Azərbaycan Xəzər dənizinin ekoloji problemlərini beynəlxalq gündəmə çıxarır - TƏHLİL

Xəzər dənizinin səviyyəsində baş verən dalğalanmalar tarixən sahilyanı ölkələrdə iqtisadi mexanizmlərin yenidən qurulmasına səbəb olub və bu proses hər zaman milyardlarla dollar dəyərində xərclərlə müşayiət olunub. Məlumdur ki, 1930-cu illərdən başlayaraq Xəzər dənizinin səviyyəsi sürətlə enməyə başlayıb və bu tendensiya 1977-ci ilə qədər davam edib. Həmin dövrdə dənizin səviyyəsi üç metrdən çox aşağı düşüb ki, bu da dənizin intensiv şəkildə geri çəkilməsinə və sahil zonalarında suların dayazlaşmasına gətirib çıxarıb.
Nəticədə sahil qurğularının normal fəaliyyəti pozulub, bir çox obyektlərin mövcudluğu təhlükə altına düşüb. Geri çəkilən dənizin arxasında qalan bütün iqtisadi infrastruktur yenidən qurulmalı olub: limanlar, lövbər qurğuları, iri tonnajlı yük gəmiləri üçün sualtı kanallar və digər obyektlər. Sözügedən dövrdə sahilboyu yaşayış məntəqələri dənizə daha yaxın ərazilərə köçürülüb. Bununla yanaşı, sahil qurğuları Xəzər dənizinin gələcəkdə səviyyə dəyişiklikləri nəzərə alınmadan, suların geri çəkildiyi yeni quru sahələrində inşa edilib. Bu addımlar əsasən qısa müddətli iqtisadi fayda əldə etmək məqsədi daşıyırdı, çünki düzənlik sahil ərazilərində tikinti torpaq planlaşdırması, kommunal xətlər və digər infrastruktur baxımından daha az xərc tələb edirdi.
Lakin 1978-ci ildən etibarən Xəzər dənizinin səviyyəsi kəskin şəkildə qalxmağa başladı. Dəniz quruya doğru irəliləyərək çoxsaylı yaşayış məntəqələrinin və müxtəlif obyektlərin mövcudluğunu təhlükə altına aldı. Aparılan araşdırmalara görə, 1978–1995-ci illər arasında suyun səviyyəsi 2,4 metr yüksəlib. Bununla belə, 1995-ci ildən sonra Xəzər dənizində növbəti enmə mərhələsi başlayıb və bu proses bu günədək davam edir. Alimləri narahat edən əsas məqam ondan ibarətdir ki, mövcud tendensiya gələcəkdə səviyyənin daha da azalmasına gətirib çıxara bilər.
Son onilliklərdə Xəzər dənizinin səviyyəsinin azalmasının səbəblərini izah edən bir sıra nəzəriyyələr irəli sürülüb. Son beş ildə Volqa çayının illik axınının azalması əsas amillərdən biri kimi göstərilir. Bununla yanaşı, alimlərin böyük əksəriyyəti hazırkı dalğalanmaları qlobal hidrometeoroloji proseslərlə, xüsusilə iqlim dəyişikliyi ilə əlaqələndirir. Digər fərziyyələr də mövcuddur. Məsələn, bir müddət Xəzər dənizinin şərqində, Türkmənistan ərazisində yerləşən laqun mənşəli Qara-Boğaz-Göl körfəzinin dənizdən suyu “udaraq” geri qaytarmadığı iddia edilirdi. Bu səbəbdən 1980-ci illərdə dənizi körfəzdən ayırmaq üçün bənd tikildi. Nəticədə körfəz demək olar ki, qurudu, ərazi səhraya çevrildi və geniş miqyaslı duz fırtınaları başladı. Bu fırtınalar yüzlərlə kilometr məsafəyə yayılaraq kənd təsərrüfatına ciddi zərər vurdu və havanın keyfiyyətini kəskin şəkildə pisləşdirdi. 1992-ci ildə bənd söküldükdən sonra Qara-Boğaz-Göl yenidən dirçəldi, ekosistem bərpa olundu. Bununla paralel olaraq Xəzər dənizinin səviyyəsi bəndin mövcudluğundan asılı olmayaraq artmaqda davam etdi ki, bu da dəyişikliklərin əsasən hidrometeoroloji proseslərlə bağlı olduğunu təsdiqlədi.
