Bu gün

Qərbi Azərbaycana qayıdış Azərbaycanla Ermənistan arasında sülh və etimada daha böyük töhfələr verəcək - TƏHLİL

Cənubi Qafqaz regionunda uzun illər davam etmiş qarşıdurma və etimadsızlıq mühiti təkcə dövlətlərarası münasibətlərə deyil, milyonlarla insanın taleyinə də ciddi təsir göstərib. Bu fonda ən böyük humanitar fəalkətlə üzləşən ölkə qismində isə Azərbaycan çıxış edir. Yüz minlərlə azərbaycanılar savaş nəticəsində həm məcburi köçkünə, həm də qaçqına çevrildi. Vətən müharibəsi nəticəsində ölkəmizdə məcburi köçkün qalmasa da, qaçıqınlarla bağlı məsələ davam edir. Lakin bunun da həlli üçün tarixi şans yaranır və bu isiqamətdə hadisələrin ölkəmizin maraqları, eyni zamanda, beynəlxalq hüquq normaları əsasında çözümü ilə bağlı Azərbaycan müvafiq addımlar atır.

Həqiqətdir ki, Azərbaycanla Ermənistan arasında sülh quruculuğu istiqamətində atılan addımlar bu gün region üçün yeni tarixi mərhələnin əsasını qoyur. Məhz bu kontekstdə Qərbi azərbaycanlıların, yəni indiki Ermənistan ərazisindən deportasiya olunmuş azərbaycanlıların öz doğma yurdlarına qayıdışı məsələsi sülh gündəliyinin ayrılmaz tərkib hissəsi kimi ön plana çıxır. Bir daha xatırlatmaq lazım gəlir ki, XX əsr boyunca Qərbi Azərbaycanda yaşayan yüz minlərlə azərbaycanlı sistemli şəkildə etnik təmizləməyə məruz qalıb, doğma torpaqlarından zorla çıxarılıb. Xüsusilə 1948–1953-cü illər və 1988–1991-ci illərdə həyata keçirilən deportasiyalar nəticəsində azərbaycanlı əhali tamamilə sıxışdırılaraq Ermənistan ərazisindən zorla qovulub. Bu proses insan hüquqlarının, mülkiyyət toxunulmazlığının və fundamental azadlıqların kobud şəkildə pozulması ilə müşayiət edilib. Bu gün Qərbi azərbaycanlıların qayıdış hüququ məhz bu tarixi ədalətsizliyin aradan qaldırılması baxımından aktualdır.

44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar sülh quruculuğu üçün real imkanlar açıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən sülh gündəliyi qarşılıqlı tanınma, suverenliyə hörmət və birgəyaşayış prinsiplərinə əsaslanır. Bu yanaşma yalnız dövlətlərarası münasibətlərin normallaşmasını deyil, eyni zamanda, insanların hüquqlarının bərpasını da nəzərdə tutur. Qərbi azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdışı bu baxımdan sülh prosesinin humanitar ölçüsünü təşkil edir. Qayıdış məsələsi beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. BMT-nin İnsan Hüquqları üzrə sənədləri, o cümlədən qaçqınların və məcburi köçkünlərin geri qayıtmaq hüququ bu prosesin legitim əsasını təşkil edir. Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, Qərbi azərbaycanlıların qayıdışı heç bir revanşizm və ya ərazi iddiası daşımır, bu, yalnız insanların doğulduqları torpaqlarda yaşamaq hüququnun tanınmasıdır. Bu mövqe sülhə xidmət edən konstruktiv və məsuliyyətli yanaşma kimi qiymətləndirilir. Milli Məclisin deputatı Ceyhun Məmmədov da bu fonda qeyd edir ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi fonunda Qərbi Azərbaycana qayıdış aktuallaşır. O bildirib ki, hadisələr Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışına aparmalıdır. Deputatın fikrincə, münaqişənin bitməsi, qarşılıqlı ittihamlar və atəşkəs pozuntusunun olmaması təqdirəlayiqdir: “Zəngəzur dəhlizi məsələsi də həllini tapıb. Belə məqamda, növbəti mühüm məsələ yalnız Qərbi azərbaycanların öz doğma yurduna qayıtması qalır. Bilirsiniz ki, ötən əsrin 80-ci illərinin sonunda çoxlu sayda azərbaycanlı öz yurdundan deportasiya olundu, məhrumiyyətlərlə üz-üzə qaldılar. Hesab edirəm ki, o insanların öz doğma yurdlarına qayıtmasının zamanı yetişib. Bu, beynəlxalq hüquqa əsaslanır. Ermənistan Azərbaycanın tələbini qəbul etməlidir. Ermənistan bu dəfə beynəlxalq hüququ tanımalı, onun şərtlərini yerinə yetirməli, real addımlar atmalı, Qərbi azərbaycanlıların ora qayıtması üçün şərait yaratmalıdır. Rəsmi İrəvan Qərbi Azərbaycan icması ilə danışıqlar aparıb, prosesin həlli üçün səy göstərməlidir. Danışıqlar reallaşmasa, bu prosesin müxanizmləri müəyyənləşdirilməsə, qayıdış ləngiyə bilər. Azərbaycanla Ermənistan arasındakı sülh quruculuğu prosesində artıq bir çox məsələnin həllini tapdığını nəzərə alsaq, bu prosesin də sürətlənməsi mütləq şərtdir. Qərbi azərbaycanlıların öz doğma yurdlarına layiqli qayıdışı təmin olunmalıdır”.

