Dünən

Azərbaycan İranla ətrafında gərginliyin dinc yolla aradan qaldırılmasında maraqlıdır - TƏHLİL

Azərbaycanın İran ətrafında cərəyan edən hadisələrə münasibəti uzun illərdir ki, ardıcıl və prinsipial xətt üzərində qurulub. Bu xəttin əsasını beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə hörmət, mübahisələrin siyasi-diplomatik vasitələrlə həlli təşkil edir.

Prezident İlham Əliyevin 2026-cı il yanvarın 31-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefon danışığı da bu yanaşmanın növbəti siyasi ifadəsi kimi qiymətləndirilə bilər. Mürəkkəb və qlobal regional proseslər fonunda baş tutan bu söhbət rəsmi Bakının mövqeyini bir daha aydın şəkildə ortaya qoydu. Telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslandığı bir daha qeyd edildi. Dövlət başçıları xalqlarımız arasında mövcud olan tarixi, etnik və dini bağların münasibətlərin möhkəm təməlini təşkil etdiyini vurğuladılar.

Prezident İlham Əliyev bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək, Azərbaycanın gərginliyin azaldılmasına töhfə verməyə hazır olduğunu bildirdi. Dövlət başçısının telefon zəngi fonunda rəsmi Bakının yaranmış vəziyyətlə bağlı mövqeyi bütün dünyaya elan edildi: regional və beynəlxalq problemlər yalnız dialoq, danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həll olunmalıdır. Bu yanaşma beynəlxalq hüququn əsas prinsipləri ilə tam uzlaşır və Azərbaycanın xarici siyasətinin fundamental xəttini təşkil edir.

Azərbaycan son 20 ildə dəfələrlə bəyan edib ki, İrana qarşı hər hansı hərbi müdaxilədə platsdarm rolunu oynamayacaq və bu mövqe real situasiyalar zamanı da təsdiqini tapdı. Xüsusilə 2025-ci ilin iyun ayında İranla İsrail arasında 10 gündən artıq davam edən hərbi qarşıdurma zamanı Azərbaycan bu prinsipial mövqeyə sadiq qaldı. Rəsmi Bakı tərəflərdən heç birinin yanında yer almadı, neytrallığını qoruyub saxladı və əsas diqqəti münaqişənin genişlənməsinin qarşısının alınmasına yönəltdi. Ölkə rəhbərliyi atəşkəsin əldə olunmasına, hərbi əməliyyatların dayandırılmasına və danışıqlar prosesinin başlanmasına açıq çağırışlar etdi.

Həmin gərgin günlərdə Azərbaycanın davranışı təkcə siyasi bəyanatlarla məhdudlaşmadı. Rəsmi Bakı faktiki olaraq regionda sabitləşdirici rol oynayaraq, müxtəlif ölkələrin vətəndaşlarının, habelə diplomatlarının Azərbaycan üzərindən təxliyyə imkanlarının yaradılması ilə humanitar məsuliyyətin və beynəlxalq öhdəliklərə sadiqliyin bariz nümunəsi oldu. Bu humanitar missiya Azərbaycanın etibarlı tərəfdaş, məsuliyyətli və proqnozlaşdırılan dövlət imicini daha da gücləndirdi.

Azərbaycanın qonşu dövlətlərin ərazisində destabillikdə maraqlı olmaması da bu siyasətin mühüm tərkib hissəsidir. Rəsmi Bakı onu da düzgün dəyərləndirir ki, regionda hər hansı qeyri-sabitlik dalğası ölkəmizin təhlükəsizliyi üçün də yeni çağırışlar, problemlər yarada bilər. Qonşu ölkələrin daxilindəki gərginlər, müharibələrdə tərəf olmaları regional nəqliyyat-kommunikasiya xətlərinə, ticarət əlaqələrinə, enerji təhlükəsizliyinə və ümumən sabitliyə ciddi zərbə vurur. Bu baxımdan, Azərbaycanın marağı regionda sülhün, sabitliyin və qarşılıqlı etimad mühitinin qorunmasıdır.

İran ətrafında baş verən hadisələr Azərbaycanın daha bir həssas məqamla bağlı narahatlığına səbəb olur. Söhbət İranda yaşayan milyonlarla azərbaycanlının təhlükəsizliyindən və taleyindən gedir. Bu amil tarixi, mədəni və mənəvi bağlar baxımından Azərbaycanın biganə qala biləcəyi məsələ deyil. Bölgədə gərginliyin artması, xüsusilə də hərbi eskalasiya riski İranda yaşayan azərbaycanlıların təhlükəsizliyi, sosial vəziyyəti baxımından ciddi narahatlıq doğurur. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi eyni zamanda humanitar dəyərlərin və insan amilinin qorunmasına yönəlib.

Bununla yanaşı, İranla Azərbaycan arasında uzun illər ərzində formalaşmış iqtisadi-ticari əlaqələri də nəzərə almaq lazımdır. İkitərəfli ticarət, əmtəə dövriyyəsi, logistika və nəqliyyat layihələri, eləcə də regional əməkdaşlıq mexanizmləri hər iki tərəf üçün əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Azərbaycan və İran prezidentlərinin son telefon danışığı zamanı Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisinin qrafikə uyğun davam etdirilməsi regionda birgə əməkdaşlığın praktiki nəticələrindən biri kimi dəyərləndirilib. Bu, bir daha göstərir ki, Bakı ilə Tehran arasında dialoq açıq qalır, münasibətlər müəyyən ziddiyyətlərə rəğmən, praqmatik maraqlar və qarşılıqlı hörmət əsasında inkişaf edir.

İran-ABŞ münasibətlərində gərginliyin müharibə fazasına keçməsi bu əlaqələrə birbaşa mənfi təsir göstərə bilər. ABŞ-nin bu ölkəyə zərbə endirməsi təkcə İran üçün deyil, onunla sıx iqtisadi və coğrafi bağlılığı olan ölkələr, o cümlədən Azərbaycan üçün arzuolunan deyil. Rəsmi Bakı bu reallığı nəzərə alaraq, gərginliyin azaldılmasında, qarşılıqlı güzəştlərin tətbiqində maraqlıdır.

Prezident İlham Əliyevin mövqeyi bir daha göstərir ki, Azərbaycanın İran ətrafında cərəyan edən hadisələrə yanaşması beynəlxalq hüquqa, regional sabitliyə və uzunmüddətli təhlükəsizlik maraqlarına əsaslanır. Bu yanaşma Azərbaycanın nə regional qarşıdurmaların tərəfinə çevrilməsinə, nə də hər hansı güc mərkəzinin aləti olmasına imkan verir. Əksinə, rəsmi Bakı dialoq, əməkdaşlıq və sabitlik təşəbbüsləri ilə regionda konstruktiv rol oynamaqda davam edir. Bu siyasət həm Azərbaycanın milli maraqlarının qorunmasına, həm də Cənubi Qafqaz və ətraf regionlarda təhlükəsiz, proqnozlaşdırılan mühitin formalaşmasına xidmət edir.

MTM Analitik Qrupu

SORĞU

Muzeylər

Muzeyləri ziyarət edirsiniz?