Ərəb dənizində qaçaqmalçılıqla məşğul olmaqda şübhəli bilinən 3 neft tankeri saxlanılıb

Hindistan Sahil Mühafizə Xidməti Ərəb dənizində sanksiyalardan yayınaraq qaçaqmalçılıqla məşğul olmaqda şübhəli bilinən 3 neft tankerini ələ keçirib. Təhlil.az "Maritime Executive" nəşrinin məlumatına istinadla xəbər verir ki, gəmilər Mumbay şəhərindən təxminən 100 dəniz mili qərbdə reallaşdırılan xüsusi əməliyyat nəticəsində saxlanılıb. İlkin araşdırmalara görə, saxlanılan tankerlər ABŞ-nin sanksiya siyahısında yer alır və İranın neft ixracı üçün istifadə etdiyi "kölgə donanması"nın tərkib hissəsidir. Bildirilir ki, bu gəmilər müəyyən edilməmək üçün tez-tez adlarını dəyişdirərək rüsumlardan və beynəlxalq nəzarətdən yayınma sxemlərində iştirak ediblər.
Hər üç gəmi hazırda Hindistan hərbi gəmilərinin müşayiəti ilə Mumbay limanına gətirilir. Orada gəmilərin sənədləri yoxlanılacaq və beynəlxalq dəniz hüququ normaları çərçivəsində müvafiq hüquqi prosedurlar icra ediləcək.