Ermənistan hakimiyyətinin sülh gündəmi və Köçəryanın sərsəm açıqlamaları - ŞƏRH

2026-cı il 7 iyun tarixində Ermənistanda keçiriləcək parlament seçkiləri sadəcə daxili siyasi proses kimi qiymətləndirilməməlidir. Bu seçkilər Ermənistanın gələcək siyasətinin istiqamətini müəyyən etməklə yanaşı, həm də Cənubi Qafqaz regionunda formalaşan əməkdaşlıq, iqtisadi əlaqələr və sülh gündəminə ciddi şəkildə təsir edəcək. “Vətəndaş müqaviləsi” partiyasının son dövrlərdə atdığı addımlar və verdiyi mesajlar göstərir ki, Ermənistan artıq regiondakı reallıqları qəbul edib və sülhə doğru irəliləməyə çalışır. Bu siyasət, xüsusilə Zəngəzur dəhlizinin açılması və Azərbaycanla iqtisadi və nəqliyyat əlaqələrinin normallaşdırılması istiqamətində atılan addımlarla özünü göstərir. Sorğular da göstərir ki, bu yanaşma seçicilər arasında dəstək qazanır və “Vətəndaş müqaviləsi”nin reytinqinin artmasına səbəb olur.
Seçkilərə yaxınlaşdıqca keçmiş prezident Robert Köçəryanın və revanşist düşərgənin siyasi ritorikası kəskinləşir. Onun son mətbuat konfransında səsləndirdiyi açıqlamalar müxalifətin artıq yaxın perspektivdə hakimiyyətə gəlmə şansının aşağı olduğunu və əsas strategiyanın qorxu və geosiyasi risk şişirtməyə yönəldiyini göstərir. Köçəryanın əsas mesajları bir neçə istiqamətdə toplanır. Zəngəzur dəhlizi və Azərbaycanla münasibətlər mövzusunda o, dəhlizi “Ermənistanın təhlükəsizliyi üçün ən böyük risk” kimi təqdim edir, Azərbaycanla iqtisadi və nəqliyyat əlaqələrinin inkişafını “suverenliyə təhdid” kimi şərh edir. Bu, faktlardan çox siyasi manipulyasiyaya əsaslanır və keçmişin stereotiplərinə dönmək məqsədini daşıyır. Eyni zamanda, ABŞ və Qərbin bölgədə “gizli planlar” qurduğunu iddia edərək sülh təşəbbüslərini riskli və təhlükəli kimi qələmə verir. Bu açıqlamalarla o, həm hazırkı hakimiyyətin sülh gündəmini sarsıtmağa çalışır, həm də öz dövründə formalaşmış Rusiyaya bağlı təhlükəsizlik modelini alternativ kimi təqdim edir.
Köçəryan Rusiya ilə bağlı açıqlamalarında KTMT-nin və Rusiyanın Ermənistanın təhlükəsizliyinin yeganə qarantı olduğunu vurğulayır. Bu, Şimala ismarıc rolunu oynayır ki, hakimiyyətə qayıdarsa, Ermənistanı yenidən Rusiyanın orbitinə qaytaracaq. Onun açıqlamaları əsasən Azərbaycanla münasibətlərin inkişafını ləkələməyə yönəlib. O, Zəngəzur dəhlizini təhdid kimi göstərməklə, faktiki olaraq Ermənistan-Azərbaycan normalizasiyasının faydalarını gizlədir və əhalini qorxu ilə manipulyasiya edir. Digər açıqlamalarına görə, Azərbaycanla sərhədin delimitasiyası məsələsində Köçəryan “Azərbaycan Ermənistan qarşısında üstünlük əldə edir” narrativini ortaya qoyur, lakin bu, reallıqla uzlaşmır. Qarabağ məsələsi ilə bağlı onun ritorikası münaqişəni yenidən qızışdırmaq və keçmişdəki hərbi konfrontasiyanı romantizə etmək məqsədini daşıyır. Nəqliyyat və iqtisadi əməkdaşlıq mövzusunda isə “hər hansı güzəşt Ermənistan üçün təhlükədir” mesajını verir. Beləliklə, Köçəryanın açıqlamaları onun əsas strategiyasını aşkar şəkildə göstərir: sülh prosesini sabitləşdirmək əvəzinə qorxu və stereotiplərə əsaslanan manipulyasiya ilə revanşist qüvvələri mobilizə etmək, Azərbaycanla normal münasibətlərin inkişafına qarşı siyasi maneə yaratmaq.
Köçəryanın siyasəti bir neçə istiqamətdə region üçün risk yaradır. O, Azərbaycanla münasibətlərin inkişafını yavaşlatmaq və Zəngəzur dəhlizi layihəsini gözdən salmaqla yanaşı, Ermənistanın Qərb və beynəlxalq əməkdaşlıq imkanlarını məhdudlaşdırır və revanşist seçiciləri qorxu və keçmiş stereotiplərlə mobilizə edir. Əksinə, “Vətəndaş müqaviləsi”nin sülh və əməkdaşlıq siyasəti isə Cənubi Qafqazda stabilliyi, iqtisadi inteqrasiyanı və təhlükəsizliyi möhkəmləndirir.
Hikmət Həsənov