Revanşistlərin saxta “hərbi əsirlər” kampaniyası iflasa uğrayıb - TƏHLİL

Arxivə gömülmüş Qarabağ separatçı rejiminin hərbi-siyasi rəhbərliyində təmsil olunmuş 15 nəfər erməni əsilli şəxs barəsində Bakı Hərbi Məhkəməsində hökmün oxunmasından dərhal sonra Ermənistandakı radikal-revanşist qüvvələr bu yöndə apardıqları saxta və əsassız kampaniyanı daha da genişləndirməyə çalışırlar. Bu ölkənin 20-yə yaxın qeyri-hökumət təşkilatının ABŞ-nin vitse-prezidenti Cey Di Vensə məktub ünvanlayaraq, barəsində ədalətli və hüquqauyğun məhkəmə hökmləri oxunmuş şəxsləri “hərbi əsir” kimi qələmə vermələri deyilənləri bir daha təsdiqləyir.
Radikal-revanşist qüvvələr 2023-cü ilin sentyabr ayında ölkəmizin həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra həbs olunmış şəxslərin həbsini siyasiləşdirməyə, beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışsalar da, niyyətlərinə nail ola bilməyiblər. Dünya ictimaiyyəti yaxşı başa düşür ki, separatçıların həbsi postmünaqişə mərhələsində Azərbaycanın suveren hüquqlarının təmini, illərlə cəzasız qalmış cinayətlərə hüquqi qiymətin verilməsidir. Dövlət suverenliyinin tam bərpası ilə paralel olaraq, uzun illər ərazilərimizdə qanunsuz silahlı birləşmələrə rəhbərlik etmiş və mülki əhaliyə qarşı ağır cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə məsuliyyətinə cəlb edilməsi qaçılmaz və qanunauyğun hüquqi addım olub. Bir ildən çox müddətdə davam edən məhkəmə prosesi açıq, şəffaf və beynəlxalq hüquq normalarına uyğun keçirilib.
Ermənistandakı radikal-revanşist dairələr ədalətli məhkəmə qətnamələrinin obyektivliyinə “şübhə yaratmağa” çalışmaqla, Azərbaycana qarşı qərəzli kampaniyanı davam etdirməyə çalışırlar. Bir qrup QHT-nin ABŞ-nin vitse-prezidentinə ünvanladığı qərəzli məktubda Bakıda saxlanılan şəxslər “xristian erməni əsirlər” adlandırılır, onların azad edilməsi “sülh prosesinin mühüm şərti” kimi qələmə verilir. Bu qondarma iddialar bir daha göstərir ki, bu revanşist dairələrin məqsədi separatçıların həbsini siyasiləşdirmək və Azərbaycana qarşı təzyiqlərə nail olmaqdır.
Eyni saxta iddiaların dini səbəblərlə əlaqələndirilməsinə də uğursuz cəhdlər edilir. Erməni Apostol Kilsəsinin – Eçmiədzinin yaydığı bəyanatda Bakıda saxlanılan separatçılar barəsində verilmiş hökmlərin guya “siyasi motivli”, məsuliyyətə cəlb edilmiş şəxslərin “hərbi əsir olduqları” vurğulanır.
Aşkar görünür ki, bu qüvvələrin dini manipulyasiyası xüsusilə Qərb auditoriyasına hesablanıb. “Xristian ermənilər” vurğusu ABŞ və Avropada emosional reaksiya yaratmağa, prosesi etnik-dini qarşıdurma kimi qələmə verməyə yönəlmiş məkrli cəhdlərdir. Halbuki, beynəlxalq hüquq kontekstində ölkəmizin mövqeyi və qərarları tamamilə legitimdir. Separatçı fəaliyyətə rəhbərlik etmiş, ağır cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələri, onların məhkəmə qarşısına çıxarılmaları ölkə qanunvericiliyinə və beynəlxalq konvensiyalara tam adekvatdır. Ölkə rəhbərliyi bununla, ilk növbədə, Ermənistanın və özünü buraxmağa məcbur edilmiş separatçı rejimin rəhbərlərinin müharibə cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq imkanları əldə edib. Rəsmi Bakı azərbaycanlılara qarşı vandalizm aktlarına yol vermiş erməni əsilli şəxslərin qanun qarşısında cavab vermələrini vacib sayıb və hüququn aliliyini təmin edib.
Məhkəmə prosesində həmin şəxslərin cinayətdə təqsirli olmalarına dair kifayət qədər ciddi dəlil və sübutlar, şahid ifadələri, görüntülər təqdim edilib. Bu faktlara nəzərən bir daha təsdiqlənib ki, Qarabağ separatçıları Azərbaycan ərazisində terrorda, müharibə cinayətlərində, etnik təmizləmədə və digər ağır cinayətlərdə iştirak etdiklərinə görə mühakimə olunublar. Onların mühakiməsi Azərbaycanın daxili işidir və bu məsələyə kənardan müdaxilə cəhdləri yolverilməzdir. Ümumiyyətlə, bu məsələ sülh quruculuğunun tərkib hissəsi deyil və gələcəkdə də bu istiqamətdə müzakirələrin aparılmasına hansısa hüquqi-siyasi əsas yoxdur.
Ermənistanda kilsənin və radikal-revanşist qüvvələrin 30 il müddətində qanunsuz rejimə rəhbərlik edən şəxsləri müdafiə etmələri isə müharibə cinayətlərinə bəraət qazandırmaq cəhdidir. Bu, Ermənistanda müəyyən qüvvələrin ölkəmizə qarşı onilliklər ərzində yürütdikləri işğalçı ideologiyadan hələ də əl çəkmədiklərini göstərir.
Maraqlıdır ki, bu saxta ajiotaj fonunda rəsmi İrəvan separatçıları müdafiə etməkdən yayınır. Rəsmi İrəvan anlayır ki, separatçıların beynəlxalq səviyyədə müdafiəsi ölkəni çətin vəziyyətə sala, sülh danışıqlarına ciddi zərbə vura bilər. Ermənistan hakimiyyəti radikal-revanşist dairələrin çağırışlarından fərqli olaraq, reallığı qəbul edir.
Radikal qrupların əsas məqsədi isə separatçıların taleyindən daha çox daxildə “siyasi dividend” qazanmaqdır. Onlar Paşinyan hakimiyyətini “erməniləri qorumaqda aciz qalmaq”da, “milli maraqları satmaq”da ittiham edərək seçkiqabağı ərəfədə ictimai narazılığa nail olmağa çalışırlar. Lakin Ermənistan cəmiyyətinin böyük kəsimi bu cür mənasız kampaniyaların ölkəni yeni qarşıdurmalara sürükləyə biləcəyini başa düşür.
Bakı Hərbi Məhkəməsinin hökmü ətrafında yaradılan saxta kampaniya bir daha göstərir ki, Ermənistan daxilində revanşist düşüncə tam aradan qalxmayıb. Fəqət, bu kampaniyaların nə hüquqi, nə də siyasi perspektivi yoxdur. Regionun gələcəyi saxta dini-humaniar ritorika üzərində deyil, hüquqa hörmət, məsuliyyət və real sülh iradəsi üzərində qurula bilər. Azərbaycan isə bu istiqamətdə ardıcıl və prinsipial mövqeyini davam etdirir.
MTM Analitik Qrupu