Ermənistanın hərbiləşmə siyasəti haqlı suallar doğurur - TƏHLİL

Ermənistan rəhbərliyinin son illərdə ordunun modernləşdirilməsi adı altında yürütdüyü siyasət regionda sülh quruculuğu istiqamətində atılan addımlarla kəskin ziddiyyət təşkil edir. Rəsmi İrəvan beynəlxalq ictimaiyyət qarşısında sülhə sadiqlik mesajları versə də, paralel şəkildə silahlanma və militarizasiya siyasətini davam etdirir. Bu isə regionda iki ölkə arasında etimad mühitinə xələl gətirir, yeni riskləri və gərginlikləri aktuallaşdırır.
Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı daha da dərinləşdirmək istiqamətində atdığı addımlar xüsusilə narahatlıq doğurur. Ermənistanın müdafiə naziri Suren Papikyanla Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi general Anil Çauxan arasında İrəvanda keçirilən görüş və əldə edilən razılaşmalar tərəflərin hərbi əməkdaşlığı genişləndirmək niyyətində olduğunu açıq şəkildə ortaya qoyur. Görüş zamanı həm mövcud sahələrdə əməkdaşlığın inkişafı, həm də yeni istiqamətlər üzrə təşəbbüslərin müzakirə edilməsi rəsmi İrəvanın revanşist ritorikadan hələ də əl çəkmədiyini göstərir.
Son illərdə Ermənistanla Hindistan arasında ümumi dəyəri 1,5 milyard dollar olan silah-sursat və hərbi texnika alqı-satqısına dair müqavilələrinin imzalanması da bu kursun məqsədyönlü olduğunu göstərir. Bu razılaşmalar çərçivəsində Ermənistana yaylım atəş sistemləri, ağır artilleriya qurğuları, hava hücumundan müdafiə vasitələri və digər hücum xarakterli silahlar tədarük edilir. Bu fakt Ermənistanın açıq şəkildə hərbi potensialını artırmağa, “hərbi balansı təmi etməyə” yönəlmiş uğursuz siyasət yürütməsindən xəbər verir.
Rəsmi Dehlinin Cənubi Qafqazda birtərəfli şəkildə Ermənistanı silahlandırması, eyni zamanda, Azərbaycana qarşı qərəzli mövqe sərgiləməsi də sistemli xarakter alıb. Azərbaycanın Pakistanla strateji müttəfiqlik münasibətlərinin dərinləşməsi Hindistan tərəfindən əsassız narahatlıqla qarşılanır və Cənubi Qafqazda gərginlik yaratamağa yönələn addımlarla müşayiət olunur.
Ermənistan hökumətinin daxili siyasətində də silahlanma siyasəti müəyyən suallar doğurur. Hökumət bir tərəfdən hərbi büdcənin azaldıldığı elan edir, digər tərəfdən isə milyardlarla dollar dəyərində yeni silah müqavilələri imzalanır. Ciddi sosial-iqtisadi problemlərlə üzləşən, maliyyə imkanları məhdud olan bir ölkə üçün bu xərclər real təhlükəsizlik ehtiyacından çox, siyasi manipulyasiya vasitəsi təsiri bağışlayır.
Baş nazir Nikol Paşinyanın Ermənistan ordusunun yaradılmasının 34-cü ildönümü münasibətilə səsləndirdiyi fikirlər bu ziddiyyətləri açıq şəkildə üzə çıxarır. O, əvvəlki illərdə silahlanma sahəsində ciddi problemlərin mövcudluğunu etiraf edərək bildirib ki, bir çox beynəlxalq tərəfdaşlar əvvəllər Ermənistana silah satmaqdan imtina ediblər. Səbəb kimi isə silahların beynəlxalq səviyyədə tanınmış ərazilərdən kənarda (yəni Azərbaycan ərazisində) istifadə olunması və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində üçüncü tərəflərə (təşklilata üzv ölkələrə) ötürülməsi mümkünlüyü göstərilib. Eyni zamanda, Paşinyan KTMT-nin 2022-ci ilin sentyabrında “Ermənistanın təhlükəsizliyi ilə bağlı öhdəliklərini yerinə yetirmədiyini” bir daha vurğulayıb.
