Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri və Azərbaycan-BƏƏ münasibətlərinin dərinləşən konturları - ŞƏRH

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri Azərbaycanın xarici siyasət gündəmində xüsusi çəkisi olan hadisə kimi dəyərləndirilməlidir. Bu səfər təkcə ikitərəfli diplomatik təmasların davamı deyil, eyni zamanda Bakının Yaxın Şərq və İslam dünyası ilə münasibətlərini yeni keyfiyyət mərhələsinə daşımaq niyyətinin növbəti praktik ifadəsidir. Dövlət başçısının məhz Əbu-Dabini regional və qlobal proseslər fonunda prioritet diplomatik ünvanlardan biri kimi seçməsi təsadüfi deyil və bu seçim uzunmüddətli strateji hesablamalara söykənir.
Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə səfərləri artıq epizodik xarakter daşımır, ardıcıl və sistemli diplomatik xəttin tərkib hissəsinə çevrilib. Son illərdə İlham Əliyev bir neçə dəfə Əbu-Dabidə yüksək səviyyəli görüşlər keçirib və bu səfərlərin hər biri konkret nəticələrlə yadda qalıb. Xüsusilə 2023-cü ildə baş tutan rəsmi səfər Azərbaycan-BƏƏ münasibətlərində yeni mərhələnin əsasını qoydu. Həmin səfər çərçivəsində enerji, bərpaolunan enerji, investisiya və iqtisadi əməkdaşlıq sahələrində mühüm razılaşmalar əldə olundu, Masdar şirkəti ilə imzalanan sənədlər Azərbaycanın yaşıl enerji strategiyasına real məzmun qazandırdı. Bu səfərdən sonra BƏƏ kapitalının Azərbaycana marağı daha sistemli xarakter aldı və tərəflər münasibətləri artıq strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirmək niyyətlərini açıq şəkildə ortaya qoydular. Fevralın 2-də baş tutan son görüş isə həmin xəttin davamı olmaqla yanaşı, əvvəlki razılaşmaların daha konkret mexanizmlərlə möhkəmləndirildiyini göstərdi.
Prezident İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü Azərbaycan-BƏƏ münasibətlərinin artıq klassik “dost ölkələr” çərçivəsindən çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bir daha təsdiqlədi. Bu yüksəliş təsadüfi xarakter daşımır. BƏƏ Yaxın Şərqdə siyasi sabitliyi, qlobal maliyyə resurslarını, enerji sektorunda güclü mövqeləri və post-neft dövrünə keçid strategiyasını özündə birləşdirən nadir dövlətlərdəndir. Azərbaycan isə Cənubi Qafqazda enerji təhlükəsizliyinin əsas təminatçısı, Avropa ilə Asiyanı birləşdirən tranzit və logistika mərkəzi, regional güc balansını formalaşdıran aparıcı aktordur. Bu iki modelin üst-üstə düşməsi münasibətlərin dərinləşməsini qaçılmaz edir.
Görüşdə siyasi, iqtisadi, enerji, bərpaolunan enerji, mədəni və humanitar sahələrdə əməkdaşlığın strateji tərəfdaşlıq əsasında inkişaf etdiyi xüsusi vurğulandı. Bu yanaşma Azərbaycanın xarici siyasət fəlsəfəsini aydın şəkildə əks etdirir. Bakı üçün ikitərəfli münasibətlər bir sahə ilə məhdudlaşmır, əksinə, paralel və qarşılıqlı şəkildə bir-birini tamamlayan istiqamətlər üzrə inkişaf etdirilir. Siyasi müstəvidə bu əməkdaşlıq Azərbaycanın İslam və ərəb dünyasında etibarlı tərəfdaş imicini gücləndirir. İqtisadi sahədə BƏƏ-nin maliyyə resursları və investisiya imkanları Azərbaycanın inkişaf prioritetləri ilə uzlaşdırılır. Mədəni və humanitar əməkdaşlıq isə uzunmüddətli münasibətlərin sosial təməlini formalaşdırır.
Görüşün ən strateji məqamlarından biri “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətində İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin ADNOC-un investisiya qolu olan XRG Şirkətinə satılması ilə bağlı sənədin imzalanması oldu. Bu addım bir neçə mühüm mesaj ehtiva edir. Azərbaycan “Cənub Qaz Dəhlizi”ni artıq yalnız Avropa bazarına yönəlmiş regional layihə kimi deyil, qlobal enerji təhlükəsizliyinin mühüm elementi kimi təqdim edir. BƏƏ kimi böyük enerji oyunçusunun layihəyə daxil olması həm maliyyə dayanıqlığını artırır, həm riskləri bölüşdürür, həm də layihənin beynəlxalq siyasi çəkisini gücləndirir. Eyni zamanda bu, Azərbaycanın enerji siyasətində çevik və balanslı idarəetmə modelinə sadiqliyini göstərir.
Bərpaolunan enerjinin görüşdə ayrıca vurğulanması Azərbaycanın gələcəyə hesablanmış strategiyasının tərkib hissəsidir. BƏƏ bu sahədə Yaxın Şərqin aparıcı ölkələrindən biri kimi böyük təcrübəyə malikdir. Azərbaycan isə Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etməklə enerji transformasiyasını dövlət siyasəti səviyyəsinə qaldırıb. Bu əməkdaşlıq göstərir ki, Bakı yalnız mövcud enerji resurslarından maksimum fayda götürməyi deyil, eyni zamanda post-neft dövrünün iqtisadi modelini də indidən qurmağı hədəfləyir.
Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələsinin müzakirə olunması isə münasibətlərin daha dərin, cəmiyyətlərarası mərhələyə keçdiyini göstərir. Şəhərlərarası qardaşlaşma siyasi dialoqun sosial və mədəni təməllərlə möhkəmləndirilməsi deməkdir. Bu, turizm, təhsil, mədəniyyət və humanitar sahələrdə əlaqələrin institusional xarakter almasına şərait yaradır və münasibətləri liderlər səviyyəsindən xalqlar səviyyəsinə daşıyır.
Hikmət Həsənov