Sülh quruculuğu fonunda qarşılıqlı münasibətlərin inkişafı etimadın formalaşdırılmasını zəruri edir. Qərbi azərbaycanlıların qayıdışı prosesi də məhz beynəlxalq təminatlar, təhlükəsizlik mexanizmləri və qarşılıqlı hörmət prinsipləri əsasında həyata keçirilə bilər. Bu, Ermənistan cəmiyyətində də sülh mədəniyyətinin formalaşmasına, monoetnik düşüncədən çoxtərəfli və inklüziv yanaşmaya keçidə stimul verə bilər. Tarix sübut edir ki, davamlı sülh yalnız bir tərəfin deyil, bütün tərəflərin hüquqlarının tanınması ilə mümkündür. Qərbi azərbaycanlıların qayıdışı regional əməkdaşlıq üçün də yeni imkanlar yarada bilər. Birgə yaşayış, iqtisadi inteqrasiya, mədəni əlaqələrin bərpası və insanlar arasında təmasların artması düşmənçilik stereotiplərinin aradan qalxmasına xidmət edər. Azərbaycan multikulturalizm və tolerantlıq sahəsində topladığı təcrübəni bu prosesə töhfə kimi təqdim edir və göstərir ki, fərqli etnik və dini icmaların birgəyaşayışı real və mümkündür.

Eyni zamanda, bu məsələ beynəlxalq ictimaiyyət üçün də bir sınaqdır. Əgər sülhün, insan hüquqlarının və ədalətin universallığı prinsipi doğrudan da əsas dəyərdirsə, Qərbi azərbaycanlıların qayıdış hüququna da eyni yanaşma göstərilməlidir. Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı nə keçmişə dönüş, nə də yeni qarşıdurma deməkdir. Əksinə, bu, ədalətə əsaslanan sülhün, insan ləyaqətinə hörmətin və regionda uzunmüddətli sabitliyin təmin olunmasının əsas şərtlərindən biridir. Davamlı sülh insanların hüquqlarının bərpası ilə mümkündür və Ermənistan bunu nəzərə almalıdır.

O da faktdır ki, Qərbi Azərbaycana qayıdış heç bir halda Ermənistanın beynəlxalq hüquqla tanınmış ərazilərinin pozulmasını ehtiva etmir. Əksinə, Qərbi Azərbaycan İcmasının təmsilçiləri qayıdış çərçivəsində Ermənistan cəmiyyətinə inteqrasiya olunmaqda maraqlı tərəf kimi çıxış etdiklərini bildirirlər. Hesab olunur ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi fonunda Qərbi Azərbaycana qayıdış prosesi əslində, özünün daha rəvan mərhələsinə qədəm qoymalıdır. Təbii ki, bu hal Ermənistan tərəfinin mövqeyindən daha çox asılı olacaq. Lakin rəsmi İrəvan nəzərə almalıdır ki, sülh, qarşılıqlı anlaşma və insan hüquqlarına hörmət əsasında həyata keçiriləcək bir proses hər iki xalqın gələcəyi üçün çox faydalı ola bilər. Qərbi Azərbaycan İcmasi dəfələrlə bildirib ki, azərbaycanlılar Ermənistana qayıdaraq orada ermənilərlə yanaşı dinc şəkildə yaşamağa hazırdırlar.

MTM Analitik Qrupu

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?