Bu gün

Atılan bir güllə, məhv olan iki həyat – Kimdir günahkar? - ŞƏRH

Bu gün Bakıda İdrak Liseyində baş verən hadisə hər birimizi sarsıtdı. 10-cu sinif şagirdi ov tüfəngi ilə müəllimini güllələyib. Məktəbdə, övladlarımızın hər gün getdiyi yerdə, təhlükəsizliyini, sabahını qorumaq üçün getdiyi yerdə. Bu, adi bir cinayət deyil. Bu, diqqətsizliyimizin, laqeydliyimizin, tərbiyə boşluğunun və təhlükəsizlik sistemindəki boşluğun nəticəsidir.

Məktəb şagirdin təkcə bilik öyrəndiyi məkan deyil, həm də özünü təhlükəsiz hiss etdiyi, valideynin də övladını etibar etdiyi ocaqdır. Amma görünən odur ki, biz bunu təmin edə bilmirik. Çünki əgər 15-16 yaşlı yeniyetmə çantasında ov tüfəngi gətirirsə, deməli liseyin mühafizə və nəzarəti zəifdir, təhlükəsizlik tədbirləri formaldır. Amma ən böyük günah evdədir. Bəli, evdə, o şagirdin böyüdüyü evdə. Məktəbli şagirdin ov tüfəngini rahatlıqla çantasına qoyub evdən çıxması nə deməkdir? Bu, valideyn diqqətsizliyi və laqeyd yanaşmasıdır. Bu hadisə bir ailənin, bir cəmiyyətin, təhlükəsizlik və nəzarət sisteminin günahıdır.

Müasir dövrün uşaqları ekran qarşısında böyüyür: qatillərin və canilərin qəhrəman kimi təqdim edildiyi seriallar və filmlər, qətl və zorakılıq oyunları, internetdə isə faciə, zorakılıq, fəlakət xəbərləri ard-arda. Bütün bunlar onların beynində yanlış reallıq yaradır. Duyğuları hazır olmayan bir gənc üçün bu reallıq bəzən həyatdan daha təsirli olur. Biz isə susuruq, baxırıq, “yetər ki, öz evimizdədir” deyirik. Amma nəticə buradadır: bir silah, bir səhv, bir anlıq diqqətsizlik və həyat dəyişir, əbədi dəyişir.

Xatırlayaq, yaxın keçmişdə ADNA-da təhlükəsizlik boşluğu ucbatından baş verən terror hadisəsi neçə cana qıydı? Amma görünür, dərs çıxarmadıq, üstündən vaxt keçdi deyə, “heç nə olmaz əşii” dedik. Yenə eyni boşluqlar, eyni formal nəzarət və faciəvi nəticə. Biz görmüşük, eşitmişik, amma hər dəfə öz vicdanımızı sakitləşdiririk.

Bu hadisə bütün çılpaqlığı ilə üzümüzə vurdu ki, hər birimiz məsuliyyət daşıyırıq. Baş verən mənə aid deyil deyib yaxamızı kənara çəkə bilmərik. Çünki azyaşlıların buraxdığı səhvlər, törətdiyi əməllər elə bizim də vicdanımıza yazılır. Vicdanı isə susdurmaq olmur. Bu, təkcə bir uşağın, bir müəllimin faciəsi deyil. Bu, hamımızın, hər birimizin günahıdır. Bizim övladlarımızın həyatını qorumaq üçün artıq söz yox, hərəkət lazımdır. Artıq vicdanımızın susmağa haqqı yoxdur.

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?