyni zamanda siyasi və təhlükəsizlik baxımından da strateji xarakter daşıyıb. ABŞ şirkətlərinin Azərbaycana gəlişi ölkənin beynəlxalq enerji bazarına inteqrasiyasını sürətləndirib və onu etibarlı enerji tərəfdaşı kimi tanıdıb.

Hazırda isə ABŞ şirkətlərinin marağı yalnız enerji sektoru ilə məhdudlaşmır. İnformasiya texnologiyaları, bərpaolunan enerji, kənd təsərrüfatı, logistika, maliyyə xidmətləri, səhiyyə və müdafiə sənayesi kimi sahələrdə də Amerika biznesinin ölkəmizə marağı artmaqdadır. Bu tendensiyanı Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi fonunda da aydın şəkildə görmək mümkündür.

Nümayəndə heyətində Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, eləcə də “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, bp, “Boeing Global”, “Honeywell”, “J.P. Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri təmsil olunub.

Azərbaycan üçün bu cür şirkətlərlə əməkdaşlıq iqtisadi inkişaf, texnologiya transferi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki bu şirkətlər qlobal iqtisadiyyatın, texnologiyanın və enerji sisteminin aparıcı “ağır çəkililəri” hesab olunur. Görüş zamanı Prezident İlham Əliyev də bu məqama toxunaraq qeyd edib ki, Azərbaycan–ABŞ münasibətləri hazırda ümidverici və fəal yeni mərhələyə qədəm qoyur və ABŞ vitse-prezidentinin gözlənilən səfəri ərəfəsində bu nümayəndə heyətinin gəlişi xüsusi əhəmiyyət kəsb edir. Prezident vurğulayıb ki, tərəflər arasında biznes, sərmayə və ticarət münasibətləri strateji gündəliyin əsas tərkib hissələrindən biridir və bu səfərdən sonra müxtəlif istiqamətlər üzrə daha fəal təmasların şahidi olunacağı gözlənilir.

“Apple”, “Meta”, “Ericsson AB”, “Motorola Solutions” və “Honeywell” kimi şirkətlər qlobal rəqəmsal transformasiyanın aparıcı qüvvələri hesab olunur. “Apple” istehlak texnologiyalarında innovasiya standartlarını müəyyən edir, “Meta” qlobal rəqəmsal ünsiyyət mühitini formalaşdırır, “Ericsson AB” isə 4G və 5G infrastrukturunun qurulmasında əsas rol oynayır. “Motorola Solutions” ictimai təhlükəsizlik və kritik rabitə sistemləri sahəsində dünya lideridir. Azərbaycan üçün bu şirkətlərlə əməkdaşlıq ilk növbədə rəqəmsal iqtisadiyyatın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

“ExxonMobil”, bp, “Shell International”, “Baker Hughes”, “Lummus Technology” və “Ardea Energy Technologies Inc.” qlobal enerji bazarlarının əsas oyunçularıdır. Bu şirkətlər neft-qaz hasilatı və emalı, maye qaz, eləcə də bərpaolunan və aşağı karbon texnologiyaları sahəsində aparıcı mövqeyə malikdirlər. Onlar enerji təhlükəsizliyinin təmin olunmasında və qlobal bazarların sabitliyində mühüm rol oynayırlar. Xüsusilə bp və digər beynəlxalq enerji şirkətləri Azərbaycanın enerji sektorunun inkişafında və Xəzər hövzəsinin qlobal bazarlara çıxarılmasında həlledici rol oynayıb. “Baker Hughes” və “Lummus Technology” kimi şirkətlər isə texnoloji həllərlə sənayenin modernləşməsinə töhfə verirlər. “Ardea Energy” kimi şirkətlərin fəaliyyəti Azərbaycanın “yaşıl enerji” strategiyası və dekarbonizasiya hədəfləri ilə üst-üstə düşür.

“J.P. Morgan”, “Visa” və “Mastercard” qlobal maliyyə sisteminin əsas dayaqları hesab olunur. “J.P. Morgan” beynəlxalq kapital axınlarının idarə olunmasında aparıcı banklardan biridir. “Visa” və “Mastercard” isə nağdsız iqtisadiyyatın infrastrukturlarını formalaşdıraraq qlobal ticarətin sürətini və təhlükəsizliyini təmin edir. Azərbaycan üçün bu şirkətlərlə əməkdaşlıq maliyyə sektorunun beynəlxalq inteqrasiyası, fintech ekosisteminin inkişafı və investisiya mühitinin cəlbediciliyinin artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

“Boeing Global” və “Wabtec” qlobal nəqliyyat və logistika sistemlərinin inkişafında mühüm rol oynayır. “Boeing” mülki aviasiya və müdafiə sənayesində lider mövqeyə malikdir, “Wabtec” isə dəmir yolu və lokomotiv texnologiyaları sahəsində ixtisaslaşıb. Bu əməkdaşlıqlar Azərbaycanın regional tranzit və logistika mərkəzinə çevrilməsi strategiyasına xidmət edir.

“Illumina”, “Herbalife”, “Marriott” və “Azerbaijan Coca-Cola Bottlers” MMC səhiyyə, qida və xidmət sektorlarında qlobal miqyasda tanınan şirkətlərdir. Onların fəaliyyəti səhiyyənin modernləşdirilməsi, turizmin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və məşğulluğun artırılması baxımından Azərbaycan üçün mühüm imkanlar yaradır.

Bununla yanaşı, ABŞ şirkətlərinin Azərbaycana marağı siyasi və strateji üstünlüklər də formalaşdırır. İqtisadi əməkdaşlıq qarşılıqlı asılılığı artırır, siyasi dialoqu dərinləşdirir və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə zəmin yaradır. ABŞ üçün Azərbaycan enerji təhlükəsizliyi və regional sabitlik baxımından etibarlı tərəfdaş olduğu kimi, Azərbaycan üçün də ABŞ qabaqcıl texnologiyalar və qlobal bazarlara çıxış imkanı təqdim edir. Qeyri-neft sektorunun genişlənməsi və “yaşıl iqtisadiyyat”ın inkişafı fonunda Azərbaycan–ABŞ iqtisadi əməkdaşlığının daha da dərinləşəcəyi gözlənilir ki, bu da hər iki tərəf üçün uzunmüddətli strateji üstünlüklər vəd edir.

MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?