Azərbaycan və Ermənistan arasında sülh quruculuğu dünyada müharibələrə son verilməsi üçün yol xəritəsinə çevrilir - TƏHLİL

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın təşəbbüsü ilə Ermənistanla münasibətlərdə düşmənçilik səhifəsinin bağlanması, sülhün əldə edilməsi istiqamətində zəruri addımlar atıldı. İlk mərhələdə Ermənistan tərəfindən prosesə müəyyən əngəllər yaradılsa da, bu, Azərbaycanı sülh yolundan döndərmədi. Ölkəmizin qətiyyəti sayəsində Ermənistan da sülhün alternativinin olmadığını qəbul etdi, real fəaliyyət nəticəsində isə barışın dividendlərindən faydalanmağa başladı.
İndi iş o yerə çatıb ki, Azərbaycan və Ermənistan arasında sülh nümunəsi Cənubi Qafqaz regionu üçün təkcə iki ölkə arasındakı münasibətlərin normallaşması deyil, eyni zamanda uzun illər davam edən münaqişələrin barış yolu ilə həllinin mümkünlüyünü göstərən mühüm bir presedentə çevrilir. Halbuki, onilliklər boyunca davam edən qarşıdurma, müharibə, insan itkiləri və dərin etimadsızlıq regionda sabitliyin əsas maneələrindən biri kimi çıxış edirdi. Buna baxmayaraq, Azərbaycanın qətiyyəti, regionda yaratdığı yeni reallıqlar sülhün alternativsiz olduğunu göstərdi. Nəticədə ölkəmizin addımları ona gətirib çıxardı ki, tərəflər münasibətlərin tənzimlənməsində dialoq yolunu seçdilər. Bu proses bütün çətinliklərinə baxmayaraq, münaqişədən sülhə keçidin necə baş verə biləcəyinə dair mühüm bir nümunə kimi çıxış edir.
Məsələ ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib: “Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda, sülh mümkündür”. Ermənistanın Baş naziri Nikol Paşinyan isə vaxtilə belə bir nüfuzlu mükafatın Azərbaycan və Ermənistan liderlərinə veriləcəyini təsəvvür belə etməyin mümkün olmadığını vurğulayıb. O qeyd edib ki, bu mükafatın verilməsi Ermənistanla Azərbaycan arasında münaqişənin artıq geridə qaldığını bir daha təsdiqləyir.
Sülh prosesinin uğurlu nümunəyə çevrilməsi üçün beynəlxalq hüququn prinsiplərinə əsaslanmaq mühüm əhəmiyyət daşıyır. Dövlətlərin ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər münaqişələrin həllində əsas istinad nöqtəsi olmalıdır. Bu prinsiplərin qəbul edilməsi və qarşılıqlı şəkildə tanınması tərəflər arasında hüquqi və siyasi çərçivəni müəyyənləşdirir, gələcək mübahisələrin qarşısını almaq üçün zəmin yaradır. Eyni zamanda, regional və beynəlxalq aktorların vasitəçilik səyləri prosesə balans və etimad elementi əlavə edə bilər, lakin əsas məsuliyyət yenə də tərəflərin öz üzərinə düşür. Yenə bu mənada Azərbaycanın addımları sülh prosesinin irəliləməsində müstəsna önəm kəsb edir. Azərbaycanın fəaliyyəti sayəsində iki ölkə arasında artıq ticarət münasibətlərinin qurulması, bundan əvvəl isə Ermənistana tətbiq olunan ticarət embarqolarının aradan qaldırılması barışa böyük töhfələr verib.
