09 fevral

700 min vətəndaşın maaşı yüksələcək

Minimum əməkhaqqı ilə bağlı parlamentdə müzakirəyə çıxarılan dəyişikliklər təkcə aşağı maaş alanları deyil, bütün tarif pillələrini əhatə edən genişmiqyaslı maaş artımlarına yol açacaq.

Təhlil.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov “Əmək Məcəlləsi”nə təklif edilən və artıq parlamentdə birinci oxunuşdan keçən dəyişiklikləri şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, yeni yanaşmaya əsasən minimum əməkhaqqına ildə ən azı bir dəfə baxılacaq. Bu isə əməkhaqqı artımlarında dövrülüyün və qanunla tənzimlənən mexanizmin formalaşması deməkdir.

Vüqar Bayramov qeyd edib ki, minimum əməkhaqqının artırılması yalnız aşağı gəlirli vətəndaşlara təsir göstərmir, eyni zamanda vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə maaşların yüksəlməsinə səbəb olur. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin vəzifə maaşları minimum əməkhaqqı artırıldıqdan bir ay ərzində yeni məbləğə uyğunlaşdırılır.

Bu artımlar sosial sahə, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal təsərrüfatı, nəqliyyat və rabitə, eləcə də meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışan, dövlət qulluqçusu statusu olmayan işçiləri əhatə edir.

Deputat əlavə edib ki, bu kateqoriyaya aid olan vətəndaşların maaşları vahid tarif cədvəli üzrə dövlət büdcəsindən maliyyələşdirilir. Hazırda cədvəldə maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilib: ən aşağı maaş 400 manat, ən yüksək isə 1150 manatdır.

“Minimum əməkhaqqının dövrü olaraq artırılması praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman maaşın minimumdan az və ya çox olması xüsusi rol oynamır. Ümumilikdə minimum əməkhaqqının artırılması təxminən 700 min vətəndaşın maaşında artım deməkdir”, – deyə Vüqar Bayramov vurğulayıb.

Beləliklə, təklif olunan dəyişikliklər əməkhaqqı sistemində daha dayanıqlı və proqnozlaşdırılan artım mexanizmi formalaşdırmaqla yanaşı, geniş sosial təsirə malik qərar kimi dəyərləndirilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?