Dünən

Azərbaycan münaqişədən sülhə keçidin unikal modelini formalaşdırıb - TƏHLİL

Qlobal beynəlxalq münasibətlər sistemi dərin böhran mərhələsindədir. Uzun illər sabitlik yaratdığı iddia olunan klassik beynəlxalq hüquq mexanizmləri faktiki olaraq təsir gücünü itirib. Dünyada qarşılıqlı etimadsızlıq güclənir, enerji və digər strateji resurslar üzərində rəqabət sərt xarakter alır, silahlı münaqişələr yeni coğrafiyalara yayılır.

Güc tətbiqi və təhdid tonu beynəlxalq siyasətdə əsas normaya çevrilir. Dörd ildir ki, davam edən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki davamlı gərginlik, ABŞ-la İran arasında hərbi toqquşma riski dünyanın daha təhlükəli mərhələyə qədəm qoyduğunu, qlobal xaosun getdikcə dərinləşdiyini nümayiş etdirir.

Belə bir mürəkkəb və ziddiyyətli beynəlxalq şəraitdə Azərbaycan balanslı və düşünülmüş xarici siyasət kursu ilə seçilir. Ölkəmiz milli maraqlara əsaslanan, praqmatik və müstəqil qərarlara söykənən diplomatik xətti ardıcıl şəkildə davam etdirir. Uzun illərdir qorunan bu siyasət nəticəsində Azərbaycan beynəlxalq hüquqa hörmət edən, regionda və onun hüdudlarından kənarda sülhün, əməkdaşlığın təşviqinə töhfələr verən mühüm aktor kimi qəbul olunur. Rəsmi Bakının xarici təsirlərdən kənar qərarvermə müstəqilliyi, tərəf tutmaması və ölkə ərazisindən üçüncü dövlətlərə qarşı istifadəyə qətiyyən yol verməməsi bu siyasətin dayanıqlılığını təmin edir. Qoşulmama Hərəkatında fəal mövqeyə malik olan Azərbaycan hərbi-siyasi bloklardan kənarda qalaraq regionda ədalətli, konstruktiv sülh gündəliyini irəli sürür, beynəlxalq problemlərin yalnız danışıqlar yolu ilə həllini dəstəklədiyini açıq şəkildə ifadə edir.

Prezident İlham Əliyevin fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı səsləndirdiyi fikirlər bu mövqenin növbəti təsdiqi olub. Dövlət başçısı dünyanın müxtəlif bölgələrində müharibələrin və münaqişələrin davam etməsindən narahatlığını ifadə edib. Prezident vurğulayıb ki, Azərbaycanın təşəbbüsü və siyasi iradəsi nəticəsində Cənubi Qafqazda sülhün təmin olunması region ölkələri, o cümlədən həm Azərbaycan, həm də Ermənistanla sərhədi olan İran üçün mühüm əhəmiyyət kəsb edir. “Biz istəyirik ki, dünyada müharibələr olmasın, qan tökülməsin”, – deyən Prezident İlham Əliyev Azərbaycanın timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu bildirib. Dövlət başçısı regionda mövcud gərginliklərin aradan qaldırılması üçün Azərbaycanın üzərinə düşən töhfəni verməyə hazır olduğunu da xüsusi qeyd edib.

Prezident İlham Əliyevin “müharibədən sülhə keçid modeli” mövzusunda səsləndirdiyi fikirlər, ilk növbədə, Azərbaycanın uzun illər davam edən silahlı qarşıdurmadan sonra əldə etdiyi reallığa işarə edir. Ölkəmiz hərbi mərhələdən sonra yeni siyasi və diplomatik mərhələnin başlandığını bəyan edib. Bu yanaşma müharibəni məcburi, çıxılmaz addım kimi təqdim edir və əsas hədəfin sülh olduğunu göstərir.

Ölkəmizin təqdim etdiyi model yalnız hərbi üstünlüyə söykənmir. Müharibədən sonra revanşizm və qisas ritorikasından imtina, regionda kommunikasiyaların açılması, sülh müqaviləsinin təşviqi bu modelin əsas elementləridir. Azərbaycan qalib ölkə olmasına baxmayaraq, ədalətli, beynəlxalq hüquqa söykənən, Ermənistanın suveren hüquqlarına müdaxiləni istisna edən sülh razılaşmalarına üstünlük verir.

