"New START" bitir, risk artır: nüvə balansı hara gedir? - TƏHLİL

2026-cı il fevralın 5-də ABŞ və Rusiya arasında strateji nüvə silahlarının məhdudlaşdırılmasını nəzərdə tutan son hüquqi mexanizm olan New START müqaviləsinin qüvvədən düşməsi beynəlxalq təhlükəsizlik sistemində ciddi dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu hadisə təkcə bir müqavilənin başa çatması deyil, 1972-ci ildən etibarən ABŞ və SSRİ/Rusiya arasında formalaşmış nüvə silahlarına nəzarət sisteminin faktiki olaraq sona çatması deməkdir.
Yarım əsrdən artıq müddətdə imzalanmış SALT I, START I və II, eləcə də 2002-ci il Moskva müqaviləsi kimi sənədlər supergüclər arasında nüvə balansını müəyyən çərçivədə saxlayır, qarşılıqlı etimadı tam olmasa da qoruyurdu. 2010-cu ildə Praqada imzalanan və 2011-ci ildə qüvvəyə minən New START isə bu sistemin son və ən əhatəli mexanizmi idi.
Müqavilənin qüvvədən düşməsi ilə təxminən 55 il davam edən hüquqi və institusional nəzarət mexanizmi zəifləyir və qlobal nüvə arxitekturasında daha qeyri-müəyyən mərhələ başlayır. New START çərçivəsində ABŞ və Rusiya üçün 1550 yerləşdirilmiş strateji nüvə başlığı, 700 daşıyıcı sistem və 800 ümumi platforma limiti müəyyən edilmişdi. Lakin müqavilənin əhəmiyyəti yalnız bu rəqəmlərlə məhdudlaşmırdı.
Sənəd eyni zamanda məlumat mübadiləsi, raket sınaqları barədə əvvəlcədən xəbərdarlıq, qarşılıqlı inspeksiyalar və texniki monitorinq kimi şəffaflıq mexanizmlərini də ehtiva edirdi. Bu alətlər tərəflərə qarşılıqlı addımları daha dəqiq proqnozlaşdırmaq imkanı yaradır, yanlış qiymətləndirmə və təsadüfi eskalasiya risklərini minimuma endirirdi. Müqavilənin bitməsi ilə bu şəffaflıq sistemi də zəifləyir və strateji münasibətlərdə “qaranlıq dövr”ün başlandığı barədə narahatlıqlar artır.
2025-ci ilin payızında ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarının mümkün bərpası ilə bağlı açıqlamaları, eyni zamanda müqavilənin uzadılması və ya alternativ mexanizmin yaradılması istiqamətində konkret diplomatik təşəbbüslərin görünməməsi beynəlxalq mühitdə əlavə suallar doğurub. Vaşinqtonun yeni texnoloji və hərbi proqramlara üstünlük verməsi, lakin strateji sabitliyi təmin edən hüquqi çərçivə ilə bağlı açıq mövqenin olmaması qlobal nüvə balansının gələcəyi ilə bağlı narahatlıqları dərinləşdirir.
Moskva isə bəyan edib ki, müqavilənin bitməsi ilə tərəflər artıq hüquqi məhdudiyyətlərdən azaddır və Rusiya öz təhlükəsizlik maraqlarını nəzərə alaraq addımlarını planlaşdıracaq. Rusiya bir müddət məhdudiyyətləri könüllü şəkildə saxlamağa hazır olduğunu da bildirmişdi, lakin ABŞ-dan rəsmi cavab gəlmədiyi üçün bu təşəbbüs reallaşmadı.
Yeni mərhələdə nüvə rəqabəti təkcə arsenalın sayına deyil, onun texnoloji səviyyəsinə və effektivliyinə yönəlir. ABŞ yeni nəsil qitələrarası ballistik raketlər, strateji bombardmançılar və sualtı nüvə platformaları üzrə genişmiqyaslı modernizasiya proqramları həyata keçirir. Rusiya isə hipersəs daşıyıcıları, ağır ICBM sistemləri və nüvə başlıqlı sualtı dronlar kimi qeyri-ənənəvi silahların inkişafını sürətləndirir.
Bu proses göstərir ki, gələcək rəqabət artıq yalnız kəmiyyət üstünlüyü ilə deyil, sürət, dəqiqlik, manevr qabiliyyəti və texnoloji innovasiya üzərində qurulacaq. Nəticədə strateji balansın ölçülməsi daha mürəkkəb xarakter alır.
