29 yanvar

Müşahidə missiyası “idarəçi”yə çevrilir? - TƏHLİL

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Avropa Şurası Parlament Assambleyasındakı çıxışı Avropa İttifaqının Ermənistandakı mülki missiyasının gələcək fəaliyyəti ilə bağlı mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər. Mirzoyanın missiyaya sərhədlərin idarə edilməsi ilə bağlı müəyyən funksiyaların verilə biləcəyini istisna etməməsi, missiyanın mövcud mandatının tədricən genişləndirilə biləcəyi ehtimalını gündəmə gətirir. Bu açıqlama Avropa İttifaqının Cənubi Qafqazdakı rolunun mərhələli şəkildə dəyişdiyini və Ermənistanın təhlükəsizlik siyasətində yeni institusional yanaşmalar axtardığını göstərir.

Avropa İttifaqının Ermənistandakı mülki missiyası 2023-cü il fevralın 20-də Avropa İttifaqı Şurasının qərarı ilə yaradılıb. Missiyanın rəsmi məqsədi Ermənistan-Azərbaycan sərhədi boyunca vəziyyətin müşahidə edilməsi, insident risklərinin azaldılması və regional etimad mühitinə töhfə verilməsi kimi müəyyən olunub. Missiya silahsız və mülki xarakter daşıyır, icraedici və ya təhlükəsizlik təminatı funksiyalarına malik deyil. Azərbaycan lap əvvəldən bu missiyanın fəaliyyətinə etimad göstərməyib, onun iki ölkə arasında sülh quruculuğu prosesinə tövhə verməkdən daha çox etimad mühitinin sarsılmasına xidmət etdiyini bildirib. Lakin 2025-ci il yanvarın 30-da Avropa İttifaqı Şurası missiyanın mandatını 2027-ci ilin fevralın 19-na qədər uzatdı. Bu, onu göstərirdi ki, Brüssel regionda uzunmüddətli iştirak niyyətini gizlətmir. Mirzoyanın son açıqlaması isə bu iştirakın yalnız müşahidə ilə məhdudlaşmayacığını təsdiqləyir.

Ermənistan xarici işlər nazirinin “indi aramızda sülh var” ifadəsi diqqətçəkicidir. Çünki Ermənistanla Azərbaycan arasında hələ rəsmi sülh müqaviləsi imzalanmayıb, sərhədlərin delimitasiya və demarkasiyası prosesi başa çatmayıb. Buna baxmayaraq, Ermənistanın bu tezisi önə çəkməsi Avropa İttifaqı missiyasının yeni mərhələyə keçidi üçün siyasi əsas formalaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər. Bu yanaşma Avropa İttifaqı missiyasının “post-münaqişə dövründə institusional dəstək mexanizmi” kimi təqdim edilməsinə xidmət edir.

Sərhədlərin idarə edilməsi anlayışı təkcə texniki yardım və müşahidə ilə məhdudlaşmır. Bu proses sərhəd prosedurlarının koordinasiyası, risklərin qiymətləndirilməsi, institusional məsləhətçilik, yerli strukturlarla birbaşa əməkdaşlıq kimi elementləri də əhatə edə bilər. Bu cür funksiyaların Avropa İttifaqı missiyasına verilməsi onun hüquqi və siyasi statusunu əhəmiyyətli dərəcədə dəyişə bilər. Belə bir addım faktiki olaraq missiyanı müşahidəçi modelindən məhdud idarəetmə tərəfdaşı səviyyəsinə qaldırmış olar.

Onu da qeyd edək ki, Avropa İttifaqı missiyasının mümkün transformasiyası bir neçə istiqamətdə öz təsirini göstərə bilər. Birincisi, Ermənistanın təhlükəsizlik arxitekturasında Qərb institutlarının rolu güclənər və bu, ölkənin ənənəvi təhlükəsizlik tərəfdaşları ilə münasibətlərinə təsir göstərə bilər. İkincisi, Ermənistan-Azərbaycan sülh prosesində üçüncü tərəfin institusional çəkisi artır və bu, ikitərəfli danışıqların dinamikasına təsirsiz ötüşməyə bilər. Üçüncüsü də Avropa İttifaqının Cənubi Qafqazda daha aktiv rola keçməsi regionu geosiyasi rəqabət müstəvisinə daha çox cəlb edə bilər.

Azərbaycan tərəfi indiyə qədər sülh prosesinin ikitərəfli formatda aparılmasının tərəfdarı olduğunu bəyan edib. Bu kontekstdə Avropa İttifaqı missiyasının mandatının genişləndirilməsi Bakı üçün prosesə kənar təsir imkanlarının artması, obyektivlik və balans məsələlərinin aktuallaşması, hüquqi və siyasi qeyri-müəyyənlik riskləri kimi suallar yarada bilər. Xüsusilə nəzərə alınmalıdır ki, missiya yalnız Ermənistan ərazisində fəaliyyət göstərir və Azərbaycanla razılaşdırılmış mexanizm mövcud deyil.

MTM Analitik Qrupu 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?