Yuxarı Lars: Ermənistanın dar boğazı - ŞƏRH

Ermənistanla Rusiya arasında yeganə quru əlaqə olan Yuxarı Lars sərhəd-keçid məntəqəsinin mütəmadi olaraq bağlanması İrəvanın illərdir üzləşdiyi strateji zəifliyi bir daha açıq şəkildə ortaya qoyur. Bu yolun bağlanması təkcə texniki və ya mövsümi problem deyil, Ermənistanın regional kommunikasiya xətlərindən kənarda qalmasının, alternativ marşrutlara malik olmamasının və geosiyasi asılılığının simvoludur. Məhz bu kontekstdə rəsmi İrəvan TRIPP layihəsinin mümkün qədər tez reallaşdırılmasının vacibliyini faktiki olaraq etiraf edir. Çünki Rusiyadan taxılın Azərbaycan ərazisi vasitəsilə idxalı regionda yeni reallıqların formalaşdığını açıq şəkildə göstərir.
Yuxarı Lars keçid məntəqəsi Ermənistan üçün sadəcə sərhəd-keçid nöqtəsi deyil, ölkənin Rusiya ilə iqtisadi və logistika əlaqələrinin əsas dayağıdır. Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin bağlı olması, İran istiqamətinin isə məhdud buraxılış qabiliyyəti və siyasi risklər daşıması Lars yolunu faktiki olaraq alternativsiz hala gətirib. Lakin dağlıq relyef, sərt iqlim şəraiti və təhlükəsizlik riskləri səbəbindən bu yol hər il dəfələrlə bağlanır. Nəticədə Ermənistan ərzaq təminatında problemlərlə üzləşir, idxal-ixrac zənciri pozulur, qiymət artımları və bazarda qeyri-sabitlik yaranır. Bu vəziyyət bir daha göstərir ki, Ermənistanın regional nəqliyyat strategiyası real əsaslara söykənmir və faktiki olaraq iflasa uğrayıb.
Larsın bağlanması Ermənistanın Rusiya ilə münasibətlərində asılılıq faktorunu da daha qabarıq şəkildə üzə çıxarır. Ermənistan iqtisadiyyatının mühüm hissəsi Rusiya bazarına, rus kapitalına və rus logistika sisteminə bağlıdır. Paradoks ondadır ki, bu asılılıq sabit və təminatlı mexanizmlərlə möhkəmləndirilməyib. Rusiya üçün Ermənistan həyati əhəmiyyət daşıyan tərəfdaş olmadığı halda, Ermənistan üçün Rusiya kritik önəm kəsb edir. Lars yolunun bağlanması zamanı Moskva alternativ marşrutlar tapır, Ermənistan isə faktiki olaraq blokada vəziyyətinə düşür. Bu da İrəvanın manevr imkanlarını minimuma endirir.
Məhz bu reallıqlar fonunda rəsmi İrəvanın TRIPP layihəsinin tez bir zamanda reallaşdırılmasının vacibliyini vurğulaması diqqət çəkir. Əslində bu, yeni mövqe deyil, gecikmiş etirafdır. Çünki TRIPP layihəsi və onun tərkib hissəsi kimi nəzərdən keçirilən Zəngəzur istiqamətli kommunikasiya xətləri Ermənistanı yenidən regional tranzit şəbəkəsinə qaytara, ölkəni bir marşrut və bir tərəfdaş asılılığından xilas edə, ilboyu fasiləsiz və dayanıqlı nəqliyyat imkanları yarada bilər. Bu baxımdan Lars yolunun bağlanması fonunda TRIPP artıq Ermənistan üçün seçim deyil, zərurətə çevrilib.
Ermənistanın əsas strateji dilemması ondan ibarətdir ki, ölkənin logistika təhlükəsizliyi faktiki olaraq Azərbaycanla münasibətlərin normallaşmasından asılıdır. Çünki Azərbaycanın ərazisi Cənubi Qafqazın ən sabit, təhlükəsiz və inkişaf etmiş nəqliyyat infrastrukturlarına malik hissəsidir. Rusiyadan taxılın Azərbaycan ərazisi vasitəsilə daşınması məsələsinin gündəmə gəlməsi isə bu reallığın praktiki təsdiqidir. Sözügedən marşrut mövsümi risklərdən uzaqdır, müasir dəmir yolu və avtomobil infrastrukturu ilə təmin olunub, regional tranzit baxımından daha sürətli və daha ucuzdur. Bu fakt bir daha göstərir ki, Ermənistan istəsə də, istəməsə də, regionda iqtisadi dövriyyənin mərkəzində Azərbaycan dayanır.
Yuxarı Lars yolunun yenidən bağlanması sübut edir ki, Ermənistanın izolyasiya siyasəti davamlı deyil, revanşist ritorika real iqtisadi maraqlarla ziddiyyət təşkil edir və regional əməkdaşlıq alternativsizdir. TRIPP və oxşar layihələrin reallaşdırılması isə yalnız nəqliyyat məsələsi deyil, eyni zamanda siyasi sabitliyin möhkəmləndirilməsi, etimad mühitinin formalaşdırılması və uzunmüddətli sülh üçün mühüm mexanizmdir. Azərbaycan bu prosesdə təkcə tranzit ölkə deyil, həm də regional təhlükəsizliyin və iqtisadi inteqrasiyanın əsas təminatçısı kimi çıxış edir.
MTM Analitik Qrupu