Eyni zamanda qlobal nüvə sistemi də dəyişir və klassik ABŞ–Rusiya ikili balans modeli tədricən çoxqütblü struktura çevrilir. Çin sürətlə genişlənən nüvə potensialı ilə üçüncü böyük güc kimi önə çıxır. Rəsmi Pekin arsenalının hələ də ABŞ və Rusiyadan xeyli kiçik olduğunu vurğulasa da, yeni raket siloslarının tikintisi, mobil sistemlər və hipersəs texnologiyalarının inkişafı Çinin strateji imkanlarının genişləndiyini göstərir.
2025-ci il qiymətləndirmələrinə görə, ABŞ-nin ümumi nüvə başlıqları 5 mindən çox, Rusiyanın isə təxminən 5,5 minə yaxın hesab edilir. Çin isə təqribən 600 başlıqla daha kiçik, lakin ən sürətlə böyüyən nüvə arsenalına malikdir. Bu tendensiya gələcəkdə üçtərəfli nüvə balansının formalaşacağını və qlobal strateji sabitliyin daha mürəkkəb hala gələcəyini göstərir.
Nüvə silahlarının yayılması riski də paralel şəkildə artır. ABŞ və Rusiya arasında məhdudiyyətlərin zəifləməsi digər dövlətlər üçün nüvə silahını təhlükəsizlik təminatı kimi daha cəlbedici edə bilər. İranın nüvə proqramı ətrafında davam edən müzakirələr, Şimali Koreyanın raket sınaqları və Yaxın Şərqdə potensial nüvə ambisiyaları bu risklərin regional səviyyədə gücləndiyini göstərir.
Böyükmiqyaslı nüvə müharibəsi hələ də aşağı ehtimallı sayılır, çünki qarşılıqlı təminatlı məhvetmə prinsipi supergücləri birbaşa qarşıdurmadan çəkindirir. Lakin riskin xarakteri dəyişib. Regional münaqişələr, taktiki nüvə silahlarının mümkün istifadəsi və texnoloji səhvlər yeni təhlükə mənbələri yaradır. Ukrayna müharibəsi fonunda Rusiya–NATO gərginliyi, Tayvan ətrafında ABŞ–Çin qarşıdurması və Yaxın Şərqdə potensial eskalasiyalar nüvə risklərinin daha tez və gözlənilməz şəkildə üzə çıxa biləcəyini göstərir.
Hipersəs silahlar və süni intellekt əsaslı erkən xəbərdarlıq sistemləri qərarvermə müddətini kəskin şəkildə azaldır və yanlış siqnalın fəlakətli nəticələrə gətirib çıxarma ehtimalını artırır.
2026-cı ildən sonrakı dövr üçün bir neçə əsas ssenari mümkündür. Ən real variant ABŞ, Rusiya və Çin arasında yeni silahlanma yarışının sürətlənməsidir. Bu yarış yalnız nüvə başlıqlarının sayında deyil, kosmik silahlar, hipersəs texnologiyaları və süni intellektlə idarə olunan hərbi sistemlər sahəsində də özünü göstərə bilər.
Daha optimist ssenari böyük dövlətlərin artan riskləri nəzərə alaraq yeni çoxtərəfli nüvə danışıqlarına başlamasıdır, lakin mövcud geosiyasi gərginlik bu ehtimalı yaxın perspektivdə zəiflədir. Üçüncü ssenari isə daha az tənzimlənən və daha qeyri-stabil çoxqütblü nüvə nizamının formalaşmasıdır.
Nəticə etibarilə, New START müqaviləsinin bitməsi nüvə silahlarının dərhal istifadəsi riskini kəskin artırmasa da, qlobal təhlükəsizlik mühitinin strukturunu dəyişir və strateji qeyri-müəyyənliyi gücləndirir. XXI əsrdə nüvə sabitliyi yalnız arsenal balansı ilə deyil, diplomatik dialoqun davamlılığı, texnoloji risklərin idarə olunması və minimum etimad səviyyəsinin qorunması ilə müəyyən olunacaq. Dünya daha rəqabətli və az tənzimlənən nüvə dövrünə daxil olur və bu dövrdə strateji sabitliyin qorunması əvvəlkindən daha mürəkkəb və həyati əhəmiyyət daşıyır.
Hikmət Həsənov