Ermənistan məhkəməsinin saxta qərarı separatçıları yeni təxribatlara sürükləyir - TƏHLİL

Ermənistanda növbəti parlament seçkiləri ərəfəsində baş verən proseslər bu ölkədə müəyyən qüvvələrin sülh və etimad quruculuğu prosesinə hələ də adaptasiya oluna bilmədiklərini, revanşist iddialardan çıxış etdiklərini göstərir. Tarixin arxivinə gömülmüş Qarabağ separatçı rejiminə rəhbərlik etmiş, qondarma qurumun buraxılması barədə sənədə şəxsən imza atmış Samvel Şahramanyanın qondarma iddiasının Ermənistan məhkəməsi tərəfindən təmini deyilənləri bir daha təsdiqləyir.
Ermənistan məhkəməsinin separatçı rejimin özünü buraxması barədə qərarın “güc və ya təhdid altında” verilməsinə dair əsassız iddianı təmin etməsinin hansısa hüquqi və siyasi əsası yoxdur. Bu qondarma qətnamə separatçı rejimin süqutunu qəbul etməyən müəyyən qüvvələrin hüquqdan siyasi alət kimi istifadə etməyə çalışdıqlarını göstərir. 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyinin tam bərpası, tanınmayan qondarma rejimin isə tam süquta uğradılması beynəlxalq hüquqa əsaslanan, legitimliyi dünyada şübhə doğurmayan proses olub. Regionda formalaşan siyasi və hüquqi reallıqların məhkəmə qərarı ilə dəyişdirilməsinə yönəlmiş cəhdlər isə qeyri-ciddi olmaqla yanaşı, həm də gülüncdür.
Hazırda Ermənistanın siyasi rəhbərliyi özü açıq etiraf edir edir ki, Azərbaycanın suverenliyini bərpa etməsi ilə separatçı rejim faktiki tarixə qovuşub. Bu rejimin mövcudluğu hazırda nə siyasi, nə də hüquqi baxımdan qəbul edilir. Baş nazir Nikol Paşinyan Qarabağ mövzusunun gündəmdə saxlanılmasının Ermənistanın maraqlarına uyğun olmadığını da dəfələrlə bildirib. Onu da xatırladaq ki, Azərbaycanla uzun illər qarşıdurma və müharibə vəziyyətində olmuş Ermənistan özü belə, Qarabağdakı qanunsuz rejimi sonadək rəsmən tanımayıb. Özünü separatçı rejimin “rəhbəri” kimi qələmə verən Samvel Şahramanyan hələ 2023-cü il sentyabrın 28-də qondarma qurumun buraxılması barədə fərman imzalayıb, onun süqutunu rəsmən təsdiqləyib. Ermənistan məhkəməsinin bu reallıqları şübhə altına almağa çalışması keçmişlə barışmamaq cəhdlərinin təzahürü olub hakimiyyətə meydan oxumaqdır.
Aşkar görünür ki, Ermənistan hakimiyyətinin daxilində, hüquq-mühafizə və məhkəmə orqanlarında hələ də radikal-millətçi düşüncədən qurtula bilməyən qüvvələr yer alıb. Bu qüvvələr üçün ərazi iddiaları və etnik qarşıdurmanı təşviq edən saxta ideologiya siyasi mövcudluq alətinə çevrilib. Xüsusən də radikallar yeni geosiyasi reallıqları qəbul etməyi özlərinin siyasi mövcudluğunun sonu kimi qəbul edir, revanş ritorikasını “yaşatmağa” çalışırlar.
Keçmiş separatçı rejimin tör-töküntülərinin Ermənistandakı parlament seçkiləri ərəfəsində yenidən fəallaşmaları həm də görüntü yaratmağa, “mübarizənin davam etməsi” kimi saxta təəssüratın formalaşdırılmasına yönəlib. Məqsəd Azərbaycana qarşı qeyri-hüquqi, siyasi iddiaları “gündəmdə saxlamaq”, bu yolla ölkəmizə qarşı düşmən mövqeyində olan qüvvələrdən maddi və siyasi dəstək almaqdır.