Faktdır ki, iqtisadi əməkdaşlıq sülh nümunəsinin ən praktik və real dayaqlarından biri hesab olunur. Münaqişə şəraitində qapalı qalan sərhədlər, kəsilmiş nəqliyyat və kommunikasiya xətləri regionun ümumi inkişafını ləngidib. Sülh isə yeni iqtisadi imkanlar, ticarət əlaqələri və regional layihələr üçün yol açır. Qarşılıqlı iqtisadi maraqların formalaşması sülhün qorunmasında mühüm rol oynayır, çünki tərəflər sabitliyin pozulmasının birbaşa iqtisadi itkilərə səbəb olacağını daha aydın şəkildə dərk edirlər. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq yalnız iki ölkə deyil, bütün region üçün faydalı nəticələr vəd edir. Xüsusən də, artıq Ermənistanın enerji təhlükəsizliyinin təmin olunmasına Azərbaycanın töhfələri sülh quruculuğunda önəmli təməllərdən birinə çevrilir. İqtisadi-ticari istiqamətdə atılan digər addımlar da prosesə öz töhfəsini verir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov da vurğulayır ki, Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin və eləcə də kommunikasiyaların yenidən bərpası məhz regionda sülhün möhkəmlənməsinə xidmət etmiş olacaq: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi isə regionun inkişafı üçün yeni imkanlar yaradacaq. İlkin qiymətləndirmələr göstərir ki, sülh müqaviləsinin imzalanmasından sonra Azərbaycan ilə Ermənistan arasında 38 məhsul üzrə qarşılıqlı ticarətin qurulması mümkündür. Buraya enerji, eləcə də qeyri neft-qaz məhsulları daxildir. Həmin məhsullar üzrə ölkələr arasında müqayisəli üstünlüklər var. Sülh müqaviləsi imzalanarsa və ticari əlaqələr bərpa edilərsə, Azərbaycan ilə Ermənistan arasında illik 300 milyon dollarlıq ticarət dövriyyəsi formalaşa bilər. Təbii ki, bütün bunlar birmənalı şəkildə Ermənistanın sülhə necə sadiq qalacağından asılı olacaq. Azərbaycan regionda dayanıqlı sülhdə maraqlı olmaqla yanaşı, hər zaman milli maraqlarını qorumaq gücündədir”.
Sülh nümunəsinin digər vacib tərəfi siyasi iradədir. Tarixi təcrübə göstərir ki, ən mürəkkəb münaqişələr belə liderlərin qətiyyəti və cəsarətli qərarları nəticəsində həll oluna bilər. Azərbaycan yenə bunun konkret nümunəsini meydana qoyub. Daxili ictimai təzyiqlərə, populist çağırışlara və radikal mövqelərə baxmayaraq, Ermənistan rəhbərliyi üçün də sülh yolunu seçmək siyasi məsuliyyət və uzunmüddətli baxış tələb edir. İndilikdə sözügedən ölkədə mövcud hakimiyyət bu müstəvidə müvafiq addımlar atır. Lakin bu proses sonadək davam etməli, erməni cəmiyyəti də müvafiq dəstəyini ifadə etməlidir. Ölkəmizin yanaşması belədir ki, Azərbaycan və Ermənistan arasında sülh nümunəsi ardıcıl və səmimi şəkildə davam etdirilməli, gələcək nəsillər üçün müharibə yox, əməkdaşlıq mirası buraxmalıdır.
Ümimiyyətlə, Azərbaycan və Ermənistan arasında formalaşmaqda olan sülh nümunəsi sadəcə iki ölkənin münasibətlərinin normallaşması deyil, eyni zamanda, münaqişələrin həlli üçün regional və qlobal miqyasda örnək ola biləcək bir prosesdir. Bu nümunə göstərir ki, ən dərin ziddiyyətlər belə dialoq, qarşılıqlı hörmət və real maraqlara əsaslanan yanaşma ilə aradan qaldırıla bilər. Sülh asan əldə edilmir və daim qorunmağa ehtiyac duyur, lakin onun gətirdiyi sabitlik, təhlükəsizlik və inkişaf perspektivləri möhtəşəm uğurlar vəd edir. O səbəbdən regionda barış və tərəqqi üçün Azərbaycanın sülh istiqamətində fəaliyyətinin alternativi yoxdur.
MTM Analitik Qrupu