Uşaq cinayətləri niyə artır? Ailə və məktəb harada zəifdir - ARAŞDIRMA

Son günlər Azərbaycanda baş verən uşaq cinayətləri cəmiyyətdə böyük rezonans yaradıb. Bakıda atasını öldürməkdə təqsirləndirilən 15 yaşlı yeniyetmə qızın törətdiyi cinayətdən sonra 2019-cu il təvəllüdlü uşağın yeniyetmə tərəfindən bıçaqlanması, bunun ardınca “İdrak” liseyinin X sinif şagirdinin məktəbdə müəllimini güllələməsi uşaq və yeniyetmələrlə bağlı sosial-psixoloji və hüquqi aspektlərin yenidən dəyərləndirilməsini tələb edir.
Dövlət Statistika Komitəsinin dərc etdiyi rəsmi məlumatlara görə, 14-17 yaş arası uşaqların törətdiyi cinayətlərin sayı illər üzrə dəyişkəndir. Komitənin “Cinayətkarlıq və hüquqpozmalar” statistikasından əldə edilən məlumatlara əsasən, bu yaş aralığında uşaqlar tərəfindən törədilmiş cinayətlər aşağıdakı kimidir:
|
il |
Cinayət törədən uşaqların sayı |
Qəsdən adam öldürməyə cəhd |
Oğurluq
|
Xuliqanlıq |
|
2005 |
554 |
19 |
163 |
66 |
|
2010 |
439 |
15 |
145 |
58 |
|
2015 |
477 |
15 |
233 |
31 |
|
2020 |
388 |
14 |
154 |
26 |
|
2023 |
494 |
19 |
179 |
33 |
|
2024 |
472 |
15 |
161 |
30 |
Bu rəqəmlər göstərir ki, uşaq cinayətkarlığının ümumi sayı 2005-dən indiyədək dəyişkəndir. 2020-ci ildən etibarən müəyyən artım müşahidə olunur. Əgər 2015-ci ilə qədər bu kateqoriyadan olan şəxslər arasında cinayət hallarında azalma vardısa, artıq 2020-ci ildən sonra müəyyən artım dinamikası müşahidə edilir. Lakin statistik göstəriciləri 1990-cı illərin əvvəli ilə müqayisə etsək ciddi azalmanın şahidi oluruq. Belə ki, 1993-cü ildə bu yaş qrupunda cinayət sayı 821 olmuşdusa, 2024-cü ildə bu göstərici əhəmiyyətli dərəcədə aşağı düşərək 279 olub.
Uşaq cinayətkarlığının səbəblərindən danışarkən sosial və ailə faktorları hər zaman ön planda olur.
Mütəxəssislər hesab edir ki, uşaq cinayətkarlığının arxasında duran amillər çox vaxt ailədaxili problemlərdən, sosial təcriddən, maarifləndirmənin çatışmazlığından, zorakılıq mühitindən qaynaqlanır.
Psixoloq Elnarə Eminova hesab edir ki, güllələmə və sağlamlığa qəsdən ağır zərər vermə kimi hallar təkcə hüquqi deyil, həm də psixoloji və sosial müdaxilə tələb edir:
“Uşaqlar adətən özlərini sözlə ifadə edə bilməyəndə silaha atır. Bunun da kökündə uşaqların həyat tərzi, izlədikləri filmlər, sosial şəbəkələrdən aldığı təəssürat, onlayn oyunların yaratdığı dərin emosional gərginlik dayanır”.
O məsləhər görür ki, uşaqların sosial şəbəkələrdəki fəaliyyəti daim valideynlərin nəzarətində olmalı, məktəblərdə psixoloqların fəaliyyəti gücləndirilməlidir. "Məhz müəllimin öz şagirdi tərəfindən güllələnməsi faktı ailə-məktəb idarəetməsində ciddi çatışmazlıqları ortaya qoyur və həm də təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir".
Uşaqlar arasında cinayət hallarının artması cəmiyyət üçün təkcə hüquqi problem deyil, eyni zamanda sosial təhlükəsizlik, ailə institutu və təhsil sisteminin vəziyyətini əks etdirən ciddi göstəricidir. Bu cür halların qarşısının alınması üçün cəza yönümlü deyil, preventiv və sistemli tədbirlər prioritet olmalıdır. İlk növbədə, ailə mühiti əsas risk zonası kimi diqqətdə saxlanılmalıdır. Sosial xidmət orqanları risk qrupunda olan ailələri erkən mərhələdə müəyyən etməli, psixoloji və sosial dəstək mexanizmləri işə salınmalıdır. Valideyn nəzarətinin zəif olduğu, zorakılıq və ya sosial problemlərin mövcud olduğu ailələrdə uşaqlarla fərdi iş aparılması xüsusi əhəmiyyət kəsb edir.
İkinci əsas istiqamət təhsil müəssisələridir. Məktəblərdə psixoloq və sosial pedaqoq institutları formal yox, funksional şəkildə fəaliyyət göstərməlidir. Davranış pozuntuları, aqressiya və təcrid əlamətləri erkən mərhələdə aşkar olunmalı, bu uşaqlar üçün xüsusi adaptasiya və dəstək proqramları hazırlanmalıdır. Eyni zamanda, məktəblərdə hüquqi maarifləndirmə dərslərinin keçirilməsi, uşaqlara cinayət məsuliyyəti, hüquq və öhdəliklər barədə yaşlarına uyğun formada məlumat verilməsi vacibdir.
Üçüncü mühüm tədbir asudə vaxtın düzgün təşkili ilə bağlıdır. Regionlarda və şəhər kənarlarında idman, incəsənət, texniki yaradıcılıq mərkəzlərinin genişləndirilməsi uşaqların küçə mühitindən uzaqlaşdırılmasına kömək edə bilər. Dövlət və bələdiyyə səviyyəsində pulsuz və ya əlçatan dərnəklərin təşkili bu baxımdan effektiv mexanizmdir. Nəhayət, dövlət qurumları arasında koordinasiya gücləndirilməlidir. Təhsil, sosial müdafiə, daxili işlər və yerli icra strukturları arasında məlumat mübadiləsi və birgə monitorinq sistemi qurulmadan davamlı nəticə əldə etmək mümkün deyil. Uşaq cinayətkarlığının qarşısının alınması yalnız hüquq-mühafizə tədbirləri ilə deyil, erkən müdaxilə, sosial dəstək və maarifləndirmə yolu ilə mümkündür. Bu yanaşma uşağı cəzalandırılan subyekt kimi deyil, qorunmalı və istiqamətləndirilməli fərd kimi qəbul edən sağlam cəmiyyət modelinin əsasını təşkil edir. Bir sözlə, dövlətin orqanları auilə institutu ilə birlikdə bu cür halların qarşısının alınması üçün sosial dəstək mexanizmlərini gücləndirməli, erkən müdaxilə və təhsil proqramlarının genişləndirilməsini prioritet istiqamət elan etməlidir.
Təhlil Analitik Qrupu