Separatçıların “qalıqları”nın Ermənistan mediasında apardıqları kampaniya göstərir ki, onlar rəsmi İrəvanın və Bakının sülh quruculuğu istiqamətində atdığı addımlardan və əldə olunan müsbət nəticələrdən bərk narahatdırlar. Uzun illər “Qarabağ kartı” ilə manipulyasiya edən, məkrli maraqlarını reallaşdıran bu qüvvələr Ermənistanla Azərbaycan arasında qalıcı sülhün əldə olunmasına hər vəchlə mane olmağa çalışır, eyni mövzuları süni şəkildə gündəmdə saxlamağa çalışırlar. Onların qondarma “etnik təmizləmə” iddialarının əsassız olduğu, ərazi ilhaqı məqsədinə xidmət etdiyi rəsmi Bakı tərəfindən dəfələrlə bəyan edilib.
Ermənistan hakimiyyətinin bu proseslərə açıq və qəti reaksiya verməməsi də haqlı suallar doğurur. Rəsmi İrəvan bir tərəfdən sülh və etimad quruculuğundan dəm vurur, digər tərəfdən separatçı fəaliyyətin sonlandırılması üçün qətiyyətli addımlar atmır. Bəzən də belə görüntü yaradılır ki, hakimiyyət daxildəki revanşist meyillərə qarşı prinsipial mübarizə aparmaqda çətinlik çəkir. Halbuki, qondarma məhkəmə qərarı hakimiyyətdə müəyyən qüvvələrin baş verənlərdə maraqlı olduqlarını üzə çıxarır. Samvel Şahramanyanın saxta iddiasının məhkəmədə təmin edilməsi ölkəmizə qarşı ərazi iddialarının rəsmən dəstəklənməsidir.
Radikal-revanşist qüvvələr yaxşı anlayır ki, N.Paşinyan növbəti seçkilərdə qalib gəlsə, “Qarabağ mövzusu” ilə manipulyasiya cəhdlərinə birdəfəlik son qoymalı olacaq. Məhz buna görə də köhnə iddiaları gündəmdə saxlayır, “bəlkə də qaytardılar” xülyası ilə hərəkət edir, hazırkı komandanın qələbəsinə mane olmağa çalışırlar. Halbuki, hazırda Ermənistan cəmiyyətində mütləq çoxluq başa düşür ki, Qarabağ məsələsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunub və keçmişlə yaşamaq mənasızdır.
Hazırda bəzi dövlətlər və qüvvələr də Ermənistanda qisasçılıq ideologiyasının, revanşizmin yaşamasında maraqlıdır. Əbu Dabidə Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirildiyi gün Fransa Senatının qəbul etdiyi qərəzli qətnamə bunu bir daha təsdiqlədi. Azərbaycan xalqına qarşı ağır müharibə cinayətləri törətmiş erməni əsilli şəxslərin azadlığa buraxılmasına çağırış sülh quruculuğuna zidd olmaqla, təxribatçı addımların tərkib hissəsi idi. Bundan başqa, İsveçrə parlamentinin ermənipərəst üzvünün separatçı şəxslərlə görüşməsi, “Qarabağ məsələsi bağlanmayıb” kimi açıqlamaların verilməsi eyni məkrli siyasi xəttin davamıdır. Bu cür bəyanatlar regionda gərginliyi artırmağa, sülhə mane olmağa xidmət edir.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan Ermənistan bunu şübhə altına alan məhkəmə qərarının saxtalığını sübut etmək üçün hüquqi prosedurlara başlamalıdır. Sülh yalnız siyasi bəyanatlarla və rəsmi sənədlərlə bəyan edilməməli, bu mövqe beynəlxalq platformalarda da təsdiqlənməli, Qarabağla bağlı saxta iddialara son qoyulmalıdır. Separatçı qüvvələrin fəaliyyətinin tam dayandırılması, ölkəmizə qarşı əsassız iddialara son qoyulması rəsmi Bakının da əsaslı tələbidir.
MTM Analitik Qrupu