Azərbaycan–Ermənistan arasında sülh üçün əsas maneə aradan qaldırılır - MƏQALƏ

Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanmasına maneə qismində qalan Ermənistan Konstitusiyasında dəyişikliklərlə bağlı proseslər intensiv xarakter almağa başlayıb. Belə ki, Ermənistan Ədliyyə Nazirliyi ölkənin yeni Konstitusiyasının mətni üzərində işi sürətləndirir. Sözügedən nazirliyin rəhbəri Srbuhi Qalyan məsələ ilə bağlı bildirib: “İşimizin nəticələri mart ayında ümumiləşdiriləcək. Əvvəllər müəyyən edilmiş son tarixlərə riayət edəcəyik. O vaxta qədər dərc üçün hazır mətnimiz olacaq”. Nazir əlavə edib ki, hazırda Ermənistan Ədliyyə Nazirliyinin qarşısında duran prioritet vəzifələrdən biri yeni Konstitusiyanın mətninin yekunlaşdırılmasıdır.
Qeyd etmək lazımdır ki, Baş nazir Nikol Paşinyanın komandası iyun ayında keçiriləcək parlament seçkiləri ilə bağlı aparılan kampaniyanın bir hissəsi kimi Konstitusiya dəyişikliyini ön plana çıxarır və bunu Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə əlaqələndirir. Həmçinin, yeni Konstitusiyanın mətni iyun ayında keçiriləcək parlament seçkiləri nəzərə alınmaqla hazırlanır. Rusiyanın Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov bu kontekstdə qeyd edir: “Nikol Paşinyan Ermənistan vətəndaşlarına bu sözlərlə müraciət edir: biz Konstitusiyanı dəyişdirəcəyik, bundan sonra Azərbaycanla sülh müqaviləsi imzalayacağıq — amma bunun baş verməsi üçün qarşıdan gələn seçkilərdə mənə və partiyama səs verməlisiniz. Müxalifətin əsasən revanşist mövqe tutduğunu nəzərə alsaq, bu, tamamilə məntiqli bir addımdır. Bu vəziyyətdə səs vermək əsasən iki mövqe arasında seçim kimi təqdim olunacaq: ya sülhün, ölkənin dinc inkişafın, qonşularla sülh müqavilələrinin imzalanmasının və Ermənistan tarixində yeni bir fəslin açılmasının tərəfdarısınız, ya da qarşıdurma və münaqişəyə qayıtmağın tərəfdarısınız”.
Ekspertə görə, əslində, Nikol Paşinyan üçün bu, ikiqat məntiqi addımdır: “Çünki Azərbaycan əvvəlcədən sülh müqaviləsinin yalnız Konstitusiya dəyişikliklərindən sonra imzalana biləcəyini şərtləndirmişdi. Azərbaycan dövlətlərarası sülh müqaviləsi ilə Ermənistan Respublikasının Əsas Qanunu arasındakı hüquqi ziddiyyətləri aradan qaldırmaq üçün bu mövqeyi dəyişmir. Buna görə də Paşinyanın Konstitusiya dəyişikliklərinə hazırlıq nümayiş etdirməsi ikiqat vacibdir. O, bunu ardıcıl olaraq, sola və ya sağa qəfil dönmələr olmadan edir. Lakin Müstəqillik Bəyannaməsinə istinad da daxil olmaqla, Ermənistan Respublikasının Əsas Qanununa edilən bütün dəyişikliklər gizli saxlanılır. Bu siyasi mövqe, Ermənistan cəmiyyətində Azərbaycana hələ də düşmən kimi yanaşanların olması ilə izah olunur. Bu ictimai əhval-ruhiyyəni dəyişdirmək üçün ciddi psixoloji, informasiya və mədəni iş aparılmalıdır. Bu səbəbdən Nikol Paşinyan vətəndaşlara Bakının Konstitusiya tələblərini yerinə yetirdiyini açıq şəkildə nümayiş etdirə bilmir. Xüsusilə də seçkilərdən əvvəl bunu edə bilmir. İndi Paşinyan müstəqil siyasətçi olduğunu nümayiş etdirir: Konstitusiyanı dəyişdirmək qərarını özü verib və onu öz ideyalarına uyğun olaraq modernləşdirir. Xatırladım ki, Baş nazir Konstitusiya islahatını postsovet irsinin rədd edilməsi və inkişafın yeni mərhələsinə keçid kimi izah edir. İslahat nəticəsində Azərbaycanın tələbləri yerinə yetiriləcək, lakin Paşinyan Konstitusiyanı xarici təzyiq altında deyil, öz təşəbbüsü ilə dəyişdirdiyini iddia edə biləcək”.
