Erkən seçkilər, güclü mandat və Çin faktoru: Yaponiya qarşısında çətin seçim - ŞƏRH

Yaponiyanın baş naziri Sanae Takaiçinin növbədənkənar seçkilər keçirmək qərarı ilk baxışdan daxili siyasi mövqelərini möhkəmləndirməyə yönəlmiş taktiki addım kimi görünür. Erkən seçkilər ona həm parlamentdə dəstəyini artırmaq, həm də siyasi legitimliyini gücləndirmək imkanı verə bilər. Lakin bu qərarın təkcə daxili siyasətə deyil, Yaponiyanın Çinlə münasibətlərinə və regiondakı geosiyasi balansına da təsir göstərəcəyi gözlənilir.
Bir sıra müşahidəçilər hesab edirlər ki, Takaiçinin Çinlə bağlı daha sərt kurs götürmək imkanları real olaraq məhduddur. Bunun əsas səbəbi Yaponiyanın üzləşdiyi ciddi iqtisadi problemlərdir. Artan inflyasiya, əhalinin sosial rifahına təzyiq göstərən qiymət artımları və böyüyən dövlət borcu hökumətin əsas gündəmini formalaşdırır. Bu şəraitdə xarici siyasətdə riskli addımlar atmaq cəmiyyətin dəstəyini zəiflədə bilər.
Müdafiə xərclərinin artırılması məsələsi də bu kontekstdə xüsusi həssaslıq daşıyır. Hərbi büdcənin böyüdülməsi ya vergi yükünün artırılmasını, ya da sosial proqramların ixtisarını tələb edir ki, hər iki variant seçici üçün ağrılı qərarlardır. Üstəlik, Yaponiyanın təhlükəsizlik sahəsində ABŞ-dən ciddi şəkildə asılı olması Tokionun strateji manevr imkanlarını daraldır. ABŞ-nin Çinlə bağlı öz qlobal planları var və bu planlar həmişə Yaponiyanın milli maraqları ilə tam üst-üstə düşmür. Donald Tramp ilə Takaiçi arasında aparılan danışıqlar da bu asılılığın və koordinasiya məcburiyyətinin açıq nümunəsi kimi qiymətləndirilir.
Digər tərəfdən, fərqli analitik yanaşma da mövcuddur. Bu baxışa görə, növbədənkənar seçkilərdə uğur qazanan Takaiçi siyasi çəkisini artıraraq daha cəsarətli qərarlar verə bilər. Güclü mandat ona struktur islahatları aparmaq, müdafiə sektorunu modernləşdirmək və təhlükəsizlik strategiyasını yenidən formalaşdırmaq imkanı yarada bilər. Xüsusilə regional təhlükəsizlik risklərinin artması bu cür addımları cəmiyyət üçün daha məqbul edə bilər.
Bundan əlavə, Yaponiyanın Özünümüdafiə Qüvvələrinə ictimai dəstəyin artması və anti-Çin əhval-ruhiyyəsinin güclənməsi hökumətin əlini müəyyən qədər rahatlaşdırır. Çinlə bağlı təhlükə ehtimalı artıq yalnız siyasi elitanın deyil, geniş ictimaiyyətin də gündəmindədir. Bu da Takaiçiyə daha sərt ritorika və addımlar üçün sosial baza yaradır.
Baş nazirin qatı millətçi kimi formalaşmış siyasi imici də bu prosesdə mühüm rol oynayır. Belə reputasiya ona Çinlə münasibətlərdə manevr edərkən “yumşaq mövqe” tutmaqda ittiham olunmaqdan yayınmağa imkan verir. Seçkilər uğurla nəticələnərsə, Takaiçi əldə etdiyi siyasi kapitaldan istifadə edərək müdafiə sahəsində uzunmüddətli islahatlara start verə bilər və bu addımları ictimaiyyətə təhlükəsizlik zərurəti kimi təqdim edə bilər.
Bununla belə, Takaiçinin mümkün qələbəsi “yapon şahinlərini” ruhlandırsа da, iqtisadi reallıqlar dəyişməz qalır. Yaponiyanın maliyyə imkanları, demoqrafik problemləri və sosial öhdəlikləri hökumətin hərbi ambisiyalarını avtomatik olaraq məhdudlaşdırır. Nəticə etibarilə, Tokio hakimiyyəti mürəkkəb balans qarşısında qalacaq: bir tərəfdən regional təhlükələr fonunda müdafiəni gücləndirmək zərurəti, digər tərəfdən isə iqtisadi və sosial riskləri nəzarətdə saxlamaq məcburiyyəti.
Hikmət Həsənov