Hidrometeoroloji proseslər mürəkkəb və çoxşaxəli amillər toplusudur. İqlim dəyişikliyi nəticəsində hava temperaturunun yüksəlməsi Xəzər dənizində buxarlanmanı artırır. Eyni zamanda yağıntıların azalması həm dənizin özündə, həm də ona axan çaylarda su ehtiyatlarının azalmasına səbəb olur. Digər mühüm amil küləklərin istiqamətidir. Əgər küləklər şərqdən, Orta Asiya səhralarından əsərsə, hava daha çox isinərək suyun temperaturunu yüksəldir və buxarlanmanı sürətləndirir. Şimal və şimal-qərb küləkləri isə əksinə, bu prosesi zəiflədir.
Xəzər dənizinə daxil olan suyun təxminən 80 faizi çayların payına düşür ki, bunun da 80 faizi Volqa çayının hesabına təmin olunur. Son 15 ildə Volqa çayından Xəzərə axan suyun həcmi əhəmiyyətli dərəcədə azalıb. Oxşar proseslər digər çaylarda da müşahidə edilir. Bu, təkcə iqlim dəyişikliyi ilə deyil, həm də insan fəaliyyəti ilə bağlıdır. Su anbarlarının sayının artması, suvarma məqsədilə su istehlakının genişlənməsi nəticəsində çay sularının böyük hissəsi Xəzərə çatmır. Nəticədə dənizin dayazlaşması sahil xəttinin sürətlə dəyişməsinə, xüsusilə Xəzərin şimal hissəsində geniş su sahələrinin itirilməsinə və yeni quru ərazilərin yaranmasına səbəb olub. Bu dəyişikliklər flora və faunaya ciddi təsir göstərir, ekosistemlər pozulur, su nəqliyyatı, dəniz logistikası və balıqçılıq sektoru ciddi təhdid altına düşür.
Xəzər dənizinin səviyyəsi və ekosistemi ilə bağlı problemlərin dərindən və hərtərəfli anlaşılması yalnız sahilyanı dövlətlərin birgə səyləri ilə mümkündür. Bu məsələyə beynəlxalq ictimaiyyətin diqqətinin cəlb edilməsi də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu istiqamətdə fəal mövqe nümayiş etdirir. BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycanın Daimi Nümayəndəliyi, “Caspisnet” elmi şəbəkəsi və Tehran Konvensiyası Katibliyinin birgə təşkilatçılığı ilə “Xəzər dənizinin qorunması üçün ətraf mühitin idarə olunmasının və beynəlxalq əməkdaşlığın gücləndirilməsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələrinin keçirilməsi bunun bariz nümunəsidir.
Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Xəzər dənizinin qlobal əhəmiyyətini, üzləşdiyi ekoloji təhlükələri və onun gələcək nəsillər üçün qorunmasında elmi əsaslı birgə fəaliyyətlərin vacibliyini vurğulayıb. O qeyd edib ki, dəniz səviyyəsinin azalması və biomüxtəlifliyin itirilməsi vaxtında və əlaqələndirilmiş tədbirlər görülmədikdə daha ağır nəticələrə gətirib çıxara bilər.
Panel müzakirələrdə məruzəçi kimi çıxış edən okeanoloq, xəzərşünas Elnur Səfərov bildirib ki, tədbirdə BMT qurumları, alimlər və müxtəlif təşkilatlar arasında məhsuldar fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, Leyla Əliyevanın bu prosesdə fəal iştirakı və təşəbbüslərin mərkəzləşdirilmiş şəkildə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. BMT-nin Ətraf Mühit Proqramının Qlobal Resurs İnformasiya Məlumat Bazasının direktoru Paskal Peduççi isə vurğulayıb ki, Xəzər dənizində suyun səviyyəsinin azalmasına səbəb olan amilləri anlamaq və mövcud məlumatları paylaşmaq düzgün qərarların qəbul edilməsi üçün həlledicidir. Onun sözlərinə görə, səviyyə səkkiz metrədək azaldığı təqdirdə Xəzər dənizinin üçdəbirini itirmək riski yaranacaq.
Bütün bunlar göstərir ki, Xəzər dənizi ilə bağlı problemlərin həlli təxirə salınmadan həyata keçirilməlidir. Azərbaycan bu istiqamətdə üzərinə düşən bütün addımları atmağa hazırdır və müvafiq təşəbbüslərlə çıxış edir. Digər sahilyanı ölkələrin və beynəlxalq ictimaiyyətin də fəal mövqe sərgiləməsi zəruridir. Əks halda, Xəzərdən qaynaqlanan problemlər təkcə regionu deyil, daha geniş coğrafiyanı əhatə edən ciddi fəsadlara yol aça bilər.
MTM Analitik Qrupu