Daha əvvəl Nikol Paşinyan bildirib ki, Konstitusiyada dəyişiklik edilməsi ölkəyə hazırda Ermənistan demokratiyasını narahat edən əsas problemin həllinə kömək edəcək və bu, əsas etibarı ilə məhkəmələrlə bağlıdır: “Məhkəmələr, daha dəqiq desək, hakimiyyətin məhkəmə qolu xalqdan ayrılıb. Ermənistanın hazırkı ədliyyə sistemi Ermənistan cəmiyyəti ilə üzvi əlaqəsini itirib, ona görə də insanlar ona olan etimadı itirirlər”. Ermənistan Baş naziri iddia edir ki, yeni Konstitusiyada bu məsələ həllini tapacaq.
Azərbaycan üçün maraqlı məqam Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırlmasıdır. Bu, sülh mqaviləsinin imzalanmasına imkan verməklə yanaşı, iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafına yeni təkan verəcək. Əslində, Azərbaycanla münasibətlərin bəhrələrini erməni cəmiyyəti indidən görür. Ticari sferada baş verənlər bunun konkret təzahürləridir. Hətta iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistanın taxıl, bitum və maye qazdan əlavə, Azərbaycan ərazisindən daha iki növ mal idxal etmək imkanını müzakirə etdiyini bildirib. Lakin nazir İrəvan və Bakının konkret olaraq nə barədə danışıqlar apardığını dəqiqləşdirməyib: “Dəqiqləşdirə bilmərəm, bu baş verəcək, deyəcəyik”.
Ötən ilin sonunda Ermənistan ilk dəfə olaraq Azərbaycan ərazisindən keçməklə Rusiya və Qazaxıstandan taxıl idxal edib. Daha sonra Ermənistan Azərbaycan yanacağını alıb. Bu yaxınlarda təbii şərait üzündən Grcütnadakı “Yuxarı Lars” keçid məntəqəsinin bağlanması fonunda Azərbaycan ərazisindən maye qaz və bitum idxalına dair iki ölkə arasında razılaşma əldə olunub.
Gevorq Papoyanın sözlərinə görə, qarşılıqlı ticarətin vaxta ehtiyacı var: “Şəraiti hökumət yaradır, qalanı biznesin işidir. İndi şəraitin əhəmiyyətli bir hissəsini yaratmışıq, amma onlar hələ tam yaradılmayıb, məsələn, hələlik birbaşa dəmir yolu əlaqəsi yoxdur, amma çox yaxşı bilirsiniz ki, bu istiqamətdə işlər var və bu, bir neçə ildən sonra baş verəcək, yəni TRIPP-in işə salınmasını nəzərdə tuturam, o vaxta qədər, əlbəttə ki, digər vasitələr də işləyə bilər”. O bildirib ki, birbaşa yol əlaqəsi mövcuddur, lakin tərəfdaşlar hələlik Ermənistan ərazisindən, o cümlədən Türkiyəyə tranzitlə gedən malların tranziti üçün istifadə etmirlər: “Bu, vaxt aparan mürəkkəb bir prosesdir”. Papoyan qeyd edib ki, müzakirələrin gündəliyi yaxşılığa doğru dəyişib: "Cəmi iki il əvvəl hər kəs müharibənin istənilən an başlaya biləcəyindən danışırdı. Lakin bu gün müzakirə bu və ya digər məhsulun niyə hələ satışda olmaması və ya reallaşdırılmaması ətrafında cərəyan edir. Və bu, artıq çox yaxşı əlamətdir". Bütün bunlar təbii olaraq, Ermənistan cəmiyyətində Azərbaycanla bağlı əhval-ruhiyyəyə də təsir edir, onu müsbət istiqamətə doğru dəyişir. Belə vəziyyətdə Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı olan cəmiyyət üzvlərinin sayı artır ki, bunun da Konstitusiya referendumuna təsirsiz ötüşməyəcəyi şübhəsizdir.
MTM Analitik Qrupu