Bu açıqlamalar göstərir ki, Ermənistan müharibədən sonra silahlanma siyasətindən imtina etməyib, əksinə, beynəlxalq şəraitdən istifadə edərək bu kursu daha da genişləndirməyə çalışır. Yəni əvvəlki dövrdən fərqli olaraq, indi bir sıra dövlətlər Ermənistana silah satışından imtina etmirlər. Lakin bütün bu uğursuz cəhdlərə baxmayaraq, Ermənistanın Azərbaycanla silahlanma yarışına girməsi nə iqtisadi, nə də hərbi baxımdan mümkündür. Ölkəmiizn iqtisadi gücü, müasir müdafiə sənayesi və real döyüş təcrübəsinə malik ordusu fonunda Ermənistanın bu rəqabətdə nə zamansa balansı təmin etməsi mümkün deyil. Əslində, bunu Ermənistan rəsmiləri də açıq bəyan edir, ordunun yalnız Ermənistanın beynəlxalq hüquqla tanınmış dövlət sərhədlərinin müdafiəsinin təşkili məqsədilə modernləşdirildiyini vurğulayırlar.
Müşahidələr göstərir ki, Ermənistan rəhbərliyi silahlanma mövzusundan həm də daxili auditoriyanı manipulyasiya etmək məqsədilə istifadə edir. Məqsəd cəmiyyətdəki mövcud narazılıqları yatırmaq, müharibədəki məğlubiyyətin məsuliyyətini üzərindən atmaq, Ermənistan ordusunun guya indi “daha güclü olması” barədə saxta təsəvvür formalaşdırmaqdır. Bu isə qətiyyən reallığı əks etdirmir və daha çox seçkiqabağı təbliğata hesablanıb.
Hindistanın regiondakı pozuculuq siyasəti də rəsmi Bakının adekvat cavabını alır. Azərbaycan bu ölkənin regional və beynəlxalq müstəvidəki ziddiyyətli siyasətini həm də insan haqları prizmasından ifşa edir. Belə ki, Bakı Təşəbbüs Qrupu Hindistanın iki nüfuzlu insan haqları təşkilatının hazırladığı “Who Are the Guilty?” adlı hesabatı əsasında geniş təhlil aparıb. Həmin hesabatda Hindistanda zikh icmasına qarşı törədilmiş qanlı hadisələrə görə indiyədək yüksək rütbəli məmurların və siyasi fiqurların heç birinin cəzalandırılmadığı açıq şəkildə qeyd olunur.
Sənəddə vurğulanır ki, Hindistan hökumətinin həmin dövrdə törətdiyi qırğınlar beynəlxalq insan haqları təşkilatları tərəfindən “dövlət səviyyəsində təşkil olunmuş qırğın” kimi xarakterizə edilib. Bu hesabat Vətəndaş Azadlıqları Uğrunda Xalq Birliyi və Demokratik Hüquqlar Uğrunda Xalq Birliyi tərəfindən hadisələrin baş verdiyi ərazilərdə aparılmış araşdırmalar əsasında hazırlanıb və bu gün də Hindistanda cəzasızlıq siyasətinin simvolu kimi qəbul olunur.
Ermənistanın Hindistanla hərbi əməkdaşlığı və sürətlə davam etdirdiyi silahlanma siyasəti Cənubi Qafqazda sülhün möhkəmlənməsinə xidmət etmir. Sülh çağırışları ilə paralel şəkildə hücum xarakterli silahların alınması İrəvanın real niyyətləri ilə səsləndirdiyi bəyanatlar arasında ciddi ziddiyyət olduğunu göstərir.
MTM Analitik Qrupu