Dünən

Əbi-Dabi görüşü: Sülh və etimad quruculuğunun dönməzliyi bir daha təsdiqləndi - TƏHLİL

Cənubi Qafqazda uzun illər davam edən qarşıdurma mərhələsinin tədricən tarixə çevrilməsi regionda yeni mühit formalaşdırır. Son aylar reallaşan yüksək səviyyəli təmaslar və praktiki addımlar göstərir ki, Ermənistan-Azərbaycan münasibətlərində sülh və əməkdaşlıq gündəliyi strateji xəttə çevrilib.

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında geniş tərkibdə keçirilən görüş Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində mühüm siyasi hadisə kimi qiymətləndirilir. Tərəflər görüş zamanı ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsi istiqamətində əldə olunan irəliləyişi alqışlayıb, normallaşma prosesinin irəlilədilməsində müsbət dinamikanın qorunub saxlanmasının vacibliyini vurğulayıblar.

İkitərəfli ticarətin başlamasından, Azərbaycandan Ermənistana neft məhsullarının ixracının davam etməsindən, həmçinin üçüncü ölkələrdən malların ölkəmizin ərazisindən tranzitinin həyata keçirilməsindən məmnunluq ifadə edilib. Tərəflər, həmçinin ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı genişləndirmək üçün imkanları araşdırmağı davam etmək barədə razılığa gəliblər. Görüş zamanı vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri alqışlanıb, etimad quruculuğu tədbirlərinin genişləndirilməsinin zəruriliyi barədə razılığa gəlinib, TRIPP və digər layihələrin həyata keçirilməsi müzakirə edilib.

Ümumilikdə, bu görüş son illər regionda formalaşan yeni geosiyasi reallıqların məntiqi nəticəsi olaraq, sülh gündəliyinin dönməz mərhələyə daxil olduğunu göstərir. 2025-ci il avqustun 8-də paraflanmış Yekun Sülh Sazişi layihəsi üzrə əldə edilmiş razılaşmaların icrası ilə bağlı hər hansı problemin olmaması da prosesin dayanıqlılığını nümayiş etdirir. Tərəflərin öhdəliklərinə əməl etmələri qarşılıqlı etimadın formalaşmağa başladığını göstərməklə yanaşı, sülh prosesinin real nəticə mərhələsinə keçdiyini təsdiqləyir.

Sülh danışıqlarının mühüm detalı kimi dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində aparılan danışıqların intensivləşdiyini də xüsusi qeyd etmək lazımdır. Uzun illər gərginlik predmeti olan sərhəd mübahisələrinin sivil danışıqlar yolu, qarşılıqlı razılaşma əsasında həlli yönündə atılan addımlar regionda təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edir. Bu baxımdan ötən il noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 12-ci görüşünün keçirilməsi mühüm siyasi hadisə olub. Ermənistanın geniştərkibli nümayəndə heyətinin Qəbələyə səfəri və iclasın konstruktiv məcrada keçməsi tərəflərin əldə edilmiş razılaşmalara məsuliyyətlə yanaşdığını təsdiq edib.

Regional nəqliyyat və kommunikasiya xətlərinin bərpası da normallaşma prosesinin əsas sütunlarından birinə çevrilib. TRIPP layihəsi üzrə (Zəngəzur Dəhlizi) ABŞ ilə Ermənistan arasında təmasların güclənməsi qarşı tərəfin öhdəliklərini yerinə yetirdiyini göstərir. Azərbaycanın uzun müddətdir ki, irəli sürdüyü regional kommunikasiya xətlərinin açılması təşəbbüsü hazırda real iqtisadi və logistik layihələrə çevrilir.

Azərbaycanın öz ərazisindən Ermənistana yüklərin, o cümlədən Qazaxıstan və Rusiya taxılının daşınmasını təmin etməsi münasibətlərin normallaşmasının daha bir mühüm göstəricisidir. Bakı regional əməkdaşlığa sülhün iqtisadi əsaslarını möhkəmləndirən vacib amil kimi yanaşır.

Gürcüstanla sərhəddə yerləşən Lars sərhəd-keçid məntəqəsinin son günlər hava şəraiti səbəbindən bağlanması fonunda Ermənistanın Rusiya və digər ölkələrlə alternativ quru bağlantısının Azərbaycan ərazisindən keçməsi də diqqətçəkici məqamdır. Azərbaycan hazırda Cənubi Qafqazın əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Ermənistan üçün bu marşrutların açıq qalması iqtisadi baxımdan həyati əhəmiyyət daşıyır və əməkdaşlığın real faydalarını nümayiş etdirir.

Əbu-Dabidə keçirilmiş görüş iki ölkənin cəmiyyətləri arasında etimadın gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Bu görüş, eyni zamanda, sülh prosesinin qaçılmaz, mütləq mənada sona çatdırılacaq proses olması barədə beynəlxalq ictimaiyyətə verilən açıq mesajdır. Dialoqun davam etməsi göstərir ki, tərəflər problemlərin həllini qarşıdurmada deyil, məhz danışıqlar masasında görürlər.

Ermənistandakı parlament seçkiləri ərəfəsində belə bir görüşün baş tutması siyasi baxımdan da mühüm məna daşıyır. Bu addım revanşist və radikal qüvvələrin mövqelərini zəiflədir, onların illərdir ki, səsləndirdikləri iddiaların əsassızlığını göstərir. Sülh və əməkdaşlıq xəttinin güclənməsi Ermənistan ictimai rəyində regional inteqrasiyanın, Azərbaycan və Türkiyə ilə əməkdaşlığın alternativsiz yol olması fikrini möhkəmləndirir.

Yüksək səviyyəli siyasi dialoq Ermənistan-Azərbaycan münasibətlərində normallaşmanın sistemli və davamlı xarakter aldığını göstərir. Bu proses bütövlükdə Cənubi Qafqaz üçün də yeni inkişaf imkanları yaradır. Formalaşan yeni regional mühit sübut edir ki, bölgənin gələcəyi qarşılıqlı fayda, əməkdaşlıq və davamlı sülh prinsiplərindən asılıdır.

MTM Analitik Qrupu

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?