09 fevral

Qətnamə ilə sülhə zərbə: Fransanın siyasi iflası - ŞƏRH

Fransa Milli Assambleyasının 4 fevral 2026-cı il tarixində qəbul etdiyi Azərbaycan əleyhinə qətnamə müasir beynəlxalq münasibətlər sistemində parlament diplomatiyasının necə təzyiq alətinə çevrildiyini, eyni zamanda reallıqdan nə dərəcədə uzaqlaşa bildiyini açıq şəkildə nümayiş etdirir. Sənədin mahiyyətinə dərindən nəzər saldıqda aydın olur ki, Paris bu addımı ilə təkcə regional bir münaqişəyə münasibət bildirmir, həm də öz qlobal siyasi ambisiyalarını və daxili siyasi konyunkturasını qorumağa çalışır.

Yekdilliklə qəbul edilən bu qətnamə Fransa siyasi elitasının müxtəlif qütblərinin Azərbaycan məsələsində süni həmrəylik nümayiş etdirdiyini göstərir. Bu “yekdillik” obyektiv reallığa deyil, onilliklər boyu Fransa cəmiyyətində və idarəçilik sistemində kök salmış erməni lobbisinin siyasi təsirinə əsaslanır. Beləliklə, Fransa parlamenti özünü neytral arbitr kimi deyil, münaqişə tərəflərindən birinin birbaşa siyasi vəkili kimi təqdim edir və bununla da beynəlxalq hüququn fundamental prinsiplərini siyasi maraqlara qurban verir.

Qətnamənin zamanlaması onun strateji diversiya xarakterini daha da qabarıq şəkildə üzə çıxarır. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması istiqamətində real irəliləyişlərin olduğu, birbaşa ikitərəfli dialoqun üçüncü tərəflər olmadan nəticə verdiyi bir mərhələdə Parisin bu cür kəskin sənədlə çıxış etməsi sülh prosesinə açıq müdaxilə kimi qiymətləndirilməlidir. Fransa bu addımla İrəvandakı revanşist qüvvələrə mənəvi-siyasi stimul verməyə çalışır və Ermənistanı sülh masasından uzaqlaşdıraraq onu yenidən özündən asılı geosiyasi alətə çevirmək niyyəti güdür.

Bu yanaşma regionda sabitliyin möhkəmlənməsinə xidmət etmir, əksinə, illüziyalar yaradaraq Ermənistanın gələcək suverenliyi və təhlükəsizliyi üçün də riskli zəmin formalaşdırır. Regional aktorların sülhə bu qədər yaxın olduğu bir vaxtda kənardan gələn bu tip “qızışdırıcı” qərarlar Fransanın Cənubi Qafqazda real sülhün deyil, özünün sarsılmış nüfuzunun bərpası uğrunda mübarizə apardığını təsdiqləyir.

Məsələnin digər tərəfi Bakı ilə Paris arasında mövcud olan diplomatik gərginliyin daha geniş coğrafi müstəviyə keçməsidir. Azərbaycanın Fransanın neokolonial siyasətini beynəlxalq platformalarda ifşa etməsi, Bakı Təşəbbüs Qrupunun dənizaşırı ərazilərdəki azadlıq hərəkatlarına verdiyi intellektual və siyasi dəstək Yelisey sarayında ciddi narahatlıq yaradıb. Fransa parlamenti bu qətnamə ilə bir növ Azərbaycanın bu fəaliyyətinə cavab verməyə, onu “beynəlxalq cinayətkar” obrazında təqdim etməklə öz müstəmləkəçi keçmişini və indiki siyasətini ört-basdır etməyə çalışır.

Sənəddə xristian irsinin qorunması və dini amillərin qabardılması isə məsələnin hüquqi müstəvidən çıxarılaraq sivilizasiyalararası qarşıdurma kontekstinə daşınması cəhdidir. Bu yanaşma Avropada artmaqda olan islamofobiyanın və sağçı ritorikanın qanunverici orqan səviyyəsində təzahürüdür və Azərbaycanın çoxmədəniyyətli, tolerant cəmiyyət modeli ilə açıq ziddiyyət təşkil edir.

Yekun olaraq qeyd etmək olar ki, 4 fevral qətnaməsi hüquqi baxımdan Azərbaycan üçün heç bir praktiki nəticə doğurmasa da, Fransa–Azərbaycan münasibətlərində mövcud olan son siyasi körpülərin də sıradan çıxması anlamına gəlir. Bu sənəd Fransanın regiondakı vasitəçilik iddialarını faktiki olaraq ləğv edir və Parisin Cənubi Qafqazdakı rolunu “təhrikçi aktor” səviyyəsinə endirir.

Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra formalaşmış yeni reallığı qəbul etmək əvəzinə, kağız üzərində qəbul edilən qərarlarla tarixi gedişatı dəyişməyə çalışmaq Fransanın diplomatik acizliyinin və geosiyasi geriləməsinin göstəricisidir. Bu mənzərə bir daha sübut edir ki, beynəlxalq münasibətlərdə güc balansı və ədalət artıq birtərəfli parlament qərarları ilə deyil, yerdə formalaşan real nəticələrlə müəyyən olunur. Fransa bu reallığı nə qədər gec qəbul edərsə, Parisin regiondakı marjinallaşması da bir o qədər sürətlə davam edəcək.

Hikmət Həsənov

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?