Leyla Əliyeva və Alena Əliyeva Gəncədə bir sıra tədbirlərdə iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər.
Təhlil.az xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Gəncənin mərkəzində yerləşən bu abidə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini, lakonik və ifadəli bədii-konstruktiv xüsusiyyətlərini özündə birləşdirir.
Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub.
***
Gəncə Dövlət Dram Teatrında “İsi və Piti” animasiya serialının premyerası keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva tədbirdə iştirak ediblər. Premyera Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə “ANİMAFİLM Gəncədə” festivalı çərçivəsində keçirilib.
Festivalda tamaşaçılara maarifləndirici uşaq animasiya serialı - “İsi və Piti” serialının iki bölümünün premyerası ilə yanaşı, “Bum-bum” və “Yer və Ay” qısametrajlı animasiya filmləri təqdim olunub. Gəncə şəhərinin məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər və burada təhsil alan uşaqlar animasiya filmlərini böyük maraq və yüksək əhvali-ruhiyyə ilə izləyiblər.
Festivalda, həmçinin uşaqlara insan və təbiət vəhdətini, ekoloji problemlərin planetimizə təsirini izah edən, hamını Vətəni, ana təbiəti və Yer kürəsini qorumağa səsləyən Azərbaycan və Özbəkistan animasiya mütəxəssislərinin birgə istehsalı olan “Yer və Ay” qısametrajlı animasiya filmi nümayiş olunub.
***
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncədə fəaliyyət göstərən qadın sahibkar Fidan Zari tərəfindən yaradılmış “Zarif Natural” brendi ilə tanış olublar.
Onlar sahibkarla səmimi söhbət edib, ideyanın formalaşması, brendin yaranma hekayəsi və məhsulların hazırlanma prosesi ilə maraqlanıblar. Daha sonra müəssisədə soyuq sıxım üsulu ilə müxtəlif yağlar və digər məhsullar birgə hazırlanıb. Leyla Əliyeva və Alena Əliyeva qadın sahibkara fəaliyyətində uğurlar arzulayıb, onun təşəbbüskarlığını və zəhmətkeşliyini yüksək qiymətləndirib, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, “Zarif Natural” brendi sağlam və balanslı qidalanma prinsiplərinə əsaslanaraq soyuq sıxım yağların, qatqısız çərəz əzmələrinin və qlütensiz unların istehsalı və istehlakçılara təqdim olunması istiqamətində fəaliyyət göstərir.
***
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində olublar.
Onlar bu təhsil ocağında yaradılmış şəraitlə yaxından tanış olub, şagirdlərin tədris prosesi və reabilitasiya imkanları ilə maraqlanıblar.
Diqqətə çatdırılıb ki, Gəncə şəhər 45 nömrəli xüsusi ümumtəhsil məktəbində 297 şagird təhsil alır. Xüsusi qayğıya ehtiyacı olan uşaqlardan 188-i məktəbdə, 109-u isə evdə təhsilə cəlb olunub.
Təhsil müəssisəsi informatika və texnologiya, loqopediya otaqları, ekoloji sinif, tibb kabineti, kitabxana, idman zalı və digər zəruri infrastrukturla təmin edilib.
Sonda Leyla Əliyeva və Alena Əliyeva uşaqlara hədiyyələr təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.
***
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alena Əliyeva Gəncə Autizm Mərkəzi ilə tanış olublar.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Autizm Mərkəzi Gəncə ilə yanaşı, ətraf regionlardan - Şəmkir, Daşkəsən, Tovuz, Samux və digər rayonlardan müraciət edən ailələrə və onların övladlarına dəstək göstərir.
Bildirilib ki, burada həyata keçirilən proqramlar uşaqların cəmiyyətə və ailəyə inteqrasiyasında, eləcə də onların aktiv rol almasına töhfə verir. Mərkəz vasitəsilə regionda reabilitasiya ilə yanaşı, autizm, neyromüxtəliflik və inklüzivlik mövzularında maarifləndirmə kampaniyaları həyata keçirilir.