Dövlət başçısının vurğuladığı fikir hazırda müxtəlif bölgələrdə davam edən münaqişələrlə bağlı beynəlxalq ictimaiyyətə çağırışdır: hərbi müharibələr sonsuz proses olmamalı, siyasi iradə və realist yanaşma ilə sülh mərhələsinə keçid reallaşdırılmalıdır. Azərbaycan nümunəsi göstərir ki, hərbi qarşıdurmadan sonra siyasi dialoq və normallaşma dayanıqlı sabitliyə ən real alternativdir.

Məhz bu ədalətli yanaşmalar sayəsində Azərbaycan qlobal səviyyədə sabitləşdirici və vasitəçi rolunu uğurla yerinə yetirir. Son illər rəsmi Bakının ikitərəfli münasibətlərdə mövcud gərginliklərin azaldılmasına yönəlmiş təşəbbüsləri konkret nəticələr doğurub. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş vermiş müharibə zamanı, 2015-ci ildə Rusiya-Türkiyə münasibətlərində yaranmış “təyyarə böhranı” dövründə, həmçinin İsrail ilə Türkiyə arasında əlaqələrin kəskinləşdiyi mərhələdə Azərbaycan konstruktiv və barışdırıcı mövqedən çıxış edib. Azərbaycanın ABŞ Prezidentinin yaratdığı Sülh Şurasına dəvət alan, bu təşəbbüsə dəstək verən ilk ölkələrdən biri olması da xüsusi vurğulanmalıdır.

Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran qarşıdurması fonunda Azərbaycanın nümayiş etdirdiyi təmkinli, məsuliyyətli siyasət aparıcı beynəlxalq mərkəzlər tərəfindən müsbət qarşılanır. Azərbaycan hər hansı tərəfin yanında yer almadan beynəlxalq hüququn fundamental prinsiplərinə – suverenlik və ərazi bütövlüyünə sadiq qalır, sülh və dialoq çağırışları ilə çıxış edir. Ötən ilin iyun ayında İran və İsrail arasında baş vermiş qısamüddətli hərbi eskalasiya zamanı da rəsmi Bakı eyni xətti davam etdirib, bununla yanaşı, öz ərazisindən müxtəlif ölkələrin vətəndaşlarının və diplomatlarının təhlükəsiz şəkildə təxliyəsinə şərait yaradıb.

Ölkəmizin yerləşdiyi mürəkkəb və həssas geosiyasi mövqe Azərbaycan diplomatiyasından çeviklik və təmkin tələb edir. Şimal və cənub qonşularının uzunmüddətli müharibə və gərginlik şəraitində olması nə təhlükəsizlik, nə də regional əməkdaşlıq baxımından rəsmi Bakı üçün məqbul deyil. Bu səbəbdən Azərbaycan həm Rusiya-Ukrayna müharibəsinin, həm də ABŞ və İsraillə İran arasında mövcud siyasi-hərbi gərginliyin sülh və danışıqlar yolu ilə həllini ardıcıl şəkildə təşviq edir.

“Üçüncü dövlətlərə qarşı platsdarm olmamaq” prinsipi Azərbaycanın çoxşaxəli diplomatiyasının əsas dayaqlarından biridir və regionda sabitliyin qorunmasına real töhfə verir. Rəsmi Bakı suveren hüquqlarına əsaslanaraq, ərazisindən yalnız sülh, əməkdaşlıq və regional inkişaf məqsədləri üçün istifadə oluna biləcəyini qəti şəkildə bəyan edir. Bu kontekstdə qonşu İranla münasibətlər coğrafi yaxınlıq, mədəni və dini bağlar, eləcə də iqtisadi maraqlar baxımından Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Rəsmi Bakı Tehranla əlaqələrdə qarşılıqlı hörmət, suverenliyə hörmət və daxili işlərə qarışmamaq, sivil əməkdaşlıq prinsiplərinə üstünlük verir.

Azərbaycan beynəlxalq hüquqa əsaslanan xarici siyasət kursu ilə qlobal miqyasda etibar və hörmət qazanan dövlətlərdən birinə çevrilib. Rəsmi Bakının müstəqil diplomatik xətti, qütbləşmiş dünyada dialoqu təşviq etməsi və qonşularla mehriban münasibətləri qorumaq səyləri ölkəmizin beynəlxalq münasibətlər sistemində siyasi çəkisini əhəmiyyətli dərəcədə artırıb.

MTM Analitik Qrupu

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?